EN

Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...


Tural İsmayılov: “Trampın bu bəyanatı görünüşcə sərt və nəticəyönlü təsir bağışlayır, amma arxasında nə qədər real siyasi iradə olduğu hələ də sual altındadır”

Tramp Putinə Ukrayna ilə bağlı razılığa gəlmək üçün 50 gün vaxt verib. Belə ki, ABŞ prezidenti Donald Tramp Kiyevə silah tədarükü ilə bağlı Avropa ilə razılığa gəldiyini açıqlayıb və 50 gün ərzində Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiyaya qarşı 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.

“RİA Novosti”nin yaydığı məlumata görə, bu barədə Amerika lideri NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra müvafiq bəyanatla çıxış edib.

Xüsusilə Tramp bir daha Rusiyadan “çox məyus” olduğunu bəyan edib.

“50 gün ərzində (Ukraynada nizamlanma üzrə) razılıq əldə olunmasa, biz çox sərt tariflər tətbiq edəcəyik. Bunlar təxminən 100% səviyyəsində olan tariflərdir, onları ikinci dərəcəli tariflər adlandırmaq olar", - ABŞ prezidenti bildirib.

Trampın bu bəyanatı bir iş görəcəkmi?

“Tramp əvvəllər də Rusiya ilə münasibətlərdə ziddiyyətli açıqlamalar verib və bu bəyanatın da davamlılığına zəmanət yoxdur”

Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə “Trampın bu bəyanatı görünüşcə sərt və nəticəyönlü təsir bağışlayır, amma arxasında nə qədər real siyasi iradə olduğu hələ də sual altındadır. Bu, tipik Tramp üslubudur - ilk baxışdan cəsarətli, ancaq təfərrüatlara gəldikdə qeyri-müəyyən. Ultimatum olaraq verilmiş “50 gün” anlayışı daha çox vaxt udmaq, həm ictimai rəyi, həm də siyasi gündəmi manipulyasiya etmək üçün atılmış addımdır”-deyə bildirdi.

T.İsmayılov bildirdi ki, Ukraynaya silah göndərilməsi və NATO vasitəsilə yardımın ötürülməsi isə yeni bir şey deyil, sadəcə paket yenidən qablaşdırılıb təqdim olunur. “Tramp əvvəllər də Rusiya ilə münasibətlərdə ziddiyyətli açıqlamalar verib və bu bəyanatın da davamlılığına zəmanət yoxdur. Kremlin bu bəyanata reaksiyası da passivdir, çünki reallıqda Trampın nə qədər ardıcıl hərəkət edəcəyini bilirlər. Ukrayna tərəfi ümidlidir, lakin bu ümid daha çox diplomatik davranışın məhsuludur. ABŞ-da daxildə isə bu bəyanat həm Respublikaçılar, həm də Demokratlar arasında fərqli reaksiyalara səbəb olub. Bir tərəfdən Trampın seçkiyə hazırlıq strategiyasının bir hissəsi ola bilər, digər tərəfdən Qərb dünyasına "mən də Ukraynanın tərəfindəyəm" mesajı vermək üçün atılan addımdır. Amma real nəticə üçün bu bəyanatın ardınca hüquqi və icraedici mexanizmlər gəlməlidir. Tramp isə öz siyasi karyerasında nadir hallarda detallara enən lider olub. 50 gün sonra nə baş verəcək sualı isə hələ ki, cavabsızdır. İndiki halda bəyanat daha çox bir ritorik çıxışa oxşayır, nəinki konkret və icra olunacaq strateji plana. Əgər həqiqətən icra edilərsə, bu, Ukrayna üçün az da olsa nəfəs imkanı yaradacaq. Əks halda, bu da Trampın sonsuz vədlər siyahısına əlavə olunacaq. Və nəticədə, tarix bu bəyanatı ya dönüş nöqtəsi, ya da siyasi teatra aid bir epizod kimi yazacaq”-deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA

Chosen
49
49
baki-xeber.com

10Sources