EN

Yaxın Şərq yenidən alovlanır: İsrail növbəti planını işə saldı - Politoloqdan sensasion açıqlamalar

Yaxın Şərqdə vəziyyət yenidən alovlanır. Suriyada məhzəblər arası münaqişələr bir neçə gündü davam edir.  Suriyada bədəvi və druz icmaları arasında baş verən qarşıdurmanın əsas səbəbləri nədir? İsrailin son günlərdə Suriyada həyata keçirdiyi hücumların əsas məqsədi nədir? Bu əməliyyatlar regionda yeni hərbi mərhələnin başlanğıcı ola bilərmi?
 
Moderator.az-a açıqlama verən  Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Suriyanın təhlükəsizliyi və ərazi bütövlüyü bu ölkədə milli dövlət quruculuğunun inkişafını göstərir. Onun sözlərinə görə, lakin İsrailin hərbi-siyasi hakimiyyəti bu prosesi narahatlıqla izləyir və müəyyən mənada qısqanclıqla yanaşır:
“İsrail Suriyanın ərazi bütövlüyünün qorunmasına qarşıdır və bu ölkənin federallaşmasını, yəni bölünməsini dəstəkləyir.  
İsrail eyni zamanda Türkiyənin Suriyada artan hərbi-siyasi mövqeyindən də narahatdır və bu narahatlıq fonunda müəyyən siyasətlər həyata keçirir. Suriyada təxminən 700 min druz yaşayır, İsraildə isə bu rəqəm 150-200 minə yaxındır. Lakin Suriya, bu icmanın ərazisində yerləşdiyi dövlət olaraq, onların müdafiəsi məsələsində İsraildən daha çox mənəvi və hüquqi-siyasi haqqa malikdir. İsrailin Baş naziri Benyamin Netanyahunun daxildə korrupsiya ittihamları və siyasi sabitliyin pozulması fonunda diqqəti yayındırmaq məqsədilə belə bir siyasət yürütməsi mümkündür. Onun sionist siyasətində həm Türkiyə hədəfə alınır, həm də druz icmasından istifadə etməklə Suriyada hərbi böhran dərinləşdirilir”.
 
Politoloq həmçinin bildirib ki, İsrail və Suriya arasında gedən danışıqlarda İsrail tərəfi Qolan təpələrini Suriyadan tələb edir və druzların yaşadığı bölgədə onlara muxtariyyət verilməsini irəli sürür.
“Təbii ki, Suriya İsrailin bu tələblərinə razı ola bilməz. Ümumiyyətlə, Suriyanın İsrailə qarşı ciddi təhlükəsizlik prinsipləri və razılaşmaları yoxdur. Lakin görünən odur ki, İsrail tərəfi həm Livana, həm İrana, həm də Suriyaya qarşı ardıcıl hərbi əməliyyatlar həyata keçirir. Bu isə növbəti mərhələdə İsrail xalqı ilə qonşu ölkələr arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Nəticə etibarilə, bu dövlətlər gələcəkdə artıq İsrailin regionda mövcudluğunda maraqlı olmaya bilərlər.
İsrailin həyata keçirdiyi bu siyasət bir tərəfdən Suriyada sünni məzhəblərarası qarşıdurmanı qızışdırır, digər tərəfdən isə Türkiyəni hədəf alır və onun bölgədə möhkəmlənməsinin qarşısını almağa çalışır. Suriyada Əl-Şaaranın xalq tərəfindən qəbul olunması və beynəlxalq aləmdə legitim siyasi fiqur kimi tanınması bu ölkənin güclənməsinə səbəb ola bilər ki, bu da İsraili ciddi şəkildə narahat edən əsas amillərdəndir. İsrailin hazırkı sionist yönümlü hökuməti qonşu xalqlara qarşı son dərəcə irqçi və militarist bir siyasət yürüdür”.
 
Mehin Mehmanqızı
 
Chosen
63
43
moderator.az

10Sources