BAKI, 20 iyul. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu qida zəhərlənməsi səbəbilə həftəlik Nazirlər Kabineti iclasında iştirak etməyib.
Bu barədə Baş nazirin Ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu gecə saatlarında səhhətində narahatlıq hiss edib və Hadassah Universitet Xəstəxanasının daxili xəstəliklər şöbəsinin rəhbəri doktor Alon Herşko tərəfindən evində müayinə olunub.
Həkimlər baş nazirə xarab yeməkdən qaynaqlanan bağırsaq iltihabı diaqnozu qoyublar. Netanyahuya əlavə testlərdən sonra dehidratasiya (bədən quruluğu) səbəbilə venadaxili maye verilib.
Baş nazirin Ofisinin yaydığı açıqlamada qeyd olunur ki, onun ümumi vəziyyəti qənaətbəxşdir və həkimlərin göstərişi ilə o, üç gün ev şəraitində istirahət edəcək, dövlət işlərini isə evdən idarə edəcək.