Yurdları dağıdılmış, doğmaları gözləri qarşısında şəhid edilmiş, elindən, evindən didərgin düşmüş azərbaycanlıların fəryadının ərşə qalxdığı bir zamanda - 1905-1907-ci illərdə Azərbaycanın Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Abdulla Sur, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli və digər vətənpərvər ziyalıları doğma xalqının haqqının müdafiəçisinə çevrildilər. Sayca çox az olsa da, mətbu orqanlar onlara fikirlərini ifadə etmək və lazımi ünvanlara çatdırmaq üçün meydan verirdi.
Böyük millətpərvər, ictimai-siyasi xadim, mütəfəkkir, publisist, pedaqoq, yazıçı Əhməd bəy Ağaoğlu (o vaxt soyadı Ağayev idi) belə bir vaxtda - 1905-ci ilin sonlarında çox çətinliklə yeni bir mətbu orqanın nəşrinə icazə ala bildi. Və 1905-ci il dekabrın 17-də "İrşad" qəzetinin ilk sayı işıq üzü gördü.
Ermənilərin azərbaycanlılara qarşı davam etdirdikləri qırğınlar, qarətlər barədə xəbərlər, bu cinayətkarlığa son qoyulması həmin qəzetin əsas mövzularından oldu. "İrşad" qəzetində dərc olunan müxtəlif janrlı yazılar o dövrdə Azərbaycanda vəziyyətin çox ağır olduğu barədə təsəvvür yaradır. Bəlli olan məsələlərdən biri də budur ki, XX əsrin ilk onilliyində də ermənilər tarixin ziddiyyətli, qarışıq məqamlarından öz xeyirləri üçün istifadə etmək, azərbaycanlıları məhv etmək, yurd-yuvasından qovmaq hesabına özlərinə Azərbaycan ərazilərində yer etmək niyyətində idilər.
Zaqafqaziyanı müstəmləkəsinə çevirmiş çar Rusiyasında o illərdə siyasi vəziyyət olduqca gərgin idi. Hələ 1904-cü ildə Yaponiya ilə müharibədə, Port-Arturda aldığı ağır zərbənin ardınca Qanlı Bazar günü adı ilə tarixə düşən faciə - 1905-ci ilin 9 yanvarında dinc nümayişçilərin hökumət qüvvələri tərəfindən atəşə tutulması, bundan sonra siyasi hadisələrin daha da kəskinləşməsi, inqilabi hərəkatın genişlənməsi çarizmi məhvə doğru sürükləyirdi. Belə çətin vaxtlarda hakimiyyət imperiyanı qoruyub saxlamaq üçün bütün vasitələrə əl atırdı.
Ermənilərin "Daşnaksütyun" partiyasının yaranmış vəziyyəti fürsət bilərək öz məkrli planlarını həyata keçirmək üçün heç nədən çəkinmədən azərbaycanlıların yaşayış məntəqələrində qətllər, qarətlər törətdikləri "İrşad"ın və onun müasirləri olan digər mətbu orqanların dərc etdikləri gündəlik xəbərlərdə, publisistik məqalələrdə, şərhlərdə, ədəbi-bədii nümunələrdə öz əksini tapırdı.
O dövrdə də çar Rusiyasının müstəmləkəsi altında yaşayan millətlər arasında dini, dili, milli düşüncələri fərqli olanların vəziyyəti daha acınacaqlı idi. Belə ki, tarixi faktlar çarizmin Azərbaycana, azərbaycanlılara qarşı münasibətinin daha sərt, qərəzli və amansız olduğunu təsdiq edir. Azərbaycanın tanınmış publisistlərindən biri, "İrşad" qəzetinin fəaliyyətində böyük xidmətlər göstərmiş Üzeyir bəy Hacıbəyli "Sevindilərmi" başlıqlı məqaləsində haqlı olaraq yazırdı: "O yerdə ki hökumət əhli bir millətə sarı üzgördülük elədi, digər millətin halı vəximdir. Büğz və ədavət hakimin gözünə qara pərdə çəkib qoymaz ki, haqq-nahaqdan seçilsin. Büğz və ədavət hakimin vicdan və insafını alıb qoymaz ki, nahaq yerə icra olunan cövr və zülm onun qara qəlbinə əsər etsin.
Qoy şəhər yansın, qoy cəmaət qırılsın, qoy arvad-uşaq qoşun əl-ayağı altında itib batsın. Qoy düşmənin xəyanətkaranə hücumu axırıncı dəfə hər bir həst-nisti nabud və münhədim etsin-təki ...xain erməni-müsəlman komisyonçuları öz qərardadlarının arzu etdikləri nəticəsini görüb əl çalsınlar, təki Aşotlar muradlarına çatıb şadlığından qol tutub oynasınlar. Təki Qoloşçapovların zülm və istibdadı dillərdə söylənib, büğz və insanı gözü görmək istəmiyən adamları sevindirsin..."
Ermənilərlə çar hökumətinin "işbirliyi"ni Üzeyir bəy "Ordan-burdan" sərlövhəli felyetonlarından birində belə diqqətə çatdırırdı: "Vaxtı ki, Zəngəzur uyezdin beşinci uçastokunun pristavı məşhur provakator Saxarov erməni tərəfgiri olub, Xankəndi pristavı kibi müsəlmanları tutub erməni əclafının əlilə qırdırırdı, erməni cəmaəti bu provakatorun amalişeytanətkarənəsi xüsusunda bir söz də demiyordular və hətta dalına vurub və ciblərini doldurub deyirdilər: Bax budur ha! Pristav belə olmalıdır!"
"İrşad" qəzetinin daimi yazarlarında biri, görkəmli publisist Məhəmməd Əmin Rəsulzadə 1906-cı ilin yanvarında davam etməkdə olan erməni-türk münaqişəsindən yazırdı. "Kənddə müsibət" adlı həmin məqaləsində o, çarizmin 1905-ci ildə imzaladığı Oktyabr manifestinin ümidləri doğrultmadığını qeyd edirdi: "Oktyabrın 17-sindən sonra bu qırğınların təkrarına hərgiz inanmıyordunuz. Lakin Gəncə və Tiflis hadiseyi-ələməngizləri bizim fikrimizə müğayir olaraq müsibətlər üstünə təzədən ğəm və ələm artırdılar. Xarabaların, füqəraların ədədi dəxi artdı".
1906-cı ilin fevralında Tiflisdə erməni-müsəlman sülh məclisinin toplanmasına qərar verildi. "Erməni-müsəlman məclisi" məqaləsində Əhməd bəy Ağaoglu bildirirdi ki, Tiflis idareyi-ruhaniyyəsindən Bakı quberniyasının ruhani məclisinin rəisi Mir Məhəmməd Kərim ağaya gələn məktubda ayın 15-də Tiflisdə, canişin hüzurunda keçiriləcək erməni-müsəlman məclisində iştirak etmək üçün Bakı camaatı tərəfindən vəkillər seçilib, vaxtında Tiflisə gəlmələri təklif olunur. Müəllif bu məsələnin millətimiz üçün nə qədər vacib olduğunu diqqətə çatdırırdı: "Məsələ böyük və mühüm məsələdir; millətimizin gələcəgi bu məclisin nə cür olub nə tövr iş görməsinə bağlıdır. Təmam bir ildir ki, düçar olduğumuz erməni-müsəlman bəlası başımıza olmayan işləri gətirdi. Can və mal zərərləri həddən keçdi. Millətimizin, cəmaətimizin cəmi vəqt, etina, səy və küşuşi bu işlərə məşğul olunub cəmi qeyr vacibatdan sərf nəzər olunub. Lakin məhəza bu halət, bu övzain nə vəqt qurtarması, nə cür xitamə yetişməsi məlum degil. Heç kəs səbahkı gündən əmin degil. Heç kəs bilmiyor ki, sabah, bu axşam ya bu zöhr nə olacaq, nərədə atəş, vuruş qalxıb, canlar fəda olub mallar, evlər viran olacaq".
Əhməd bəy Ağaoğlu məclisin sədrinin imperatorun canişini, Qafqazın hökmranı qraf Varantsov olacağını, iki millət arasında böyük bir mühakimə qurulacağını, bütün Rusiyanın və digər Avropa ölkələrinin mətbuat nümayəndələrinin saatbasaat, dəqiqəbədəqiqə teleqraflarla orada olan danışıqları, müzakirələri, mübahisələri yazacaqlarını qeyd edərək onu da bildirirdi ki, böylə məclisə boş-boşuna, kor-koranə getmək olmaz. Çünki: "...tərəfmüqabilin əvvəlimci qəsdi bizi panislamizm deyilən niyyət ilə müqəssir edib erməni-müsəlman hadisatın bu niyyətdən nişət etməsini sübuta səy edəcəg.
Panislamizm, yəni guya cümlə dünyada olan müsəlmanların ittihad ümumi yapıb bir səltənət müstəqilə tərtib etmək fikrinə diyorlar. Erməni qəzetələri və onlar ilə müttəfiqlər olan rus qəzetələri neçə aydır ki, bu məsələni araya salıb dövləti, rus millətini bizdən qorxuzmaqdadırlar. Bu qəzetələrin deməginə görə guya müsəlmanlar bu niyyətlərini əncama gətirməkdən ötrü ən əvvəl erməni tayifəsini ki, müsəlman tayifələri arasında sakindir fövt etməgə şüru ediblər və onun üçün Osmanlıdan və qeyr müsəlman vilayətlərindən onlara işarə olunub kömək və yardım da olmaqdadır. Müsəlmanlar erməniləri fövt edəndən sonra guya gürcülərə hücum edəcəklər və gürcülərdən sonra ruslara və bu təriq ilə dünyadan cümlə xristiyan millətlərini götürməgə çalışacaqlar. ...İkinci qəsdləri bu olacaq ki, erməni-müsəlman hadisatın cümlə təqsirini, cümlə günahını bizim pişrovlarımızın və işbilənlərimizin üstünə atsınlar və çalışsınlar ki, bir cür etsinlər ki, bu pişrovları dövlət nəzərində müttəhim edib bədbəxt etsinlər".
Əhməd bəy Ağaoğlu məclisə elə nümayəndə göndərməyi məsləhət bilirdi ki: "...cəmaətin ittilaatilə bu məqsəd və məramlara görə iş görsünlər və öylə hərəkət etsinlər ki, millətimizə ləkə gəlməyib bigünah və məzlum olduqda axırda cümlə ləkələri, cümlə günahları bizim üstümüzə tökməsinlər, çünki tərəfmüqabil dərəceyi-əlada əql, huş, fərasət və tədbir sahibləri olmaqla bərabər həmiyyət və ittifaqları da var. Böylə bir hərif ilə işi düşən gərək çox ehtiyatlı, çox diqqətli, çox bəsirətli olsun".
Tiflisdə keçirilən sülh məclisinə seçilən türk-müsəlman təmsilçilərindən biri də Əhməd bəy Ağaoğlu özü oldu. Onun nümayəndə kimi fəaliyyəti, məclisdəki çıxışları təqdirəlayiq idi.
O illərdə Əhməd bəy Ağaoğlu başda olmaqla irşadçıların əksəriyyəti millət yolunda əsl fədakarlıq nümunəsi göstərirdilər. Onlar çox çətin şəraitdə böyük işlər görürdülər. Lakin təəssüf ki, o dövrdə onsuz da sayca az olan oxuyanlarımızın əqidəsi, məsləki eyni deyildi. Ona görə də Üzeyir bəy Hacıbəyli "Halımıza dair" sərlövhəli məqaləsində yazırdı: "Hərçəndi qəzetə oxuyanlarımız çox azdır və bu azın da çox hissəsi qədimi adətimizə görə müsəlman əleyhində olan hər bir zülm, sitəm, nainsaflıq və ədalətsizligə etina etməyib və cüzi də məhəl qoymuyub ötüb keçir, amma genə də biz bu oxucularımızın diqqətini bu nömrəmizdə "Tiflisski listok"dan tərcümə edilmiş "Erməni-müsəlman müşavirəsi"nə cəlb edib rica ediyoruz ki, insaf və ədalət əhəmiyyəti nəzərindən bir saətə qədər ətalət və bətaləti üstlərindən atıb əqlə güc versinlər və bir fikir etsinlər ki, görək, aya, Canişini Qafqaz hüzurunda təşkil olunmuş bu erməni-müsəlman komisyonunun bütün üzvləri bilümum və müsəlman üzvləri bilxüsus Qafqazın cəsim bir hissəsini iskan etmiş, lakin hamıdan məzlum bir halda düşmüş müsəlman cəmaətinə cüzi də olmuş olsa, bir nəf gətirir, ya yox?! Əcəba, bu komisyon nədən ötrü təşkil olunubdur? Və o müsəlmanlar ki, orada üzv adı ilə oturubdurlar, nədən ötrü ora təyin olunubdurlar? Bir fikir ediniz, bu komisyonun ümumqafqaza və ya Qafqaziyaya zərrə qədər bir nəfi oldumu?? Oldusa, bəs o komisyonun təşkil olunan gündən etibarən indiyə kibi Zaqafqaziyada hər gün, hər saət vaqe olmaqda davam edən bu cinayətlər nədir, bu qanlı vuruşmalar nədir? Allahdan qorxmaz bir provakator, bir müfəttin istəsə komisyonun olmağına bir belə də etina etmiyib tazə qırğınlar əmələ gətirməzmi, necə ki, mayın 27-də İrəvanda gətirdi? Məgər bu komisyonun bir qüvvəsi, bir iqtidarı varmı ki, qırğın olacağına mane olsun?? Bu bir!
İkinciyə qalan yerdə böylə görünür ki, guya biz müsəlmanlar canişin hüzurunda olan bu komisyonun vücudun belə yadımızdan çıxarmışıq və heç bir kəs "mühərrir" olsun və ya qeyrisi olsun öz şəxsi işlərinə öylə uyubdur ki, başını qalxızıb belə bu fikir etmiyor ki, aya, bir komisyonda bizim tərəfimizdən müsəlman adı ilə oturub da üzvülik mənsəbi ilə fəxr edən müsəlman "vəkil"lərinin müsəlman millətinə nə nəfi var?"
Ümidlər bəslənilən erməni-müsəlman məclisi gözlənilən nəticəni vermədi. Erməni cəlladları bundan sonra da azərbaycanlıları qarət etməkdə, qətlə yetirməkdə davam etdilər. 1906-cı ilin mayında "İrşad"da yer verilmiş "Yenə də müsibət" adlı məqaləsində Məhəmməd Əmin Rəsulzadə yeni faciələr baş verdiyi barədə gələn xəbərlərdən kədərlənərək yazırdı: "Vətəni-məlufumuzu qara günlərə qoyan, ataları oğulsuz, balaları anasız, qardaşları bacısız, bacıları qardaşsız, arvadları dul, biçarə ailələri pərəsdarsız, abadanlıqları xarab qoyan, gözəl, münbit çöllərimizi xərabazara döndərən müfəttinlər ətraf və əknafda vüqu bulan hadisati-ittifaqiyyələrdən istifadə edib, yeni sakit, rahat olmuş vətənimizi dübarə bəlayi-əzimə giriftar etmək istəyirlər. ...Vaxtdır ki, Rusiyanın indiki, övzaini bilib, müttəfiqən, müttəhidən, cümlə millətləri bir əndazədə, bir mizanda, təhti-zülm və təzyiqdə saxlayan, kökü çürümüş istibdad hökumətinin əleyhinə durub, naili-məram olaq".
Üzeyir bəy Hacıbəyli "İrşad" qəzetinin 18 iyul 1906-cı il tarixli 168-ci sayında dərc olunmuş "Ordan-burdan"ında Qarabağ müsəlmanlarının öz ağır vəziyyətlərinə etiraz etdiklərini, fəryad qopardıqlarını, nümayəndələrini cəm edib Tiflisə yüyürdüklərini, canişin hüzuruna ərizələr göndərdiklərini, yalvarıb-yaxardıqlarını "əgər filvaqe Qarabağın əsəfli övzaini yaxşılatmağa, islaha çalışırsınız isə Qoloşçapovu göndərməyin, göndəribsiniz də geri çağırın. Ölkəni təhlükəyə salmayın" dediklərini yada salırdı: "Lakin... yarım milyona qədər bir cəmaətin bu dad və fəryadına qulaq asan olmadı, etina edən tapılmadı. Yarım milyondan ibarət bir cəmaətin sədayi-istimdadi vəhşi bir biyabanda nalə edən səs kimi təsirsiz qaldı..." Nəticə isə gözlənildiyi kimi, acınacaqlı olmuşdu: "...millətçilik gözlərini kor və qulaqlarını kar və bəsirətini yox etmiş Aşot nam keşişin arzuyi-xəyanətkaranəsi hasil oldu: Qoloşçapov top və tüfəng ilə Qarabağa yollandı. Yollanıb da o gündən etibarən Qarabağ müsəlmanlarının, onsuz da qara günlərini züllam içinə qərq etməyə çalışdı".
Qarabağın o günlərdəki halını Üzeyir bəy özünəməxsus bir üslubda diqqətə çatdırırdı: "Şəhərdə sakitlikdir": yəni bazar-dükan örtülü, küçələrdə şəhər əhlindən bir zinəfs tapılmaz, gedib-gələn yox. Yollar hamısı bağlı. Şəhər "qaidə"yə düşübdür: yəni toplar baqaidə atılır. Şəhər dörd tərəfdən baqaidə yanıb, evlərə top və tüfəng gülləsi dəgib hamısı baqaidə dağılır, güllə dəgən adamlar baqaidə ölürlər və ölü sahibləri də baqaidə matəm saxlıyorlar. Qərəz şəhərdə "sülh"dür. Hər kəs öz "işində", öz "gücündə" və hər yerdə tamam "sakitlik" bərqərardır. Görünür ki, general Qoloşçapovu Qarabağa "sülh" üçün göndərən həriflər çox arif və gələcəyi nəzərdə tutan adamlar imişlər ki, bu gunə təcrübəli iş tutubdurlar..... Həqiqət, rəvayət edirlər ki, Şuşa şəhərində bu gunə "sülh", "qaidə" və "sakitlik"in davamı yalqız bir general Qoloşçapovdan asılıdır. Odur ki, onun Qarabağdan çıxıb sair yerlərə getməsini "sülh" tərəfdarları heç bir vəqt arzu etmiyorlar..."
İrəvanda da həmin vaxt vəziyyətin ağır olduğunu Üzeyir bəy belə təsvir edirdi: "İrəvanda dəxi "sülh və məsalət" bərqərardır, belə ki, hərçəndi müsəlmanlardan hər gün, günün günorta çağı bir-ikisini durduğu yerdə öldürürlərsə də, yenə də arada ədavət və düşmənçilik yoxdur. Buna da səbəb İrəvanın "sülh və saziş" komisyonu olubdur. Belə ki, bu komisyon bir gün keyfinin duru vaxtında söhbət üçün yığışıb deyibdir ki, gəliniz "barış oyunu" çıxaraq. Müsəlman cəmaəti bu "oyun"a uşaq kimi sevinib haman da bir "barışıq oyunu" çıxardıbdırlar və bir qədər zarafat və lətifə sözlərdən sonra dağılıb bunu qərar qoyubdurlar ki, əgər o tərəfin adamı bu tərəfin adamından birisini öldürsə, heç işiniz yoxdur. Qatili tapıb tənbihə etmək lazım degil, qoyun özü bilsin! Ona görə "barış oyunu"nun sabahı günü ermənilər də "atəşbazlıq oyunu" çıxardıb, bu "oyun"a bir qədər rəng vermək üçün o saət bir-iki müsəlmanı da vurub öldürdülər ki, hamının xoşuna gəlsin və hamı da oyundan razı qalsın... Əlbəttə, hamı razı qalıb "oyunbaz"lara afərin oxuyubdurlar..."
Erməni quldurlarının Azərbaycanın tarixi şəhərlərindən olan Şuşanı viran qoyduqlarından Saleh Zöhrabbəyov "Vətən naləsi" adlı şeirində hüznlə təsvir edirdi:
Nə rəvadı Şişə olsun böylə parə-parə, Yarəb,
Dağıla qaça tamamən hər bir diyarə, Yarəb.
Nə rəvadır ol məkanə aparardı həsrət,
Olaydı çün xərabə dönə xaksarə, Yarəb.
Əhməd bəy Ağaoğlu isə 1906-cı ildə "İrşad"da Gəncədəki ağır vəziyyətdən bəhs edirdi: "Biçarə Gəncə! Bu keçən ildə vaqe olan erməni-müsəlman iğtişaşı şəhər əhalisində əsla halət qoymayıb!"
Ümumiyyətlə, "İrşad" qəzetində dərc olunmuş yazılardan da aydın görmək olur ki, XX əsrin əvvəllərində ermənilərin türklərə qarşı törətdikləri faciələrin ardı-arası kəsilmirdi. Erməni terroru Azərbaycanın əksər ərazilərini əhatə etmişdi.
Görkəmli publisist Ömər Faiq Nemanzadə "İrşad"da "Ümid" imzası ilə dərc olunan "Belədirmi?" adlı məqaləsində ermənilərin "Daşnaksütyun" partiyasının məkrli məqsədlərindən yazırdı. Həmin məqalədə irəli sürülən fikirlərə Üzeyir bəy Hacıbəyli felyetonunda belə münasibət bildirirdi: "Dünənki nömrəmizdə "Ümid" cənabları (Allah onun ümidini hasil eləyə!) "Belədirmi?" adında bir məqalə yazıb diyor ki, ay canım, ermənilər müəyyən və məlum bir niyyət ilə "Daşnaksakan" kimi bir orqanizasiya qayırıb muradlarına çatmaq üçün iş görür. Bizim yazıçılarımız da onlara diyor ki, ay ermənilər, gəlin, Allaha baxın, bu işdən əl çəkin, tüğyan eləmiyin... Heç görün, dəxli varmı! Belədir, cənab "Ümid" doğru diyor. Misali-məşhurdur ki, "Quran oxumaqla donquz darıdan çıxmaz".
XX yüzilliyin birinci onilliyində azərbaycanlılara qarşı soyqırımı törədən ermənilərin bütün vasitələrə əl atdıqları "İrşad"da dərc olunmuş yazılardan da məlum olur. Mətbuatın və ədəbiyyatın gücündən də məqsədlərinə çatmaq üçün məharətlə istifadə etməyə çalışır, doğrulara göz yumur, həqiqəti görməkdən çəkinməyənləri hədəf alırdılar. Üzeyir bəy Hacıbəyli yazırdı: "Bir neçə il bundan iləri erməni güruhi Rusiya ədəbiyyatına şiddətli bir "zərbə vurmuşdu". Məsələn, mütəvəffa Veliçkonun (müəllif felyetonda belə bir açıqlama verir: "Veliçko "Qafqaz" qəzetəsinin sabiq baş mühərriri olub, rus ədiblərindəndir" - Z.F.) "Əfi ilanlar" adlı əsərini içində doğru sözlər olduğuna görə xoşlamıyıb kökündən yox etmək istəmişdilər. Və bu niyyətlə məzkur əsərdən minlərcə cildlər alıb cırırdılar, yandırırdılar, yerə basdırırdılar. "Məlum" yerlərdə tələf edirdilər. Bir kəlmə "doğru söz göz çıxardar" zərbulməsəlinin acı bir həqiqətdən ibarət olduğunu aydın bir surətdə izah və aşkar ediyordular. Lakin bu yaxınlarda, yəni Quriya dağıldıqdan sonra erməni güruhi Rusiya ilə dostlaşdı. Və bu dostluğu möhkəmləndirmək üçün, daimi adətlərinə görə, təməlluqçu libasına girib Rusiya üçün neçə-neçə "xidmət"lər göstərdilər. Əzancümlə keçmiş "zərbə"ni təsviyə etmək qəsdilə rus ədəbiyyatını zənginləndirməyə qeyrət etdilər. Bir neçə kitab yazdılar. Onlardan "məşhur"u - "Cihad" və "Gəncə qanlı günləri"dir".
Üzeyir bəyin yazdıqlarından o da bəlli olur ki, Gəncədə baş verən erməni-müsəlman davasından bəhs edən ikinci kitabı yazan erməni hadisələri tərsinə nəql etmiş, törətdikləri vəhşilikləri müsəlmanların üstünə yıxmağa çalışmışdır. Amma kitab ruslara xoş gəlməmişdir. "Malades" əvəzinə rusun bol söyüşlərindən birisini almalarından rəncidə olmayan ermənilər kitablarını özləri tərifə və tanıtmağa başlamışdılar. Belə ki, "daşnaksütyun" firqəsinin mətbu orqanı olan "Araç" qəzeti yazmışdı ki, bundan gözəl bir kitab tapılmaz. Ermənilərin həm öz məqsədlərinə çatmaq, həm də çarizmin istək və tələblərinə əməl etmək üçün cilddən-cildə girdiklərini Ü.Hacıbəyli böyük ustalıqla ifadə edirdi: "Əşi, ermənilərə nə var, onların politikası, bax, böylədir: Bu gün lap insaniyyətdən dəm vuran "sosialistdir", sabah millətini mühafizə edən "nasyonalist"dir, birisi gün lap alçaq və dəni xuliqandır, o biri gün şeytan kimi provakatordur. Qərəz bu taifənin işi böylədir ki, bu saət heç özləri də özlərindən baş açmıyorlar. Lakin əməllərinin hamısında ittifaqları vardır!"
Doğrudur, təbliğat məsələsində ən çox canfəşanlıq göstərən ermənilərin özləri idi. Onlar məqsədlərinə nail olmaq üçün yalandan, böhtandan çəkinmirdilər. Lakin bu da həqiqətdir ki, təbliğat işində də ermənilər yalnız deyildilər, tərəfdaları onları dəstəkləyirdilər. Üzeyir bəyin yazdıqları buna misaldır: "İştə ermənibaz qəzetələrdən "Qafqaz" böylə yazıyor ki, Şuşada İrəvan qapılarının dalında Qarabulaq kəndində müsəlmanlar bir erməni öldürübdürlər! Mən onu-bunu bilmiyoram, ancaq bunu diyirəm ki, Şuşada İrəvan qapıları ilə erməni Qarabulaq kəndinin arası əqəllən əlli verstdir və bu ara böyük və uca dağlar ilə doludur. İndi belə məlum olur ki, haman ermənini öldürən müsəlmanların tüfəngləri öylə bir uzaq sürən imiş ki, qabaqda qalxan kimi duran dağları deşib-keçib və əlli verst yol gedib ondan sonra Qarabulaqda bir erməniyə dəyib öldürübdür! Öylə isə, görünür ki, müsəlmanların bu tüfəngləri tazə çıxma imiş, yoxsa "Qafqaz" özü də yaxşı bilir ki, hərgah bu cürə tüfəng onlarda olsaydı, o surətdə "pəhləvan" Kuropatkin Port-Arturda oturub bu cürə tüfəng ilə yapon paytaxtı Tokionu çoxdan güllələmiş olardı".
1905-1907-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınlar Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir. Fəlakət münaqişə səngidikcə də bitməmişdi. Vəziyyətin nə qədər acınacaqlı olduğu daha kəskin şəkildə üzə çıxmağa başlamışdı. Bir sıra yerlərimizdə soydaşlarımız aclıqdan, yoxsulluqdan məhv olmaq təhlükəsi ilə üzləşmişdilər. Bu barədə "İrşad"da ayrı-ayrı janrlı yazılarda həyəcanla bəhs edilirdi. O ağır günlərdə Zəngəzur qaçqınlarının vəziyyəti xüsusilə dəhşətli idi. "İrşad"da Zəngəzurda kəndlərinin zir-zəbər olduğu, bacaranların əhli-əyalını götürüb İrəvan quberniyasına qaçdığı, bacarmayanların, qadın, uşaq, qoca, cavan - hər kəsin qatil ermənilər tərəfindən xəncərdən keçirildiyi, güllələndiyi yazılırdı. Canlarını qurtaranlar ölənlərə həsrət çəkirdilər. Çünki onlar birdəfəlik xilas olmuşdular. Zəngəzurluların ürəkdağlayan halını Hüseyn Tahirzadə Sisyani belə qələmə alırdı:
Pərvanə-sifət hamı yanub bir alışan yox,
Bu Zəngəzurun halını heç bir danışan yox,
Bəy-xanlarımız itkun olub, bircə nişan yox,
Dövlətlulərin sağlığına çünki güman yox.
Lənət belə əsrə, belə dünyaya, a Molla,
Adət eləyib qəndilə həm çayə, a Molla.
"İrşad"ın, demək olar ki, hər sayında "İanə" başlığı ilə ermənilərin münaqişəsi nəticəsində acınacaqlı hala düşmüş yurddaşlara yardımlar göstərilməsi ilə bağlı xəbərlər dərc edilirdi. İrşadçılar oxuculara üz tutur, onları ianələr toplamağa, soydaşlarını xilas etməyə çağırırdılar. Lakin millətin ağır günlərində də milli birliyin olmaması, başqa vaxtlar özünü millət başçısı kimi göstərənlərin çoxunun meydanda görünməməsi irşadçıları təəssüfləndirirdi, belələrini kəskin şəkildə tənqid edirdilər.
Təəssüfedici məsələlərdən biri də o dövrdə Azərbaycanı təmsil edən millət vəkillərinin fəaliyyətlərinin zəif olması idi. Xalqının böyük fəlakətlər içərisində olduğunu, erməni soyqırımına məruz qaldığını, yurdlarının xarabaya çevrildiyini yüksək tribunadan hayqırmaq, cinayətkarların cəzalandırılmasını tələb etmək yerinə onların susqunluğu erməni millət vəkillərinin əl-qolunu açır, onlara məqsədlərini həyata keçirmək üçün geniş meydan verirdi. Üzeyir bəy Hacıbəyli vəziyyətin bu baxımdan da çox acınacaqlı olduğunu vurğulayırdı: "Dövlət Dumasında Qafqaz xüsusunda da danışdılar. Erməni-müsəlman qırğının səbəbini də meydana çıxartdılar. Müsəlman vəkillərindən tək bircə nəfəri danışıb hökumətin provakatorluğunu aşkar edibdir. Sair müsəlman vəkilləri isə bilmiyoram orada yox imişlər, ya ki, oturub çörək yeyirlərmiş və ya kefsiz olduqlarına görə yatıblarmış. Qərəz onu "Molla Nəsrəddin" yaxşı bilir. Hər nə isə söz də danışmıyorlar. Erməni vəkilləri isə durub deyiblər ki, doğrudur, hökumət provakatorluq edirdi, ancaq müsəlmanlar da "nədən isə" rusları qırırlar. Yəni bütün xristiyanlara "nədən isə" əziyyət verirlər". Daha sonra müəllif diqqətə çatdırırdı: "Böylə rəvayət edirlər ki, erməni vəkilləri dumada genə Qafqazdan danışsalar, ol vəqt "nədən isə" sözünün əvəzinə bu səfər "panislamizm" qoyacaqlar ki, söylədikləri sözlər bir az təsirli olsun. Və bunu da rəvayət edirlər ki, Qafqaz müsəlman vəkilləri danışmasalar da, öz "zemlyak"ları erməni vəkillərinə tərəfdar çıxmaq üçün onların nitqlərindən sonra lap bərkdən əl çalmağı əsirgəmiyəcəklər".
Əfsuslar olsun ki, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Abdulla Sur, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli kimi təəssübkeş ziyalılarımızın yazdıqlarından dərs çıxarmadıq. Və Azərbaycan xalqı erməni daşnaklarının əsl simasını, qəddarlığını unutmağın ən böyük ağrılarından birini də XX əsrin sonlarında yaşadı. Yenidən mürəkkəb tarixi vəziyyətin yaranmasından istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı törətdilər. Qərbi Azərbaycandan azərbaycanlıları tamamilə qovdular. Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Lakin bu dəfə qəsb etdikləri torpaqlarımızı erməniləşdirməyə nail olan bilmədilər. Erməni vandalları da, onların himayədarları da Azərbaycan dövlətinin və xalqının gücünü, Azərbaycan torpaqlarına bir daha əl uzadanların aqibətini 2020-ci ildə Vətən müharibəsində gördülər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"