Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasından məzun olan Səidə Ərəbova 98.94 balla 2025-ci il üzrə ali məktəbin birincisidir.
“Qafqazinfo” xəbər verir ki, Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsi Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı müvəffəqiyyətlə bitirən Səidə Ərəbovanın ilk ali təhsil yolu Azərbaycan Tibb Universitetindən (ATU) başlayıb. 2013-cü ildə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq ATU-nun “Müalicə işi” ixtisasına ödənişli əsaslarla qəbul olub.
2019-cu ildə həmin universiteti uğurla başa vurub, lakin informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, həyatımızın ayrılmaz bir parçasına çevrilməsi onda innovativ sahələrə güclü maraq oyadıb və dövlətimizin verdiyi imkanlardan yararlanaraq ikinci ali təhsil almaq qərarına gəlib. Bu dəfə I ixtisas qrupuna müstəqil şəkildə hazırlaşaraq 2021-ci ildə keçirilən imtahanlarda 541.8 bal toplayıb və BMU-nun “İnformasiya texnologiyaları” ixtisasına qəbul olub.
BMU-nun tələbəyə yanaşması, müasir və keyfiyyətli təhsil imkanları, elmi-pedaqoji heyətinin peşəkarlığından məmnun qalan Səidə Ərəbova belə bir mühitdə dərslərinə həvəslə çalışıb və universitet birincisi kimi məzun olmağı bacarıb.
Karyerasını süni intellekt sahəsində qurmağı planlaşdıran BMU birincisi hazırda nüfuzlu özəl şirkətdə süni intellekt üzrə təcrübə keçir.