Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) 2024-2025-ci tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi, hər iki universitetin rektorları, Koreyanın Azərbaycandakı Səfirliyi və KOİCA-nın əməkdaşları, iş adamları, universitetlərin professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İNHA Universiteti ilə icra edilən ikili diplom proqramının sayca ikinci məzun buraxılışının keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın ölkəmizin kadr potensialının güclənməsində mühüm roluna diqqət çəkən rektor dünyanın aparıcı universitetləri ilə birgə 6 beynəlxalq ikili diplom proqramından birinin məhz BMU tərəfindən həyata keçirildiyini universitetin tarixində mühüm hadisə kimi qiymətləndirib.
Proqramla bağlı bir sıra statistik rəqəmləri nəzərə çatdıran Yaqub Piriyev Azərbaycan və Koreya respublikaları arasındakı əlaqələrə müsbət töhfə verən, professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşməsində, yüksəkixtisaslı kadrların yetişirilməsində müsbət rol oynayan proqrama görə dövlət rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, proqramın gerçəkləşməsində dəstəyi üçün İNHA Universitetinə minnətdarlıq edib.
Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev məzunlara səmimi təbriklərini çatdırıb, təhsillərini başa vuran gənclərin əldə etdikləri bilik və bacarıqların həyatlarının növbəti mərhələsində onlara böyük dəstək olacağına, qazandıqları ixtisaslarla yerli və xarici əmək bazarında tələb edilən səhələrdə uğurlu karyera qura biləcəklərinə əminliyini söyləyib.
Sonra tədbirdə İNHA Universitetinin rektoru Cho Myeong Voo, Koreyanın ölkəmizdəki səfiri Kymgu Kang çıxış edərək məzunlara təbriklərini çatdırıb, Koreya və Azərbaycan arasında təhsil əməkdaşlığının gözəl rəmzinə çevrilən ikili diplom proqramının beynəlxalq səviyyədə kadr hazırlığına uğurla xidmət etdiyini söyləyiblər.
Tələbələrin ifasında Azərbaycan və Koreya rəqsləri, eyni zamanda Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun ifasında muğam parçaları ilə zəngin bədii hissənin ardınca ixtisas birinciləri, sosial-ictimai həyatda fəal iştirak edən məzunlar mükafatlandırılıb. Həmçinin məzunlara diplomlar təqdim olunub.









