"Biz ölkəmizi parçalamaq və xalqımızı bir-birinə düşmən etmək planlarını puç edəcəyik..."
İyulun 17-nə keçən gecə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ölkə televiziyası vasitəsilə xalqa müraciətlə çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "islamnews.ru" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, İsrailin Dəməşqə və Əs-Suveydə vilayətinə raket zərbələri, hökumət qüvvələri ilə druz icmasının silahlı qarşıdurması və regiondakı islamçı qrupların törətdiyi qanlı hadisələr fonunda bu çıxış ölkə daxilində və regionda baş verən gərgin proseslərə cavab idi.
İsrailin məqsədi Suriyanı daxildən parçalamaqdır
Prezidentin sözlərinə görə, İsrail yenidən Suriya daxilində qarşıdurma yaratmaq, ölkəni zəiflətmək və xaosa sürükləmək istəyir. Şaraa vurğulayıb ki, druz icması Suriya xalqının ayrılmaz hissəsidir və onların müdafiəsi hökumət üçün prioritetdir. O, bildirib ki, Dəməşq İsrailin təxribatlarına cavab olaraq müharibə yolunu deyil, ölkə daxilində birliyin qorunmasını seçib. Bizim qarşımızda iki seçim vardı: ya İsraillə açıq müharibə, ya da ölkənin birliyini və xalqın təhlükəsizliyini qorumaq. Biz ikinci yolu seçdik. Amma hamı bilməlidir ki, biz müharibədən qorxmuruq. Biz bu müharibədə yaşamış bir xalqıq.
Druz icmasına qarşı hücumlar və xarici müdaxilələr
Əs-Suveydə şəhərində baş verən hadisələr - druz döyüşçülərinin müqaviməti, şəhər xəstəxanasında islamçı qrupların törətdiyi qətliam və bu qrupların hökumət qoşunları ilə birgə hərəkət etməsi Suriya daxilində məqsədli qarşıdurmanın alovlandırıldığını göstərir. Prezident İsrailin bu təxribatların başında durduğunu və məqsədinin ölkəni daxildən parçalamaq olduğunu bildirdi. Suriya heç vaxt xarici dövlətlərin sınaq meydanı olmayacaq. Biz onların ölkəmizi parçalamaq və xalqımızı bir-birinə düşmən etmək planlarını puç edəcəyik.
Diplomatik vasitəçilik müharibənin qarşısını aldı
Prezident çıxışında qeyd edib ki, ABŞ, Türkiyə və bir sıra ərəb dövlətlərinin vasitəçiliyi sayəsində genişmiqyaslı müharibənin qarşısı alınıb. Eyni zamanda, o, bəzi qanunsuz silahlı qrupları danışıqlardan imtina etdiklərinə və son hadisələrdə mülki əhaliyə qarşı cinayətlər törətdiklərinə görə sərt tənqid edib. Hazırda biz Əs-Suveydədə təhlükəsizliyin təminini yerli fraksiyalara və müdrik ağsaqqallara həvalə etdik. Çünki qarşıdurmalardan yayınmaq bizim üçün ölkənin sabitliyini qorumaq qədər vacibdir.
Suriya hökuməti İsraili ittiham etdi
Suriya Xarici İşlər Nazirliyi İsrailin Dəməşq və Əs-Suveydədəki mülki və dövlət obyektlərinə endirdiyi hava zərbələrini qətiyyətlə pisləyib. Bildirilib ki, bu hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı insanlar həlak olub və yaralanıb, mülki infrastruktur ciddi zərər görüb. Suriya İsrailin bu təxribatlarını beynəlxalq hüququn və humanitar normaların açıq şəkildə pozulması kimi qiymətləndirib və BMT Təhlükəsizlik Şurasını dərhal tədbir görməyə çağırıb. Rəsmi Dəməşq bu hücumların məqsədli şəkildə bölgədə xaos yaratmağa və ölkənin sabitliyini pozmağa yönəldiyini bəyan edib.
Milli həmrəylik çağırışı
Prezident Şaraa xalqa müraciətində bir daha milli birliyin və dövlətə sədaqətin vacibliyini önə çəkib. O, bildirib ki, hər bir suriyalı şəxsi maraqlarını kənara qoymalı, dövlətin ətrafında birləşməli və "Yeni Suriya"nın qurulması naminə səylə çalışmalıdır. Suriya xalqı öz ləyaqətini qorumağı bacaran xalqdır. Biz milli maraqları hər şeydən üstün tutaraq ölkəmizin suverenliyini qoruyacağıq. Xaricdən gələn heç bir ambisiya bizim birliyimizi poza bilməz. Biz Suriyanın nüfuzunu və ləyaqətini yenidən bərpa edəcəyik.