Olaylar.az xəbər verir ki, Musavat.com-a bu barədə açıqlama verən siyasi analitik Aqşin Kərimov Cənubi Qafqazdakı son prosesləri geniş şərh edib. Bu kontekstdə, analitik bir sıra məqamlara diqqət çəkib:
- Bakı ilə Kreml arasında siyasi qarşıdurmanın yüksəldiyi zamanda Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi diqqətçəkici hadisə kimi qiymətləndirilə bilər;
-İran nümayəndə heyətinin Rusiyaya səfəri isə Cənubi Qafqazda Moskva-Tehran əməkdaşlığının genişlənməsi və Qərbə qarşı alternativ mübarizə üsulunun formalaşdırılması baxımından əhəmiyyətlidir.
Kərimov qeyd edib ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdə konstruktivləşən atmosfer meydana gəlməkdədir. Onun fikrincə, burada İsrailin Bakı ilə Paris arasında yaşanan gərginliyi kəşfiyyat moderatorluğu vasitəsilə yumşaltmaq cəhdi də rol oynayır. Lakin Azərbaycan İran faktorunu nəzərə alaraq regionun təhlükəsizliyi üçün yüksək risklərə səbəb ola biləcək addımlardan çəkinir.
Bu çərçivədə analitik vurğulayıb ki, Azərbaycan-Fransa əlaqələri hələ tam axarına düşməyib:"Çünki Fransa gah Rusiya, gah da İranla əlaqələrində öz regional siyasətinə uyğunlaşma modeli axtarmağa çalışır. Bu cəhdlər Fransanın Azərbaycanın Qələbə Doktrinasına qarşı yönəlik vasitə kimi də istifadə oluna bilər.
Aqşin Kərimovun fikrincə, Suriyada baş verən toqquşmalar və İsrailin hərbi müdaxilə səviyyəsinin yüksəlməsi düşündüyümüz kimi birbaşa Türkiyə və Əhməd Əş-Şaaraya qarşı yönəlməyib. Onun sözlərinə görə, cənab Şaaranın Bakıda səfərdə olduğu vaxt İsrail rəsmiləri ilə görüşlərinə dair yayılan məlumatlar Suriya hakimiyyətinin niyyətləri barədə əlavə təfərrüatlar təqdim edir.
Bu kontekstdə, analitik qeyd edir:
- İsrailin Suriyaya hücumları Şaaraya və Türkiyəyə Dəməşqdəki hakimiyyətə tabe olmayan nizamsız silahlı qüvvələri neytrallaşdırmaq üçün fürsət yaradır;
- İsraillə Suriya arasında əldə olunan atəşkəs razılaşması isə Şaaranın Müdafiə Nazirliyindəki itaətsizlik yaratmaq istəyən qüvvələrə qarşı səmərəli əməliyyat zamanlamasını təmin edir.
Analitik qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və PKK-nın ləğvi prosesi həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda mübarizə aparan gücləri yeni strategiyalar formalaşdırmağa vadar edir. Onun fikrincə, bu proseslər güc olmaq iddialarını fərqli meyarlarla müəyyənləşdirmək zərurətini ortaya çıxarır: "Bu kontekstdə, ABŞ-nin Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyaya meydan oxuyan planı, Vaşinqtonun Cənubi Qafqaz və Yaxın Şərqdə vahid patrul xidməti yaratmaq imicinə xidmət edir. Azərbaycan isə bu yanaşmaya razı deyil, çünki ABŞ-nin iştirakçılığı regionda geosiyasi ziddiyyətləri dərinləşdirərək Bakı üçün uyğunsuz təhlükəsizlik şəraiti yarada bilər.
Rusiya da regionda passiv qalmaq istəmir. Lakin Azərbaycan üçün 10 Noyabr Bəyanatının həm hüquqi, həm də praktiki çəkisi qalmayıb. Bu səbəbdən Rusiya diplomatiyası Azərbaycan-Rusiya-Türkiyə üçbucağında fərqli bir format yaratmaq səylərini davam etdirir. Lakin Moskvanın təqdim etdiyi variantlar Bakının maraqlarına uyğun gəlmədiyi üçün Azərbaycan buna qarşı müqavimət göstərir. Rusiyanın planında Azərbaycanda onun təlimat və direktivlərini yerinə yetirəcək kəşfiyyat əməliyyatlarının təşkili aktuallaşır.
Buna baxmayaraq, Azərbaycan xüsusi xidmət orqanları və onun tərəfdaş ölkələrinin kəşfiyyat strukturları arasında məlumat mübadiləsi kanalları açıq saxlanılır.
Ehtimalla, Ermənistandakı seçki prosesində Rusiya müdaxilələrinə qarşı Azərbaycan-Türkiyə ittifaqı plan hazırlayacaq. Bu, Bakı ilə Ankaranın Zəngəzur dəhlizinin təminatçıları kimi daha geniş rol oynamalarına zəmin yaradacaq.