EN

Quba Soyqırımı Memorial Kompleksi tarixi yaddaşımızdır

Son iki əsr ərzində ermənilər Azərbaycan torpaqlarında iğtişaşlar törətmiş, minlərlə insanın qətlinə fərman vermişlər. Çox zaman onların qanlı hərəkətlərini sənədlərlə sübut etmək mümkün olsa da, əyani göstərməyin başqa effekti var.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən Qubanın müsəlman əhalisinə qarşı törədilmiş soyqırımının əyani sübutudur. 

Həmin ərazidə Soyqırımı Memorial Kompleksi yaradılıb və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yolunda böyük iş görür. Kompleksi ziyarət edənlər yay fəslində daha çox olur. May ayından başlayaraq kompleksə respublikamızın müxtəlif bölgələrindən məktəblilər, ayrı-ayrı kollektivlər ziyarətə gəlirlər. Təkcə bu ilin may-iyun aylarında kompleksi 10 mindən artıq adam ziyarət edib. Bəzi şəxslər özləri ilə gətirdikləri kitabları və keçmiş qəzet materiallarını kitabxanamıza hədiyyə edirlər.

Yerli ziyarətçilərlə yanaşı, xarici ölkələrdən gələn turistlər də kompleksə böyük maraq göstərirlər. Ərəb ölkələri, İran, Rusiya, Belarus və digər ölkələrdən ölkəmizə təşrif buyuranlar öz rəylərində soyqırımını pisləyir, qatilləri lənətləyirlər. Hazırda kompleksdə ingilis, rus, fransız, ərəb və alman dillərində tərcüməçilər çalışırlar. Xarici ziyarətçilərin hər birinə tariximizlə bağlı kitab və məlumat topluları hədiyyə edirik. 

Yay aylarında kompleksdə soyqırımı ilə bağlı tədbirlərimiz də olur. Ziyarətçilərin çoxu həmin tədbirlərdə həvəslə iştirak edirlər. Bəziləri hətta mərasimlərdə çıxış da edirlər. 

Bu günlər Qubaya istirahətə gələnlərin sayı bir qədər də artıb. Deməli, ziyarətçilərimizin sayı da çox olacaq. 

Rəxşəndə BAYRAMOVA,

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru

1Sources