EN

“DTX-nın "darknet" əməliyyatı sübut etdi ki..." - "Artıq görünməyən internet də nəzarətdədir”

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “darknet”də fəaliyyət göstərən kibercinayətkar dəstəni ifşa etməsi ilə bağlı açıqlama verib. Ekspert bu hadisəni ölkə üçün “unikal və nümunəvi” hal kimi dəyərləndirib.

AİF rəhbəri bildirib ki, 30 illik fəaliyyəti ərzində Azərbaycanda “darknet” üzərindən həyata keçirilən bir cinayətin aşkarlanması və bu sahədə “məskunlaşmış” kibercinayətkarların ifşası ilə bağlı bu səviyyədə fakt xatırlamır.

Osman Gündüz qeyd edib ki, real dünyada cinayət yolu ilə əldə olunan gəlirlərin yuyulması üçün ofşor şirkətlər, banklar, əmlak yatırımları, sənət əsərləri, çirkli kassalar və qumarxanalardan istifadə edildiyi kimi, rəqəmsal məkanda bu funksiyanı “darknet” yerinə yetirir. Məhz burada dövlətdən, banklardan, şirkətlərdən oğurlanan məlumatlar — bank kartları, şəxsi datalar və hətta prezidentlərdən tutmuş sadə vətəndaşlara qədər telefon nömrələrinin alqı-satqısı həyata keçirilir.

Ekspertin sözlərinə görə, bu seqmentdə fəaliyyət göstərən xakerlər yüksək texniki biliklərə malikdir və onların məqsədi adi deyil, daha mürəkkəb, hədəfli cinayət əməliyyatlarıdır. Bu əməliyyatlar anonim şəbəkələr, xüsusi brauzerlər və kriptovalyutalar vasitəsilə həyata keçirildiyi üçün iz buraxmır.

Osman Gündüz əlavə edib ki, hazırda dünyada “darknet” cinayətlərinin aşkar edilməsi sahəsində real təcrübəyə malik ölkələrin sayı azdır və bu, yalnız ən müasir texnologiyalar və xüsusi resurslar vasitəsilə mümkündür. Məhz bu baxımdan, DTX-in Azərbaycanda bu səviyyədə bir cinayətkar qrupu ifşa etməsi yüksək qiymətləndirilməlidir.

O bildirib ki, məlumata əsasən, DTX ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən bir qrupun izinə düşərək onu zərərsizləşdirib. Həmin qrup kritik infrastrukturlara hücumlar təşkil edib və çoxsaylı şəxsi məlumatları saxta saytlar, zərərli tətbiqlər, spoofing zənglər və phishing texnologiyaları vasitəsilə ələ keçirməyə çalışıb.

Gündüzün fikrincə, belə bir qrupun aşkar olunması təsadüf və ya sadə şikayət nəticəsində mümkün deyil. 

“"Darknet"də təsadüflər olmur,” – deyə o qeyd edib və əlavə edib ki, bu əməliyyat DTX-in son illər kibertəhlükəsizlik sahəsində əldə etdiyi səlahiyyət və imkanların nəticəsidir.

Ekspert hesab edir ki, DTX artıq “görünməyən internet”ə də müdaxilə edə biləcək potensiala sahibdir: “Bu əməliyyat göstərir ki, qurum kifayət qədər güclü texniki və insan resursları formalaşdırıb. Hətta beynəlxalq əməkdaşlığın da bu prosesdə istisna edilmədiyini düşünürəm”.

O qeyd edib ki, DTX bu əməliyyatla sübut etdi: artıq “darknet”də baş verən, xüsusilə də dövlət qurumları və vətəndaşlarla bağlı dataların alqı-satqısı nəzarətsiz qalmayacaq.

AİF rəhbəri sonda daha bir vacib məqama – həbs edilən əsas fiqur Nihad Hacıyevin texniki və texnoloji hazırlıq səviyyəsinə toxunub.

“Onun bacarıqları cinayətə deyil, dövlətin kibermüdafiəsinə yönəldilsəydi, daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri nəzərdən keçirilməlidir. Əks halda, biz ‘mühafizəçi’ni ‘hücumçu’ kimi itirəcəyik,” – deyə ekspert vurğulayıb.

Osman Gündüzün fikrincə, rəqəmsal təhdidlər hər gün artır, lakin onlara qarşı mübarizə apara biləcək texniki hazırlıqlı kadrların sayı azdır. Belə əməliyyatlar həm cinayətkarların, həm də cəmiyyətin bu reallığı dərk etməsinə xidmət edir.

AzPolitika.info

Chosen
25
hurriyyet.az

1Sources