Nəhayət, uzun aradan sonra "Qarabağ"ı Ağdamda görə bildik.
Komanda geniş tərkibdə yollandığı səfərdə çempionluq kubokunu yerli camaata təqdim etdi.
Orada yaşananlara təəssüf ki, canlı şahid ola bilmədik. Olsun, bizlər kənarda qalsaq da olar, əsas odur klub tilsimi qırdı. Ağdamlılar Qarabağ"ına, çempionluq kubokuna qovuşdu.
İnsanların üzündəki sevinci, xoşbəxtliyi görməmək mümkün deyildi.
Bilirik ki, hazırda yenidən qurulan Qarabağda yaşamaq heç də asan deyil. Belə məqamda klubun oradakı insanlara qucaq açması həm də böyük mənəvi anlam daşıyırdı.
İlk dəfə Qarabağda olanlar təmsil etdikləri bölgəni yaxından gördüsə, ikinci dəfə Qarabağa ayaq basanlar ciddi dəyişikliklərə əyani şahid oldular.
Bu cür səfərlər həm də qarabağlılarla "Qarabağ" arasında mənəvi bağla bağlı yaranan böyük uçurumu ciddi fərqlə qapamış oldu.
"Qarabağ" öz kimliyinə qayıtdı, qovuşdu.
Ağır avrokuboklar öncəsi bu cür səfər "köhlən atlar"ın özünə də psixoloji cəhətdən mütləq ki, müsbət təsirini qoyacaq.
"Qarabağ"ın Qarabağdakı növbəti səfərlərində birgə olmaq, həmrəy olmaq, unudulmamaq ümidilə...
XANOĞLAN İMANOV