EN

"İran yenidən danışıqlar masasında: Diplomatik səylər və sanksiya təhlükəsi" - "Tasnim" agentliyi

 "Əgər Avropa həqiqətən konstruktiv rol oynamaq istəyirsə, təzyiq və hədə siyasətindən imtina etməlidir..."
 
İran və Avropanın üç əsas dövləti - Böyük Britaniya, Fransa və Almaniya yaxın günlərdə nüvə proqramı ilə bağlı danışıqların bərpası barədə prinsipial razılığa gəliblər.
 
Moderator.az xəbər verir ki, bu barədə həm İranın "Press TV" dövlət televiziuasl, həm də SEPAH-a bağlı "Tasnim" agentliyi məlumat verib. Məlumatı "israelinfo.co" nəşri yayıb.
 
Hazırda konkret tarix və məkan dəqiqləşdirilməsə də, görüşlərin gələn həftə baş tutacağı ehtimal olunur. Danışıqların nazir müavinləri səviyyəsində keçirilməsi planlaşdırılır. Avropa ölkələri İrana xəbərdarlıq edərək bildirib ki, əgər yaxın bir ay yarım ərzində konkret addımlar atılmasa, BMT-nin "snapback" mexanizmi vasitəsilə sanksiyalar dərhal bərpa ediləcək.
 
İsrailin hücumu və diplomatik dalana dirənən proses
 
Xatırladaq ki, iyunun 13-də İsrailin İranın yüksək rütbəli hərbçilərinə və nüvə mütəxəssislərinə qarşı həyata keçirdiyi gözlənilməz hücum, eyni zamanda İranın əsas nüvə obyektlərinə ABŞ və İsrailin endirdiyi zərbələr, danışıqlar prosesini alt-üst edib. Bu hadisələrdən öncə Oman vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında müzakirələr davam edib. 
 
Amma 12 günlük müharibə altıncı raundun Masqatda keçirilməsinə mane olub. Atəşkəs yalnız iyunun 24-də qüvvəyə minib. İran ABŞ-ı İsrailin hücumlarında birbaşa iştirakda ittiham edib. Bununla belə, Tehran nüvə proqramının sülhməramlı məqsədlərə xidmət etdiyini təkid edir. ABŞ və Avropa isə İranın nüvə silahı əldə etməsinə yol verilməyəcəyini açıq şəkildə bildirir.
 
"Təzyiq və hədə ilə heç nəyə nail olmayacaqsınız"
 
İran xarici işlər naziri Abbas Araqçı bildirib ki, danışıqlara qayıtmaq mümkündür, lakin bu, yalnız qarşılıqlı hörmət və ədalət prinsipləri əsasında baş tuta bilər: "Əgər Avropa həqiqətən konstruktiv rol oynamaq istəyirsə, təzyiq və hədə siyasətindən, xüsusən də hüquqi və mənəvi əsasları olmayan "snapback" mexanizmindən imtina etməlidir".
 
Almaniya xarici işlər naziri Yohann Vaddeful da bildirib ki, əgər diplomatik yolla irəliləyiş əldə olunmasa, Avropa tərəfi sanksiyaların bərpası mexanizmini işə salacaq. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp son bəyanatında İranın Vaşinqtonla danışıqlar aparmaq istədiyini iddia etsə də, bu məsələyə tələsmədiyini vurğulayıb: "Onlar danışmaq istəyir. Amma mən tələsmirəm. Çünki onların obyektlərini məhv etmişik".
 
Seçim diplomatiyadır, yoxsa qarşıdurma?
 
Yeni danışıqlar mərhələsi Yaxın Şərqdə sabitliyin qorunması üçün son şans ola bilər. Lakin bu, tərəflərin səmimi siyasi iradə göstərməsindən və köhnə qarşıdurma ritorikasını arxada qoymasından asılı olacaq. Tehran üçün bu, həm də öz nüvə proqramının gələcəyini müəyyənləşdirmək üçün kritik bir dönəmdir. Avropa isə artıq təhdidlərlə deyil, masada konkret nəticə görmək istəyir.
Chosen
42
15
moderator.az

10Sources