“Leypsiq” 18 yaşlı serb hücumameyilli yarımmüdafiəçi Andriya Maksimoviçi “Srvena Zvezda”dan tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə “Leypsiq”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “buğalar”a 14 milyon avro məbləğ müqabilində başa gəlib.
Andriya Maksimoviç “Srvena Zvezda”nın məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində həmçinin Belqrad “Qrafiçar”ı üçün icarə əsasında çıxış edib.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Maksimoviç “Srvena Zvezda” üçün 39 oyun keçirib, 6 qol vurub, 8 məhsuldar ötürmə verib.
Andriya Maksimoviç 2024-cü ilin oktyabr ayında debüt etdiyi Serbiya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyun keçirib.
Andriya Maksimoviç “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2024/2025) və Serbiya Kubokunu (2023/2024, 2024/2025) qazanıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı serb yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
