EN

İnamın gücü ilə zəfərlərə doğru...

Zaman ötüb keçir. Ağrısını, acısını hələ də qəlbimizdə, bəzilərimizin isə həm də canında duyduğu Qarabağın və Şərqi Zəngəzurun işğal tarixindən  yavaş-yavaş uzaqlaşırıq. Ermənistanın əsarətdə saxladığı otuz ilə yaxın müddətdə dağıtdığı, məhv etdiyi, xarabalığa çevirdiyi həmin ərazilərdə Azərbaycan dövləti tikinti-quruculuq işləri həyata keçirir. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır...

Düşmənin gizlədə bilmədiyi həqiqət

Vandallar işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda daşı-daş üstündə qoymamışdılar. İkinci Qarabağ müharibəsindən sonra nəinki həmin ərazilərə səfər edən azərbaycanlılar, xarici ölkə rəhbərləri, siyasətçilər, səyyahlar da gördükləri mənzərələrdən dəhşətə gəlirdilər. Və istər-istəməz hər kəsin ilk ağlına gələn bu oldu ki, bu torpaqları işğal edənlər ona yad olduqlarını, burada müvəqqəti qaldıqlarını, Qarabağın, Şərqi Zəngəzurun əsl sahiblərinin bir gün mütləq geri qayıdacaqlarını yaxşı biliblər. Görünən o idi ki, xarici havadarları onları nə qədər ürəkləndirməyə, yağlı vədlərlə şirnikləndirməyə çalışsalar da, Ermənistan rəhbərliyi başda olmaqla işğalçı ermənilər bu həqiqəti heç zaman unutmayıblar. Odur ki, Ermənistan 1990-cı illərdə işğal etdiyi Azərbaycan ərazilərində yalnız istehkamlar qurub, səngərlər qazıb.

Nə qədər yalanlar uydururlarsa, uydursunlar, öz “tarixlərini” özləri yaxşı bilirdilər axı. Cənubi Qafqaza babaları işğal siyasətinin bir hissəsi kimi köçürülmüşdülər. Rusiya ilə İran arasında bağlanmış iki müqavilə - 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri ilə Azərbaycan iki yerə bölünmüşdü. Bundan sonra xislətlərində yaltaqlıq, riyakarlıq, namərdlik, satqınlıq olan ermənilər tədricən məmləkətimizə köçürülmüşdülər. Gəlmə ermənilər yerli azərbaycanlılara özlərini fağır, məzlum kimi göstərib, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən istifadə edib sığınacaq almışdılar. Lakin hər dəfə ictimai-siyasi gərginlik yarananda, ixtişaşlar düşəndə gəlmələr əsl simalarını gösrərmişdilər. Yanlarında həmişə boyunlarını bükdükləri, yalnız yaxşılıqlarını gördükləri azərbaycanlılara qənim kəsilmişdilər. Azğınlaşmış ermənilər can deyib, can eşitdikləri azərbaycanlıların evlərini talamışdılar, qətliamlar, qırğınlar, terrorlar, soyqırımıları törətmişdilər. Qəddarlıqla həyata keçirdikləri cinayət əməlləri “mükafatsız” qalmamışdı.  Nəticədə, köçürüldükləri Azərbaycan torpaqlarının bir hissəsində özlərinə Ermənistan adlı dövlət yaratmağa nail olmuşdular.

Ancaq vandalların tamah dişləri yenə də kəsərdən düşmədi. Azərbaycan torpaqlarından gözlərini çəkmədilər. İşğalçılıq niyyətlərini gerçəkləşdirmək üçün məqam gözlədilər. Təəssüf ki, Azərbaycan xalqı bu həqiqəti 1980-ci illərdə sovet imperiyası çökməyə başlayanda yenidən gördü. Sovet hökuməti ittifaqa daxil olan respublikaların müstəqillik əldə etmək arzularını reallaşdırmalarının qarşısına sədd çəkmək üçün fitnələrə meydan verdi. Erməni quldurları dərhal hərəkətə keçdilər. Məkrli planları onsuz da hər zaman vardı: Azərbcandan yeni ərazilər qoparmaq. 

1980-ci illərin sonlarında Azərbaycanın Qarabağ bölgəsindən ağır xəbərlər gəlməyə başladı. Erməni quldurları başladıqları münaqişənin miqyasını getdikcə böyütdülər. Münaqişə alovu Qarabağın və Şərqi Zəngəzurun əksər ərazilərini bürüdü.

O zaman da Azərbaycanın mərd, igid övladları ana vətənin harayına hay verdilər. Yağı düşməndən Qarabağı, Şərqi Zəngəzuru qorumaq üçün sinələrini sipər etdilər. Ancaq müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın nə ordusu vardı, nə silah-sursatı, nə də hərbi texnikası. Azərbaycanlıların əllərindən ov tüfənglərini belə almış sovet hökuməti erməni quldurlarını o dövrün müasir silahları, hərbi texnikası ilə təmin etmişdi. Hər cür yardım alan ermənilər Qarabağda, Şərqi Zəngəzurda dəhşətli qətliamlar, soyqırımıları törətdilər. Günahsız körpələrə, qadınlara, qocalara, əlillərə belə divan tutdular. Bütün dünyaya nə qədər azğın, amansız olduqlarını göstərdilər. 1990-cı ildə Azərbaycanın iyirmi faiz torpaqlarını işğal etdilər. Bir milyon azərbaycanlını işğalçılar evindən, yurdundan qovdular.

Amma otuz ilə yaxın işğal altında saxladıqları Qarabağda, Şərqi Zəngəzurda binə qurmadılar. Həmin müddətdə rəsmi İrəvanın işi, peşəsi özünə havadarlar axtarmaq oldu. Ermənistana himayədarlıq edən bəzi dövlətlərin və beynəlxalq təşkilatların münaqişənin həll edilməsində “rolları” yalnız işğal müddətini uzatmaq oldu. Bununla Azərbaycan dövlətini səmərəsiz sülh danışıqlarından bezdirəcəklərini, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad olunacağına inamını tükəndirəcəklərini düşünürdülər. ATƏT-in Minsk qrupunun bu məsələdə “xidmətləri” isə xüsusi vurğulanmalıdır.

Qətiyyətli cavab

Bütün məkrli planlara, riyakar oyunlara, ikili standartlara dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli cavabı belə idi: “Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın".

Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının gücləndirilməsinin prioritet olduğunu bildirirdi: "Bu, ölkəmizin təhlükəsizliyi üçün lazımdır", - deyirdi. Azərbaycanın ordu quruculuğu sahəsində mühüm işlər həyata keçirilirdi.

Azərbaycan dövlətinin məqsədi Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğaldan sülh yolu ilə azad etmək idi. Bu istiqamətdə ardıcıl olaraq məqsədyönlü işlər həyata keçirirdi. Lakin erməni qəsbkarları danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq niyyətində deyildilər. Bunu  atəşkəs rejimini tez-tez pozmaqla, mövqelərimizi atəşə tutmaqla nümayiş etdirirdilər. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr səhəri törətdikləri növbəti təxribat səbəbindən İkinci Qarabağ müharibəsi başladı.

Azərbaycanın mərd, igid oğulları qəsbkarların hücumlarını dəf etmək üçün döyüşə atıldılar. Vətən torpaqlarının azadlığı uğrunda gedən bu müqəddəs savaşda zabit və əsgərlərimiz böyük rəşadətlə, cəsarətlə vuruşdular. Çünki İkinci Qarabağ müharibəsinədək artıq formalaşmış, yüksək səviyyədə peşəkarlaşmış Azərbaycan Ordusu uzun illər yağıların tapdağı altında qalmış vətən torpaqlarını əsarətdən qurtamağa hazır idi.

Ağır döyüşlər 44 gün davam etdi. Qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Qarabağ və Şərqi Zəngəzur torpaqlarını düşməndən azad edə-edə addım-addım böyük Zəfərə yaxınlaşdı. 

İkinci Qarabağ müharibəsinin başladığı ilk anlardan xalqımız ordumuzun gücünə, qüdrətinə güvəndi, haqq savaşımızda qalib gələcəyimizə inandı. Arxa cəbhədə uşaqdan böyüyədək hər kəs intizarla ön cəbhədən gələcək qələbə xəbərlərini gözləyirdi. Bu gözləyişdə böyük ümid, həyəcan, sonsuz qürur vardı. Çünki Azərbaycan Ordusunun haqq işi uğrunda vuruşduğunu hər birimiz bilirdik.

Zabit və əsgərlərimiz öz torpalarının azadlığı uğrunda işğalçılara qarşı döyüşürdülər.  Onların bir çoxunun yaşı Qarabağın və Şərqi Zəngəzurun işğal tarixindən kiçik olsa da, o torpaqların həsrəti, xiffəti ilə böyümüşdülər. Hər bir zabit və əsgərimiz bilirdi ki, ayağını basdığı, canını düşmən gülləsinə sipər etdiyi doğma Vətən torpaqlarıdır.

Vətən sevgisi,  əzəli torpalarımızı azğın düşməndən xilas etmək niyyəti Azərbaycan Ordusuna güc verirdi. Odur ki, ölüm-dirim savaşında Ermənistan silahlı qüvvələrinin zabit və əsgərləri can qorxusu ilə döyüş meydanlarından qaçsalar da, Azərbaycan Ordusunda fərarilik qeydə alınmadı. 

Azərbaycan dövləti, xalqı heç zaman yad torpaqlara göz dikməyib. Biz ulu babalarımızın yaşadığı və bizə əmanət etdiyi torpaqlarımızın əsarətdə qalmasına, o yerlərdə yağıların at oynatmalarına dözə bilməzdik. Qalibiyyət qazanmaq Azərbaycan xalqının mənəvi haqqı idi. Bu, ədalətin qələbəsi idi.

Zöhrə FƏRƏCOVA.

“Azərbaycan”

1Sources