Siz indi maşınla gəlmisiniz, tunellərdən də keçmisiniz. Təkcə Füzuli yolunda 7 tunel inşa edilib. Ümumi tunellərin uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti 2-3 ayda hazır olacaq. Murov dağının altındakı bu tunelin uzunluğu, təkcə bir tunelin uzunluğu 11700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib, indi Ağdama rahat qatarla getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun tikintisi də yəqin ki, yaxın zamanlarda başlayacaq. Həm çox mənzərəli bir vasitə olacaq, bunun funksional tərəfi də çox önəmlidir. Yəni hər yerdə inşaat, quruculuq işləri aparılır, xəstəxanalar, yaşayış binaları tikilir. Qeyd etdiyim kimi, biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun bir kəndinə insanlar qayıdıb, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir. Halbuki sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma bu gün qısa müddətdə bu qədər böyük işin görülməsi bir daha göstərir ki, nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, bura səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil”, - İ.Əliyev vurğulayıb.