EN

Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...


Bəhruz Quliyev: “Ən dəhşətlisi odur ki, Fransada baş verən bu cür hadisələr bizə Rusiya nümunəsini çox ciddi şəkildə xatırladır”

Fransa və Rusiyanın bir-birinə oxşar cəhətləri gün geçdikcə daha çox üzə çıxır. Hər iki ölkəni birləşdirən siyasət fərqli düşünənlərin, hökumətə qarşı müxaliflik təşkil edən qüvvələrin, həqiqəti yazan jurnalistlərin, media qurumlarının “zərərsizləşdirilməsidir” ki, hər kəs bir cür susdurulur.

Biri təqib olunur, başqa birisi “intihar etdi” adı altında sıradan çıxarılır, bir başqası “özünü pəncərədən atıb” həyatına son qoyur...

Məlumdur ki, Emmanuel Makron prezident olandan bəri Fransada ardı-arası kəsilməyən dəhşətli hadisələr baş verir. Bu ölkədə xalq etirazlarının qan içində boğulması, müxalif qüvvələrə, jurnalistlərə qarşı açıq hücumlar müşahidə edilir.

Makronun biabırçılıqları, antidemokratiya addımları nəinki səngimir, hətta günü-gündən daha dəhşətli şəkil alır. Son dövrlər Fransada şübhəli ölümlərin sayı kəskin şəkildə artıb. Makrona qarşı çıxan şəxslər, müxalifətçilər müəmmalı şəkildə həyatlarını itirirlər. Makron ailəsi barədə kimsə gerçəyi dilə gətirsə, onu Makronun “repressiya maşını” dərhal öz ağzına alıb məhv edir.

Yeri gəlmişkən, Fransanın birinci xanımı Bricit Makronun cinsiyyətinin dəyişdirildiyi iddiasını irəli sürən məşhur cərrah Fransua Favrın “intiharı” da bu ölkədə baş verən sirli qətllərdən biri kimi xarakterizə edilir.

Məlumatlar yayııldı ki, iyunun 29-da 58 yaşlı həkim Parisdəki binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb. Məhkəmə-tibbi ekspertiza həkimin intihar etdiyi versiyasını irəli sürüb. Lakin ailəsi bu versiyanı qəbul etmir. Favrın bacısı jurnalistlərə açıqlamasında qardaşınnı intihara meylli olmadığını deyib. O hesab edir ki, qardaşının ölümü sui-qəsddir və bu, onun Bricit Makronun cinsiyyətini dəyişdirdiyinə dair faktları təqdim edəcəyi müsahibəyə hazırlığından qaynaqlanır. Bu qətlin Makronun göstərişi ilə həyata keçirildiyi deyilir. Eyni zamanda Fransada parlamentinin deputatı, sağçı Respublikaçılar partiyasının üzvü Olivye Marleksin evində cəsədinin tapılması da belə fikirləri gücləndirib. Marleks Makronun əsas tənqidçilərindən idi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 54 yaşlı deputat evində asılmış vəziyyətdə tapılıb.

Mətbuatdan da bilindiyi kimi, Makronun sərt tənqidçisi olan deputatın müəmmalı ölümündə siyasi sui-qəsd versiyası əsas müzakirə mövzularından biridir. Makrona qarşı olan müxalifətçinin özünü pəncərədən atması məsələsi də geniş müzakirə edilir və burda Makronun əlinin olduğu qeyd edilir.

Fransada baş verənlərin oxşarını biz Rusiyada da müşahidə edirik. Rusiyada müxalif mövqeyə malik olanların eyni aqibətlə üzləşdiyi və ölümlərinin əsl səbəblərinin gizlədildiyi sirr deyil.

Son dövrlər Rusiyada da siyasilərin və jurnalistlərin “intiharı” və müəmmalı qətlləri barədə hadisələrin yaşandığı məlumdur. Müxalifətə qarşı Fransada və Rusiyada münasibət eynidir.

“Bütün bunlar Fransa ilə Rusiya arasındakı fərqlərin getdikcə yoxa çıxdığını göstərir”

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, hər iki ölkənin timsalında baş verən dəhşətlər, “intihar” kimi qələmə verilən müəmmalı ölümlər bütün dünyada narahatlıq yaradır. “Son günlərdə Fransada baş verənlər, xüsusilə də Emmanuel Makronun siyasətinə qarşı çıxan şəxsin müəmmalı şəkildə özünü pəncərədən atması ilə bağlı yayılan xəbərlər, həm də Avropanın özünü demokratiya nümunəsi kimi təqdim edən bir ölkəsində - dərin suallar doğurur. Bu, təkcə bir şəxsin faciəsi deyil - bu, bütövlükdə Qərb demokratiyasının daxili ziddiyyətlərinin bir parçasıdır.

Ən dəhşətlisi odur ki, Fransada baş verən bu cür hadisələr bizə Rusiya nümunəsini çox ciddi şəkildə xatırladır. Orada da kim siyasi sistemə qarşı çıxırsa, bir anda ya “qanuni araşdırma” adı ilə zərərsizləşdirilir, ya da, necə deyərlər, müəmmalı şəkildə ya zəhərlənir, ya yox olur, ya da pəncərədən yıxılır. Və “əsas səbəblər” illərlə xalqdan gizlədilir. Fransa ilə Rusiya arasındakı oxşarlıq, xüsusilə müxalifətə qarşı sərgilənən basqı mexanizmlərində özünü göstərir”-deyə B.Quliyev bildirdi.

Siyasi şərhçinin sözlərinə görə, istər media azadlığı sahəsində, istərsə də demokratik institutlara edilən təzyiqlərdə bu iki ölkənin yanaşmaları bir-birinə qəribə dərəcədə bənzəyir: “Rusiyada siyasətçilər və jurnalistlər öldürülür - Fransa isə bunu “qəza”, “psixoloji durum” və ya “intihar” kimi pərdələyir. Lakin nəticə eynidir - fərqli düşünən susdurulur.

Makron hökumətinin son dövrlərdə sərgilədiyi avtoritar yanaşma, həm daxildə sosial gərginliyi artırır, həm də Fransa cəmiyyətində ciddi ideoloji bölünmələrə yol açır. "Demokratiya" adı altında tətbiq edilən senzura, müxalif səsə dözümsüzlük, "elitanın toxunulmazlığı" və hüquq-mühafizə sisteminin siyasi məqsədlərlə yönləndirilməsi – bütün bunlar Fransa ilə Rusiya arasındakı fərqlərin getdikcə yoxa çıxdığını göstərir.

Bu hadisə, eyni zamanda, Qərbin illərdir başqalarına verdiyi "demokratiya dərslərinin" nə qədər ikili standartlar üzərində qurulduğunu da sübut edir. Başqalarını “anti-demokratik” adlandıran Fransa, indi özü söz azadlığını boğan, siyasi opponentlərini susdurmağa çalışan bir rejimə çevrilməkdədir.

Sonda sual yaranır: bu artıq yeni Qərb modelidir, yoxsa Fransa cildində sadəcə köhnə rus modeli?”.

İradə SARIYEVA

Chosen
78
50
baki-xeber.com

10Sources