EN

“Bank of Baku”nun faiz gəlirləri və mənfəəti artıb

“Bank of Baku” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu ilin ikinci rübündə “Bank of Baku”nun faiz gəlirləri 83 milyon 626 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 72 milyon 872 min manat olub. Beləliklə, faiz gəlirlərində 10 milyon 753 min manat və ya 14,75% artım qeydə alınıb.

Faiz gəlirlərinin artmasına əsas səbəb müştərilərə verilən kreditlər olub. Cari dövrdə bu istiqamətdə əldə olunan gəlir 79 milyon 268 min manat təşkil edib. Ötən il isə bu göstərici 68 milyon 18 min manat idi.

Hesabata əsasən, bankın faiz xərcləri 32 milyon 99 min manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 27 milyon 61 min manat təşkil edib. Nəticə etibarilə, faiz xərclərində 5 milyon 37,95 min manat və ya 18,61% artım müşahidə olunub.

Faiz xərclərinin əsas hissəsini depozitlər üzrə ödənilən 30 milyon 383 min manatlıq faizlər təşkil edib. Qeyd olunur ki, hesabat dövründə bank Mərkəzi Bank və dövlət fondları qarşısında faiz xərci ödəməyib.

Hesabat dövründə bankın xalis faiz gəliri (zərəri) 51 milyon 526 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 715,54 min manat artıb. Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə xalis faiz gəliri 45 milyon 811 min manat təşkil etmişdi.

Bankın qeyri-faiz gəlirlərində də cüzi artım qeydə alınıb. Bu il göstərici 8 milyon 645 min manat olub, ötən il isə 8 milyon 22 min manat təşkil edib. Beləliklə, qeyri-faiz gəlirləri 622,58 min manat və ya 7,7% artıb.

Qeyri-faiz xərcləri 41 milyon 303 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 40 milyon 117 min manat idi. Hesabata əsasən, bu xərclərin 17 milyon 100 min manatı əməkhaqqı və digər kompensasiya ödənişlərinə yönəldilib. Qalan hissə isə ümumi, amortizasiya və digər xərclərdən ibarət olub.

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlar azalaraq 196 min manata enib.

Mənfəət vergisindən əvvəlki mənfəət 19 milyon 65 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 384,5 min manat və ya 29,8% artım deməkdir. 2024-cü ilin ikinci rübündə bu göstərici 14 milyon 680 min manat olmuşdu.

Bankın mənfəət vergisi 1 milyon 258,5 min manat və ya 34,27% artaraq 4 milyon 929 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 671 min manat idi.

Hesabat dövründə bankın xalis mənfəəti 14 milyon 135 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 11 milyon 9 min manat olmuşdu. Beləliklə, xalis mənfəətdə 3 milyon 126,01 min manat və ya 23,39% artım qeydə alınıb.

Sərvanə Rəmixanova

Chosen
37
valyuta.az

1Sources