EN

Lerikli taxılçılar sahələrdən 45-50 sentner məhsul götürüblər

Lerik, 19 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olan Lerikdə əhali əsasən dəmyə əkininə üstünlük verir. “Ərzaqlıq buğda ilə özünü təmin etmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanın icrası rayonda taxılçılığın inkişafına böyük stimul verib. Bunun nəticəsidir ki, builki təsərrüfat ilində fermerlər sahələrdən rekord nəticə əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu il lerikli fermerlər 3682 hektar sahədə taxıl əkiblər. Bu da ötən illə nisbətən 300 hektar çoxdur.

Dəniz səviyyəsindən yüksəklikdə yerləşən Siyov və Daster kəndlərində təsərrüfatçılar 250 hektarda çox taxıl yetişdiriblər. Siyov kənd sakini Novruz Qənbərov builki məhsuldarlıqdan razı qaldığını deyir.

“2 hektara yaxın taxıl əkmişdim. “Qobustan” sortu olan R1-də 25-30 sentner məhsuldarlıq var. Hazırda biçin gedir. Buradan yığdığımız məhsulu həm dəyirmana aparıb özümüz üçün un üyüdürük, həm də heyvanlara, toyuq-cücələrimizə veririk. Şükür bu il hava da yaxşıdır”, - deyə Novruz Qənbərov bildirib.

Bu il biçinə 13 kombayn cəlb olunub. Onlardan 4-ü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dislokasiya olunmuş yeni “Holland” dağ kombaynlarıdır. Bunlar relyefi çətin olan ərazilərdə taxıl biçininin optimal müddətdə həyata keçirilməsi üçün vətəndaşlara böyük köməklik göstərir. Növbəlilik əsasında aparıldığından biçində heç bir çətinlik yaranmayıb.

Dəstər kənd sakini Mübariz Dadaşov həm dövlətin dəstəyindən, həm də məhsuldarlıqdan razılıq edib: “Biz bu il hektar yarım buğda əkmişik. Allah dövlətimizə qüvvət versin. Bizə taxıl əkmək üçün subsidiya verir, biz fermerlər üçün şərait qurulur. Bu il məhsulda 30 sentner, hətta bir az da çox məhsuldarlıq nəzərdə tutulub. Bizə kömək edilməsə, kombayn göndərilməsə biz bu məhsuldarlığı əldə edə bilməzdik”.

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib ki, bu günədək rayonda 1758 hektar sahədə taxıl biçini həyata keçirilib. Əsasən Lerikin aşağı, orta dağətəyi kəndlərində biçin yekunlaşıb. DAİM-in direktoru Cahani Nüsrətzadə bildirib ki, biçilmiş taxıl sahələrində ümumi məhsuldarlıq 28 sentner olub ki, bununla da sahələrdən 4 min 924 ton məhsul əldə edilib.

“Bu da Lerik rayonu üçün dəmyə şəraitində əkilmiş taxıl sahələri üçün böyük göstəricidir. Murya, Boykəndil və Vistən kəndlərində olan nümunəvi fermerlərimiz var ki, onlar ərazilərindən 45-50 sentner məhsul əldə ediblər. O ərazilər aşağı dağətəyi ərazilərdə yerləşdi üçün artıq taxıl biçini başa çatdırılıb”, - deyə Cahani Nüsrətzadə qeyd edib.

Bir neçə gün sonra kombaynlar yüksək dağlıq ərazilərə qalxacaqlar. Həmin kəndlərdə taxıl bir qədər gec yetişdiyi üçün biçinə təxminən bir həftə sonra başlanılacaq.

Chosen
90
azertag.az

1Sources