EN

Kreml öz ayağına güllə atıb: Region Moskvasız daha sabitdir

“Moskvanın Cənubi Qafqazda status-kvonu bərpa etmək imkanları artıq tükənib. Bu imkanlar ona görə tükənib ki, Moskva etibarlı tərəfdaş olmadığını dəfələrlə sübut edib – xüsusilə də Azərbaycana münasibətdə. Azərbaycan Moskvanın düşdüyü vəziyyəti nəzərə alaraq, illər boyu onun üçün bir növ “nəfəslik” rolunu oynayıb. Yəni biz qapımızı Moskvanın üzünə çırpmamışıq, bağlamamışıq. Əksinə, çalışmışıq ki, ikitərəfli münasibətlər yüksək səviyyədə olsun, aramıza üçüncü tərəflər girməsin”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla münasibətlərindəki gərginlik onun Cənubi Qafqazdakı rolu ilə bağlı suallar doğurur. Bakı və İrəvanın sülh danışıqlarını vasitəçisiz aparması, liderlərin fərqli platformalarda görüşməsi və Moskvanın çağırışlarına məhəl qoyulmaması, Kreml üçün ciddi siqnaldır. Analitiklər bunu Rusiyanın regiondakı təsir imkanlarının azalması kimi dəyərləndirirlər.

Siyasi şərhçi bildirib ki, təəssüf ki, məhz Moskvanın təşəbbüsü ilə anti-Azərbaycan kampaniyaları ardıcıl şəkildə təşviq olunub və ölkəmizə qarşı açıq demarşlar həyata keçirilib.

“Təbii ki, bütün bunların qarşılığında Azərbaycan da öz dövlət və milli maraqlarını qorumaq üçün Moskvanın bu addımlarına cavab verməli olub və bundan sonra da verəcək. Yəni, Moskva özü öz ayağına güllə atıb. Bu münasibətlərin pozulmasında bizim heç bir günahımız yoxdur – normal münasibətləri Moskvanın özü pozub. Bundan sonra biz Moskva ilə əvvəlki qaydada münasibətləri davam etdirmək istəyəcəyikmi? Əlbəttə ki, yox. Bir dəfə xəyanət gördüksə, ikinci dəfə xəyanət üçün şərait yaratmaq fikrində deyilik. Demək istədiyim odur ki, Moskvanın Cənubi Qafqazdakı mövqeyi artıq çıxılmaz vəziyyətdədir. Bu bölgədə heç bir dövlət Moskva ilə əvvəlki kimi yaxın olmaq istəmir və istəməyəcək. Baxın, Ermənistan və Azərbaycan Moskvanın iştirakı olmadan yüksək səviyyəli ikitərəfli görüş keçirib və hər iki tərəf bu görüşün nəticələrindən razıdır. Hətta üçüncü tərəflər – Moskva daxil olmaqla – bu görüşü alqışlayır. Niyə? Çünki bu görüşdə Moskva iştirak etməyib. Məhz buna görə də nəticə əldə olunub. Biz – Cənubi Qafqaz dövlətləri – Moskvasız daha xoşbəxt olacağımıza əminik və bunu əməldə də görürük. O halda, Moskva bizə nəyə lazımdır?”.

Siyasi şərhçi əlavə edib ki, Moskvanın Cənubi Qafqaza qayıdışı ilə bağlı düşünmək belə yersizdir:

“Əsla! Moskva artıq yavaş-yavaş bizə hörmət etməyi öyrənsin. Eyni zamanda, yaxın gələcəkdə öz çöküşü nəticəsində yaranacaq yeni müstəqil dövlətlərlə bağlı problemləri indidən həll etsin ki, sabah həmin dövlətlərlə də normal münasibətlər qurmaq imkanlarını əldən verməsin”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Chosen
72
18
aznews.az

9Sources