Türkiyənin İstanbul şəhərində 7-ci dəfə təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunlara 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kiloqram), Ayxan Nuruyev (58 kiloqram), Amin Əliyev (63 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmran Bağırov (70 kiloqram), Orxan Cəfərov (80 kiloqram) və Səmayə Həsənova (47 kiloqram), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kiloqram), Hüseyn İsmayılzadə (70 kiloqram) və Elnarə Nizamlı (60 kiloqram), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev qüvvəsini sınayacaq.
Oyunlar 33 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə iyulun 21-28-də keçiriləcək.