EN

"Rusiyaya "birinci reyslə" qayıdanlar kim olacaq?" - Harri Kasparov

 
"Qarışıq gələcək, romantik xülyaların sonu və yeni reallıq..."
 
Rusiyada "birinci reyslə qayıdış" xəyalı ilə yaşayanların reallıqla ciddi problemi var. Onlar hələ də düşünür ki, sabah Putinin rejimi süquta uğrasa, dərhal demokratiya bərqərar olacaq, insanlar azad nəfəs alacaq, Qərbdəki mühacirlər isə vətənə qayıdıb "demokratiya dərsləri" keçəcəklər. Lakin bu, təhlükəli bir xülyadır. 
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı şahmatçı, 13-cü dünya çempionu və müxalif siyasətçi Harri Kasparov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
Müəllif qeyd edir ki, əgər kimsə Rusiyaya "birinci reyslə" qayıdacaqsa, onlar nə mühazirəçilər, nə də Amerika hədiyyələri ilə gələnlər olacaq. Bu təyyarənin sərnişinləri silahlı, döyüş təcrübəli və qanla problemi olmayan adamlar olacaq. Onlar nə "Gözəl gələcəyin Rusiyası" haqqında əhvalatlara qulaq asacaq, nə də demokratiya idealizmi ilə maraqlanacaq. Onların dünyası güc, qorxu və nəzarət üzərində qurulub.
 
Fərqli düşünənlərin vaxtilə eşidilməyən səsi
 
Bugünkü faciənin kökləri illərlə səsləndirilən, amma eşidilməyən xəbərdarlıqlardadır. Biz, bu təhlükəni görənlər,  illərdir deyirdik ki, Rusiyada faşizm dirçəlir, amma bizi "şəhər dəli”ləri adlandırdılar. O vaxt "birinci reys"in yolunu gözləyənlər iddia edirdilər ki, Rusiyada hər şey normallaşır, Qərbi isə Putinlə münasibətləri pozmamağa çağırırdılar. Onlar Ukraynaya yardım edilməməsini, guya Rusiyada seçkilərin və institutların işləmədiyini iddia edirdilər.
 
Bu gün bu iddiaları açıq-aşkar səsləndirmək artıq rüsvayçılıqdır. Amma hələ də bəzi səslər kor-koranə "korrupsiyaya qarşı mübarizə"dən danışırlar. Halbuki bu gün Rusiya korrupsiyası Ukraynaya kömək edir, çünki nə qədər çox oğurlanırsa, bir o qədər az raket uşaq meydançalarına və xəstəxanalara düşür. Bu halda korrupsiya ilə mübarizə, əslində, Putin üçün daha səmərəli müharibə imkanları yaratmaq deməkdir.
 
Yeganə çıxış yolu imperiyanın sonudur
 
Rusiya imperiyası siyasi bir varlıq kimi sona yetməlidir. Bu, yalnız işğal edilmiş bütün ərazilərin azad edilməsi və tam hərbi məğlubiyyətlə mümkündür. Əks halda, dünya yenə də təhlükədə qalacaq.
 
Yalnız bu şəkildə imperiyanın dağılmış qalıqları üzərində azad və təhlükəsiz bir dövlət qurmaq mümkün olacaq. Və yalnız onda "birinci reys"in mənası olacaq. Amma bu dəfə real, şüurlu və bəşəriyyət üçün təhlükəsiz bir qayıdış olacaq.
Chosen
187
31
moderator.az

10Sources