EN

"Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi hazırlayır" - BBC

"Rusiya neft satışından hələ də gəlirlərinin üçdə birini əldə edir, ona görə də bu axını kəsməyə məcburuq..."

Avropa İttifaqı Rusiyanın Ukraynadakı müharibəsinə görə 18-ci sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Bu dəfəki tədbirlər əsasən Rusiya energetikasına, "kölgə" tanker donanmasına, SWIFT-dən çıxarılacaq banklara və sanksiyalardan yayınmağa kömək edən Çin və Belarus şirkətlərinə yönəlib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Yeni paket bir qədər də olsa Rusiya iqtisadiyyatını sıxışdırmağı hədəfləyir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenin sözlərinə görə, məqsəd Rusiyanı heç olmasa 30 günlük atəşkəsə məcbur etməkdir. O, deyib ki, "Moskva ciddi danışıqlar üçün masaya oturmayınca, təzyiqlər davam edəcək".

Lakin sanksiyaların qəbulu aylarla gecikib. Səbəb isə Slovakiyanın müqavimətidir. Bu ölkə Rusiya qazından imtinaya qarşı çıxaraq kompensasiya tələb edir. Çünki 2028-ci ilədək Rusiya qazından tam imtina planı xüsusilə Slovakiya və Macarıstan kimi ölkələr üçün iqtisadi çətinlik yaradır. Bu ölkələr qazı əsasən boru kəmərləri ilə alır və alternativlər daha baha başa gəlir.

Slovakiya baş naziri Robert Fitso səsverməni bloklamaqla Avropa İttifaqına açıq mesaj göndərib: əgər veto hüququndan məhrum olacağıqsa, başqa sanksiyaları da əngəlləyərik. Brüssel bu problemi aradan qaldırmaq üçün qazla bağlı qərarları sanksiya deyil, ticarət məhdudiyyəti kimi təqdim edir ki, bu da ümumi konsensus deyil, əksəriyyət səsi ilə qəbul edilə bilir.

Sanksiyalar nələri əhatə edir?

  •  "Şimal axını” qaz kəmərinin istənilən hissəsinin yenidən işə salınması qadağan ediləcək.
  •  Rusiya neft məhsullarının Avropaya daşınmasına xidmət edən "kölgə" tankerlərə qarşı məhdudiyyətlər sərtləşdiriləcək.
  •  Daha 20-yə yaxın Rusiya bankı SWIFT-dən tamamilə ayrılacaq, bu banklarla hər hansı maliyyə əməliyyatı qadağan ediləcək.
  •  Rusiya ilə sanksiyalardan yayınmaq üçün əməkdaşlıq edən Çin, Belarus və digər ölkələrin bank və şirkətlərinə qarşı "ikinci dərəcəli sanksiyalar" tətbiq olunacaq.

Neft qiyməti limiti və Trampın mövqeyi

Avropa İttifaqı Rusiyanın neft gəlirlərini azaltmaq məqsədilə qiymət limitini 60 dollardan 45 dollara endirmək istəsə də, bu tədbirin təsiri məhdud olacaq. Çünki Avropa artıq Rusiya neftini almır - limit əsasən Avropa şirkətlərinin digər ölkələrə daşımaları üçün tətbiq olunur.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp bu limitin endirilməsinə qarşı çıxır. O, dünya bazarında, xüsusilə Yaxın Şərqdəki iki müharibə fonunda benzin qiymətlərinin kəskin bahalaşmasından ehtiyat edir. Beləliklə, Avropa İttifaqı təkbaşına bu qərarı versə də, təsir dairəsi zəif qalacaq.

Fon der Lyayyen qeyd edir ki, "Rusiya neft satışından hələ də gəlirlərinin üçdə birini əldə edir. Ona görə də bu axını kəsməyə məcburuq". Yeni paket Brüsselin Moskvaya qarşı təzyiq strategiyasının davamıdır. Lakin daxilində parçalanmalar olan Avropa İttifaqı üçün bu sanksiyalar həm də öz birliyini qoruma sınağına çevrilib.

Chosen
15
moderator.az

1Sources