EN

Tələbələrin sevimlisi idi

Onu xarakterizə etmək üçün sadə bir cümlə də yetərlidir - etalon adam... 

O, insanlığın, kişiliyin, ziyalılığın əsl nümunəsi idi. Daxili aləminin gözəlliyi üzünə də sirayət etmişdi, nur saçırdı. Gülümsər baxışları ilə adamı öz sehrinə salmağın mahir ustası idi...

O qədər diqqətcil idi ki, salam vermək üçün nə qədər çalışsaydın, ondan qabağa düşmək mümkün deyildi. Bir qayda olaraq səni qabaqlayıb salamı verərdi.

Tələbələrin sevimlisi idi.

Dəhlizdə görünəndə tələbələr ehtiramla kənara çəkilər, ona yol açardılar... 

Sevgi, mərhəmət dolu baxışları ilə adamın düz gözünün içinə baxar, ürəyindən keçənləri oxuyardı. Kiminsə bir problemi olardısa, dərhal birinci o  hiss edib, ehmallıca adamın qoluna girib bir kənara çəkər, ən yaxın, doğma adamı kimi canıyananlıqla, nəzakətlə "gözümün içinə bax, dərdini de bilim, bəlkə bir köməyimiz dəydi" deyərdı.  Hamı ona güvənər, etibar edərdi... 

Əgər belə demək mümkünsə, o, insanlığın yumşaq üzü idi...

Jurnalistika fakültəsinin də öz ənənəsi var idi. Bu fakültədə tələbəni incitmək, ondan nə isə ummaq mümkün deyildi. Dərslərini yaxşı oxumayanlar da özlərinə kənar yerdən "adam" axtarmazdılar... 

Fakültənin müəllimləri  problemi yerindəcə həll edərdilər...

"Kənardan" gəlib Jurnalistika fakültəsində dərs deyən müəllimlər də oradakı  ənənəyə sadiq olmalı idilər. Yoxsa baş çıxara bilməzdilər... 

Böyük kişilər Jurnalistika fakültəsində dərs deyirdi - Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Nəsir Əhmədli, Tofiq Rüstəmov... 

Nə hikmətdirsə, onlar haqqında danışanda ilk ağıla gələn bu olurdu ki, həmin müəllimlərin hər birinin ürəyinin çəkisi tonlarladır... Yaxşı tələbəyə yanlarında, yaxınlarında yox, ürəklərində yer verərdilər. Elə özləri də əsl müəllim, pedaqoq, cəmiyyətin saflığı uğrunda çalışan bir insan kimi dərs dedikləri, yetişdirdikləri tələbələrin ürəyində məskən salardılar. On illərlə bundan əvvəl  dünyadan köçsələr də, bu gün də dərs dedikləri tələbələrinin qəlbində, yaddaşında yaşayırlar, sevilirlər, hörmətlə xatırlanaraq ehtiramla yad edilirlər... Beləcə, əbədiyaşarlıq ömrü qazananlardan biri də Tofiq Rüstəmovdur.

Tofiq Tağı oğlu Rüstəmov 1936-cı il mayın 18-də Qubada anadan olub. 1953-cü ildə Quba şəhər 1 nömrəli beynəlmiləl orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1958-1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib.

Ona "çoxprofilli adam" da demək olar. O həm bacarıqlı jurnalist, nüfuzlu alim,  gözəl tərcüməçi, istedadlı redaktor və ictimai xadim idi. Bu məziyyətləri ona zamanında çoxlarının həsəd apara biləcəyi "Qızıl qələm", "Əməkdar mədəniyyət işçisi", "Ustad" ali jurnalistika mükafatlarını qazandırmışdı. Tofiq Rüstəmov həm də yüksək idarəetmə, təşkilatçılıq qabiliyyəti ilə fərqlənən əsl şəxsiyyət, dövlət adamı idi. Elə bu xüsusiyyətlərinə görə də ona zamanında yüksək etimad göstərərək Azərbaycan KP MK-nın İdeologiya şöbəsi müdirinin birinci müavini vəzifəsinə təyin etmişdilər. Tofiq Rüstəmov BDU-nun Jurnalistika fakültəsində "Tərcümə, televiziya və radio jurnalistikası" kafedrasının yaradıcısı, həmçinin 1979-1988-ci illərdə Jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb.

Jurnalistika fəaliyyətinin on ilini Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində davam etdirən Tofiq Rüstəmov tərcüməçilikdən İnformasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək uzun bir yol keçib. Bu illər efirdə ilk addımlarını ataraq, Azərbaycan radiosunun tarixini əks etdirən "Efirdə addımlar" və "Şaqi v efire" kitabları işıq üzü görüb. "Ulduz" radiostansiyasıının proqramlarına görə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayan Tofiq müəllim ADU-nun partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, baş müəllimi işləyib. O, 1970-ci ildə "M.S.Ordubadinin jurnalistlik fəaliyyəti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Alimin sonrakı illərdə Ordubadiyə həsr etdiyi tədqiqatları, "Alovlarda bərkiyən qələm" monoqrafiyası, M.S.Ordubadinin həyat və yaradıcılığına həsr olunan (Azərbaycan və rus dillərində) fotoalbom kimi araşdırmaları işıq üzü görüb. Tofiq Rüstəmovun əsərləri  Bakı, Moskva, Kiyev, Mahaçqala şəhərlərində nəşr olunmuşdur.

Professor T.Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsində ciddi araşdırmalar aparıb. Onun "Ədəbi redaktənin əsasları" və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" adlı dərs vəsaitləri indi də jurnalistlərin stolüstü kitablarıdır.

On ilə yaxın Jurnalistka fakültəsinin dekanı vəzifəsində çalışan Tofiq Rüstəmov  həmin fakültədə tərcümə nəzəriyyəsi və praktikası üzrə ixtisaslaşma kurslarının yaradıcılarındandır. Görkəmli alim həm də ilk dəfə "Azərbaycanda tərcümə sənəti ənənələri" kursu daxil edilən "Tərcümə nəzəriyyəsi və praktikası" proqramını tərtib etməklə adını Jurnalistika fakültəsinin tarixində əbədiləşdirən alimdir.

T.Rüstəmov rəngarəng publisist məqalələrin, bir neçə radiopyesin, Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmiş telefilmlərin ssenari müəllifi, Lev Ginzburqun "Novıy mir" jurnalında nəşr olunan və böyük əks-səda yaradan "O dünyada görüşlər" (Münhen dəftərindən) sənədli hekayənin, İsveçrə yazıçısı Fridrix Dürrenmattın "Böyük Romul" və B.Caqarovun "Prokuror" komediya və pyeslərinin, digər bədii və bədii-publisist əsərlərin, eləcə də Aleksandr Bestujev-Marlinskinin "Molla Nur" povestinin tərcüməçisi kimi tanınıb.

Dövrünün tanınmış yazıçısı, şairi, ədəbi tənqidçisi, dekabrist hərəkatının fəal nümayəndəsi A.A.Bestujev-Marlinski 40 illik ömrünün yeddi ilini Qafqazda sürgündə keçirib. Azərbaycan ziyalılarından M.F.Axundzadənin, A.Bakıxanovun yaxın dostu olan Marlinski hələ bir qədər əvvəl Şərq dillərinə, xüsusən türk dilinə maraq göstərib. Ölkəmizdə olduğu müddətdə o, tam olaraq Azərbaycan dilini öyrənmiş, tariximiz və yerli adət-ənənələrimizlə daha yaxından tanış olmuşdu. Hətta yerli əhali ona "İsgəndər bəy" deyə müraciət etmişdir.

Tofiq Rüstəmovun ömür yoluna nəzər salanda görürük ki, onun Bestujev-Marlinskinin yaradıcılığına marağı 1960-cı illərdən - "İnsan və şeytan" oçerkinin təcürməsi ilə  başlayıb. 1988-ci ildə isə "Molla Nur" povesti Azərbaycan dilində çap olunub. Tərcüməçinin hər iki dili mükəmməl bilməsi əsərin qüsursuz, ustalıqla dilimizə çevrilməsinə vəsilə olub. Qeyd etmək lazımdır ki, bu adi tərcümə əsəri yox, həm də Marlinski yaradıcılığının və "Molla Nur"un uzun bir dövrü əhatə edən araşdırmasıdır. Tərcümə əsəri oxucuda Azərbaycan şifahi xalq yaradıcılığı elementləri ilə tanış olmaq imkanı yaradır.

1990-cı illər keçmiş SSRİ məkanında siyasi proseslərin vüsət aldığı, müttəfiq respublikalarda əhalinin azadlığı uğrunda mübarizə apardığı illər kimi tarixiləşib. O illər xalqımızın tarixinə yalnız bir ictimai formasiyanın başqası ilə əvəzlənməsi kimi yox, ən keşməkeşli illər kimi yazılıb. 1990-cı ilin qanlı Yanvar faciəsi torpaqlarımızın ard-arda işğalı, milyonlarla soydaşımızın Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində öz ata-baba yurdundan məcburi olaraq didərgin düşməsi ilə nəticələnib. Minlərlə azərbaycanlının Ermənistan ordusu tərəfindən qəddarlıqla qətlə yetirildiyi illər kimi yaddaşlara yazılıb. Tarixin belə bir ağrılı zamanında Tofiq Rüstəmov Kommunist Partiyasının ideoloji ruporu olan "Kommunist" qəzetinə baş redaktor təyin edilib. O, bu vəzifədə əsl ziyalı, xalq adamı, milli düşüncənin, ruhun ideoloqlarından biri olduğunu bir daha təsdiq etdi. 

Yazı çapa hazırlanarkən Tofiq Rüstəmovun qızı, BDU-nun dosenti Sevinc Məmmədova ilə də görüşdük. Sevinc xanım atası haqqında çox qısa danışdı. "Ata bizim ən yaxın dostumuz idi. Onun evdə, ailədə səsini qaldırdığının şahidi olmamışam. Bir baxışı kifayət edirdi ki, fikrini ifadə etsin. "Kommunist" qəzetində işlədiyi son illər çox düşüncəli idi, çox işləyirdi. Gecəsi-gündüzü yox idi. 

Atam 1995-ci ildə "Xalq qəzeti"ndən - "Kommunist"dən ayrıldı. Ömrünün sonuna kim BDU-da pedaqoji fəaliyyətlə məşğul oldu. 1990-cı il yanvarın 20-də xalqımızın başına gətirilən qanlı faciə atama çox pis təsir etmişdi. İşə bir baxın, atam özü də 20 yanvar 1998-ci ildə ürək tutmasından dünyasını dəyişdi. O, 61 illik ömrünü elə şərəflə yaşadı ki, adı ilə iftixar duyuruq. 

Atamın sənətini davam etdirirəm. Universitetə daxil olanda hara baxıramsa, sanki atamın gülümsər baxışlarını görürəm. Mənə elə gəlir ki, atam qalib, qüdrətli Azərbaycanın uğurlarını görüb sevinir, gülür. Bugünkü qüdrətli Azərbaycan atamın arzuladığı, həsrətində olduğu Azərbaycandır".

Görkəmli ictimai xadim Tofiq Rüstəmov Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, SSRİ-nin Dövlət Universitetləri Elmi-Metodik Birliyinin Jurnalistika şöbəsinin üzvü olub. O, 1982-ci ildə Azərbaycan SSR "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Müxtəlif vaxtlarda Jurnalistika fakültəsi Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvü, Azərbaycan Jurnalistlər İttifaqı yanında Jurnalist Sənətkarlığı İnstitutunun rektoru olub.

Bu gün Tofiq Rüstəmov cismən aramızda yoxdur. O, ruhu, peşəkarlığı, əxlaqı ilə sənətini uca tutan jurnalistlərin ürəyində əbədi olaraq yaşayacaq.

Elşən QƏNİYEV,

"Azərbaycan"

1Sources