BAKI, 15 iyul. TELEQRAF
Hazırda hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub, yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Dövlət Universitetindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi informasiya resurslarında Naxçıvan Dövlət Universitetinin bəzi dekanlarının tələbələrə qarşı
qeyri-etik hərəkətlər etməsi barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayımlanıb.
"Naxçıvan Dövlət Universiteti olaraq bildiririk ki, yayımlanan bu məlumatlar tamamilə əsassız, yalan, böhtan xarakterlidir və reallığı əks etdirmir. Universitetdə müəllim-tələbə münasibətlərində yüksək etik qaydalara və qanunvericiliyin tələblərinə çox ciddi riayət olunur.
İmtahan prosesi mərkəzləşdirirlmiş qaydada tam şəffaf təşkil edilir və tələbələrin qiymətləndirilməsi obyektiv şəkildə aparılır.
Bu cür heç bir əsası olmayan məlumatlar universitetin günü-gündən artan nüfuzuna kölgə salmaq tələbələr və valideynlər arasında çaşqınlıq
yaratmaq məqsədi daşıyır.
Universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülmüş bu məsələ dəqiqliklə araşdırılıb, heç bir rəsmi şikayət və yasübut olmadığından yayımlanan məlumatların əsassız olduğu üzə çıxıb.
Bu cür böhtan xarakterli paylaşımlar universitetin nüfuzuna qarşı planlı şəkildə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Hazırda hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuş, yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanıb.
Naxçıvan Dövlət Universiteti tələbələrinin hüquqlarını hər zaman qorumağa davam edəcək və bu cür böhtan xarakterli kampaniyalara qarşı
sərt mövqe tutacaq. Bir daha Naxçıvan Dövlət Universiteti olaraq ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və şayiələrə inanmamağa çağırırıq", məlumatda deyilib.
Qeyd edək ki, sosial şəbəkələrdə və mediada Naxçıvan Dövlət Universitetinin bəzi fakültə dekanlarının bir qrup qız tələbəyə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklifi barədə iddialar yayılıb. İddialara görə, həmin tələbələrbaş verənlərin videogörüntüsünü gizli çəkib, universitetin rektoruna təqdim ediblər. Lakin, rəhbərlik bu biabırçılığı araşdırmaq yerinə, qısnamaya məruz qalan tələbələri təhdid edir.