EN

"Patriot" kompleksləri Ukrayna üçün həyati əhəmiyyət kəsb edir" - "The Wall Street Journal"

 
"Vaşinqtondan Berlinə qədər uzanan yeni hava hücumundan müdafiə dəstəyi..."
 
Almaniya və ABŞ, Rusiyanın artan hava hücumları qarşısında Ukraynanın müdafiəsini gücləndirmək üçün yeni "Patriot" zenit-raket sistemlərinin göndərilməsi barədə razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, bu qərar həm siyasi, həm də hərbi cəhətdən vacib olsa da, silahların real çatdırılma müddəti və effektiv tətbiqi ətrafında müəyyən suallar yaranır.
 
Trampın mövqeyi və NATO-nun maliyyə dəstəyi
 
ABŞ prezidenti Donald Tramp Ukraynaya 17 ədəd "Patriot" sistemi və onların sursatlarını göndərməyi vəd edib. Bu sistemlərin maliyyələşdirilməsi Avropa dövlətləri və NATO tərəfindən həyata keçiriləcək. Yəni, ABŞ silahları verir, Avropa isə onları ödəyir. Trampın sözlərinə görə, ilk "Patriot" kompleksləri "bir neçə gün ərzində" Ukraynaya çatdırılacaq.
 
Bu təşəbbüsün məqsədi Rusiyanın Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi bombardmanların qarşısını almaqdır. Tramp eyni zamanda Rusiyaya sülh danışıqlarına başlamaq üçün 50 günlük müddət tanıyıb. Əgər Moskva bu müddət ərzində atəşkəsə razılaşmazsa, ABŞ ciddi iqtisadi sanksiyalar tətbiq edəcək.
 
Almaniyanın mövqeyi: alınacaq, amma dərhal yox
 
 
Almaniya müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Berlin Ukrayna üçün ABŞ-dan iki yeni "Patriot" sistemi alacaq. Lakin bu sistemlərin çatdırılması "aylar çəkə bilər". O, Almaniyanın hazırda öz ehtiyatlarından əlavə sistem təqdim etməyə hazır olmadığını vurğulayıb. Bununla belə, Ukraynanın ehtiyaclarını nəzərə alaraq, yeni sistemlərin alqısına razılıq verildiyini bildirib.
 
Ukrayna üçün həyati əhəmiyyət daşıyan texnologiya
 
"Forbes" nəşri yazır ki, "Patriot" kompleksləri Ukraynanın Rusiya raketlərinə qarşı ən güclü müdafiə silahıdır. Xüsusilə 2024-cü ilin fevralında cəbhə xəttinə yaxın yerləşdirilən "Patriot" sistemləri bir ayda 10-dan çox Rusiya hərbi təyyarəsini vurmağa nail olub.
 
Bundan başqa, sistem "İsgəndər" və "Kinjal" kimi yüksək sürətli ballistik raketləri də uğurla zərərsizləşdirib. Bu, əvvəllər "keçilməz" hesab edilən Rusiya silahları üçün ciddi nüfuz zərbəsidir. Ukrayna "Patriot" komplekslərini qorumaq üçün yaradıcı üsullara əl atıb, məsələn, idarəetmə bloklarının üzərinə metal lövhələr əlavə edərək onları qəlpə və partlayışlardan qoruyur.
 
Ukraynanın ehtiyacı: iki fərqli tip "Patriot"
 
Hazırda Ukrayna üçün ən vacib olan iki "Patriot" tipi var: qanadlı raketlərə qarşı PAC-2; ballistik raketlərə qarşı PAC-3. Bunlar dünyada hər iki tip təhdidə qarşı eyni zamanda effektiv olan yeganə hava hücumundan müdafiə sistemləridir. Yeni "Patriot" sistemlərinin Ukraynaya göndərilməsi rəsmi şəkildə təsdiqlənsə də, onların tam çatdırılması və istifadəyə verilməsi aylarla vaxt ala bilər. 
 
Bu gecikmələr fonunda Rusiyanın hücumları davam edir. Lakin ABŞ və Avropa müttəfiqlərinin siyasi iradəsi və maliyyə dəstəyi Ukraynanın hava müdafiəsini gücləndirmək üçün real perspektiv vəd edir. Ukraynanın həyatda qalması isə məhz bu sistemlərin nə qədər tez və effektiv istifadəyə veriləcəyindən asılı olacaq.
 
Son açıqlama: "Patriot" kompleksləri üçün raketlər artıq yoldadır..."
 
Prezident Donald Tramp bəyan edib ki, Ukraynaya göndəriləcək "Patriot" kompleksləri üçün nəzərdə tutulan raketlərin tədarükü artıq başlayıb. "Onlar artıq yoldadır. Almaniyadan göndərilir və Almaniya sonradan bu silahları öz ehtiyatları ilə əvəz edəcək. ABŞ isə bu komplekslərin tam ödənişini alacaq", - Tramp vurğulayıb.
Chosen
38
11
moderator.az

10Sources