
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Rusiyanın Ukrayna Milli Antikorrupsiya Bürosuna (NABU) təsirini zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirir.
Reyting.az Ukrayna mediasına istinadla bildirir ki, Ukraynanın müxtəlif bölgələrində silsilə axtarışlar aparılır.
Axtarılan şəxslər dövlətə xəyanətdə, Rusiya Federasiyası ilə qanunsuz ticarətdə və oliqarxların maraqlarına uyğun korrupsiya əməllərində ittiham olunurlar.
İlkin məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının NABU əməliyyatçılarına qeyri-rəsmi təsir göstərməsi halları qeydə alınıb.
“Xüsusən də detektivlərdən biri gizli məlumatları Yanukoviçin ətrafı vasitəsilə düşmənə ötürüb. Digəri dövlətə xəyanət edərək Rusiya Federasiyası ilə qeyri-qanuni biznes əlaqələri qurub. Bu gün həmin şəxs SBU tərəfindən saxlanılıb”, - mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Lvov vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinin mayoru saxlanılıb və onun Rusiya agenti olduğu üzə çıxıb. Ruslar onu keçmiş həyat yoldaşı, ələ keçirilən Melitopolda işləmək üçün qalan keçmiş hərbçi qadın vasitəsilə əməkdaşlığa cəlb ediblər. Agentin əsas vəzifəsi Ukrayna hərbi aviasiyası haqqında məlumat toplamaq olub. O cümlədən, ruslar operativ aerodromların, logistika qovşaqlarının və Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələrinə texniki xidmət mərkəzlərinin koordinatlarını əldə etməyə cəhd göstəriblər.
E. KAMAL