EN

Emin Ağalarovdan “Sea Breeze”lə bağlı AÇIQLAMA

“Sea Breeze”in təsisçisi Emin Ağalarov və Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov Çarvakda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək jurnalistlərin suallarını cavablandırıblar.

"Unikal" Özbəkistan mediasına istinadla xəbər verir ki, Çarvak su anbarının sahilində “Sea Breeze” istirahət mərkəzinin tikintisinə dair razılaşmanın ətraf mühitə təsiri ilə bağlı sualı cavablandıran Emin Ağalarov “Agalarov Development” şirkətinin analoji mərkəzin Bakıda necə tikildiyi barədə məlumat verib. O qeyd edib ki, Özbəkistan Ekologiya Nazirliyinin mütəxəssisləri layihəyə müsbət qiymət veriblər.

“Gazeta.uz” nəşri yazır ki, ötən ilin dekabrında azərbaycanlı sahibkar Emin Ağalarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə mövsüm boyu fəaliyyət göstərən “Sea Breeze Uzbekistan” kurortunun tikintisi layihəsini təqdim edib. Bildirilib ki, 500-700 hektar ərazidə istirahət zonaları, çimərliklər, idman meydançaları, mehmanxanalar, bağ evləri və yaşayış kompleksləri, o cümlədən mağazalar, restoranlar, məktəblər, su parkı, istirahət məkanları yerləşəcək.

Bu ilin aprelində layihə Özbəkistan Prezidenti ilə yenidən müzakirə olunub. Emin Ağalarov Çarvak sahilindəki kompleksin yeni şəhərə çevriləcəyini deyib və bu yay tikintiyə fəal şəkildə başlanacağına ümid etdiyini bildirib.

İyun ayında IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sahibkar Özbəkistanın İnvestisiya Nazirliyi ilə kurortun tikintisinə dair müqavilə imzalayıb. Gözlənilən investisiya həcmi 5 milyard dollar həcmində qiymətləndirilir.

Emin Ağalarov planlaşdırılan kompleksdən Özbəkistanın əldə edəcəyi faydalardan danışıb. Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov da öz fikirlərini bölüşüb. Qeyd olunub ki, istirahət mərkəzinin tikintisi Xəzər dənizində olduğu kimi, Çarvakda da gölün təmizlənməsinə şərait yaradacaq. Emin Ağalarov vurğulayıb ki, hazırda Bakıdakı “Sea Breeze” istirahət mərkəzi şəhər sakinlərinin və qonaqların axışdığı ən populyar və ekoloji cəhətdən təmiz məkandır. Özbəkistanın dövlət başçısının Çarvakı tövsiyə etdiyini diqqətə çatdıran sahibkar əlavə edib: “Mən Çarvaka getdim və təbiətindən razı qaldım. Prezident Çarvakı xaotik deyil, strukturlaşdırılmış kurort zonasına çevirmək istəyir”.

Sahibkar qeyd edib ki, Özbəkistandakı istirahət mərkəzinin enerji təminatı da yüksək səviyyədə olacaq, burada 45 binanın damında günəş panelləri quraşdırılacaq. Bununla yanaşı, ərazinin yaşıllaşdırılması layihəsi də həyata keçiriləcək, 200-dən çox palma ağacı əkiləcək.

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov qeyd edib ki, nazirliyin mütəxəssisləri layihəni öyrənmək üçün Azərbaycan kurortunda olublar. O əlavə edib: “Açığını desəm, biz görürük ki, “Sea Breeze” rəhbərliyi bizim bütün şərtləri yerinə yetirməyə hazırdır. Onlar bizim ekoloqları da bu prosesə cəlb edəcəklər. Biz bütün təklifləri birləşdirəcəyik və monitorinqi davam etdirəcəyik. Tikintidən əvvəl yaşıl çərçivə yaradılacaq”.

Chosen
11
unikal.az

1Sources