Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.
Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli istismar idarəsindən məlumat verilib.
2025-ci ilin əvvəlindən indiyədək 5 500 m məsafədə çay məcralarının təmizlənməsi və sahilbərkitmə işləri aparılıb. Cari təmir hesabına 30 paqon metr məsafədə 260 kub metr daş-beton bənd və qabion bənd vurulub.
Bundan başqa, il ərzində Dəmiraparan çayının sol sahilində investisiya hesabına 1 400 paqon metr, Bum çayının sağ sahilində Uludaş kəndinin üzərində 130 paqon metr, Həmzəli çayının sağ sahilində 100 paqon metr əsaslı daş-beton bəndlərinin vurulması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin əsas fəaliyyət sahəsi rayonda yaşayan 11 300-dən artıq kəndli fermer təsərrüfatının ətrafında birləşən 11 700 ha sahəni su ilə təmin etməkdən ibarətdir.