EN

''Fənərbaxça'' ''Marka''nın Duranla bağlı qalmaqallı xəbərini təkzib etdi

Bu yay Con Duranı heyətinə qatmaqla adından söz etdirən ''Fənərbaxça''da bu futbolçu ilə bağlı sürpriz xəbərlər yayılmışdı.

Məlum olduğu kimi ''Fənər'' iyulun 14-dən Portuqaliyada toplanışdadı. Toplanışın ilk iki günündə kolumbiyalı forvardın komanda ilə olmaması diqqət çəkmişdi. İyulun 16-da İspaniyanın ünlü ''Marka'' nəşrində bu hadisə ilə bağlı qalmaqallı məqalə dərc olundu. Həmin məqalədə hətta baş məşqçi Joze Mourinyonun sözlərinə də yer verildi:
''Duranın bu hərəkəti, yəni ilk məşqi buraxması komandaya və komanda yoldaşlarına qarşı hörmətsizlikdi. Buranın konkret intizam qaydaları var və buna riayət etməyən istənilən şəxs bunun acısını çəkəcək. Gəldikdən sonra onunla təklikdə söhbət edəcəm''.
Bu xəbər qısa müddət ərzində sosial şəbəkələrdə fanatlar arasında böyük müzakirələrə səbəb oldu. Ancaq çox keçmədən xəbər klub tərəfindən rəsmi şəkildə təkzib olundu. ''Fənər''in mətbuatla əlaqələr üzrə yönəticisi Alpər Yemencilər bu xəbəri təkzib edərək Mourinyonun heç bir mətbu orqana belə bir açıqlama vermədiyini dedi və Duranın komandanın düşərgəsinə qoşulmaq üçün artıq Portuqaliyaya yollandığını vurğuladı.

Bu açıqlamadan bir müddət sonra isə ''Fənər''in rəsmi saytında yeni xəbər yerləşdirildi. Orda Duranın komandanın düşərgəsinə qoşulması, eləcə də Mourinyo və yeni komanda yoldaşları ilə salamlaşmasına dair şəkillər əks olundu. Şəkillərdə Mourinyo ilə Duranın səmimi formada qucaqlaşdığı görünür. Ona görə də ''Marka''nın xəbərinin həqiqətən də uydurma olduğunu güman etmək olar.

Qeyd edək ki, ''Fənər'' Portuqaliyada ilk yoxlama matçını iyulun 17-də yerli ''Portimonense''yə qarşı keçirəcək.
Chosen
194
50
football-plus.az

10Sources