EN

Brent nefti ucuzlaşdı – Tələb və siyasi gərginlik bazarı SİLKƏLƏDİ

Beynəlxalq enerji bazarlarında Brent neftinin qiyməti yenidən geriləməyə başlayıb. Bu gün saat 10:08-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışa nisbətən 0,7% azalaraq 68,71 dollar səviyyəsinə düşüb. Dünən 70,53 dollara qədər yüksələn qiymət, günü 69,21 dollardan bağlamışdı. Eyni saatlarda ABŞ-ın West Texas Intermediate (WTI) neftinin qiyməti isə 66,39 dollar təşkil edir.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Qiymətlərdəki bu enişin arxasında əsas səbəb kimi geopolitik gərginliklər və qlobal bazarda tələbin zəifləyəcəyi ilə bağlı narahatlıqlar göstərilir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna ilə bağlı sərt bəyanatları investorlar arasında narahatlıq yaradıb.

Tramp bildirib ki, əgər Ukraynadakı müharibə 50 gün ərzində bitməzsə, Rusiya neftinə ikinci dəfə 100 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bu açıqlama enerji bazarında qeyri-müəyyənlikləri artırıb.

Orta Şərqdən gələn xəbərlər də gərginliyi dərinləşdirir

İsrail mətbuatının yaydığı məlumata görə, Baş nazir Binyamin Netanyahu, ABŞ Prezidenti Trampı Hamasla aparılan atəşkəs danışıqları üçün əlavə bir həftə vaxt verməyə razı salıb. Bu, bölgədəki potensial münaqişələrin neft təchizatına təsir edə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Ekspertlər bildirirlər ki, ilin əvvəlindən bəri OPEC+ ölkələrinin istehsalı artırmasına və Trampın aqressiv ticarət siyasətlərinə baxmayaraq, neft bazarı müəyyən sabitlik nümayiş etdirib. Lakin Səudiyyə Ərəbistanının hasilatı artırması fonunda qlobal tələbdə zəifləmə siqnalları bu sabitliyi sarsıtmağa başlayıb.

Xeyrənsə Piriyeva

Chosen
33
news24.az

1Sources