EN

Trampın Putinlə bağlı bəyanatının PƏRDƏARXASI: Nələr baş verir?

“ABŞ Prezidenti Donald Trampın “Putin hamını axşam bombalayır” ifadəsi həm ritorik cəhətdən sərt, həm də strateji baxımdan çoxqatlı mesaj daşıyır. Trampın bu cür formalaşdırdığı fikir, bir tərəfdən Rusiya liderinin ikili davranış modelinə, yəni gündüz saatlarında diplomatik danışıq və görüntü, axşam saatlarında isə hərbi aqressiyaya diqqət çəkmək məqsədi daşıyır. Bu, Trampın ritorikasında tez-tez müşahidə olunan sarkazm və ironiyanın bir nümunəsi olmaqla yanaşı, əslində Rusiya siyasətinə dair ciddi xəbərdarlıq kimi də yozula bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva səsləndirib:

ABŞ

“Bu ifadə ABŞ-ın gələcək Rusiya siyasətinə dolayısı ilə işarədir. Tramp diplomatik kanalları açıq saxladığını göstərsə də, eyni zamanda, Putinə qarşı sərt cavab tədbirlərinin zəruriliyini qabardır. Yəni bu ritorika ABŞ-ın Rusiya ilə münasibətlərində güzəşt axtarışında olmadığını, əksinə, yeni mərhələdə daha sərt və praqmatik yanaşma ortaya qoyacağını göstərir. Tramp bu bəyanatla həm Avropa müttəfiqlərinə mesaj verir – yəni təhlükəsizlik xərcini siz ödəyin, biz texnologiyanı verək, həm də Moskvaya xəbərdarlıq edir ki, Ukraynaya dəstək təkcə davam etməyəcək, həm də keyfiyyətcə dəyişəcək.

“Patriot” zenit-raket sistemlərinin Ukraynaya verilməsi isə müharibədə bir neçə strateji nəticə doğura bilər. Bu sistemlər Rusiya tərəfindən atılan ballistik və qanadlı raketlərə qarşı yüksək səviyyədə müdafiə imkanı yaradır. Xüsusilə də enerji infrastrukturu, böyük şəhərlər və kritik obyektlərin qorunmasında ciddi rol oynaya bilər. Ukrayna uzun müddətdir ki, hava hücumlarından əziyyət çəkir və sistemli şəkildə enerji resurslarını itirir. “Patriot” sistemləri bu zərbələrin qarşısını qismən də olsa almağa başlayarsa, bu, Ukraynanın həm psixoloji dayanıqlığını artıracaq, həm də cəbhədəki ümumi strateji manevr imkanlarını genişləndirəcək.

Digər tərəfdən, bu addım Rusiya üçün də ciddi mesaj olacaq. Çünki “Patriot” kimi sistemlərin Ukrayna arsenalına daxil edilməsi Moskvanın hava üstünlüyü iddiasını zəiflədə bilər və bu, münaqişənin yeni mərhələyə keçidini simvolizə edəcək. Beləliklə, Trampın bəyanatı bir ritorika olmaqdan daha çox, gələcəkdə ABŞ-ın Ukraynaya artan texnoloji dəstəyinin və Rusiya ilə qarşıdurmanın intensivləşəcəyinin göstəricisidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
19
konkret.az

1Sources