Müasir dövrdə ənənəvi media ilə yeni media arasında uyğun bir tarazlığın tapılması vacibdir. Jurnalistlər həm maddi, həm də peşəkar baxımdan bir sıra çətinliklərlə üz-üzə qalırlar.
Bu sahədə müzakirələr və dəstək, medianın sağlam şəkildə inkişafı üçün mühüm rol oynaya bilər.
Bəs medianın daha güclü və dayanıqlı gələcəyi üçün nələr edilməlidir?
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, bu gün ənənəvi mətbuatla yeni media arasında müəyyən bir körpü qurulmasına ehtiyac var:
“İstənilən halda, artıq ənənəvi media da yeni mediaya çevrilməkdədir. Təəssüf ki, yeni media ənənəvi medianın dəyərlərini qoruyub saxlaya bilmir. Mənim arzum da, gözləntim də budur.
Çünki bu gün medianın özü də bəzən haqsızlıqlarla qarşılaşır. Xüsusilə də bəzi media subyektləri və iştirakçıları qısasçılıq zəminində fəaliyyət göstərməyə başlayırlar. Məsələn, bir şəxs uzun illər – 10, 15, bəzən 20 il ərzində müəyyən siyasi və ictimai təcrübə, nüfuz qazanır, mühüm bir mərhələyə çatır. Lakin bəzi media orqanları onun haqqında olan məlumatları nə yoxlayır, nə də qarşı tərəflə əlaqə saxlayır. Sadəcə birtərəfli qaydada xəbər yayımlayaraq bilərəkdən həmin insana zərbə vururlar. Artıq bu, media anlayışına uyğun deyil və təəssüf ki, belə hallara da rast gəlinir”.
Deputat qeyd edib ki, o Azərbaycan mediasının daha parlaq gələcəyinə inanır:
“Bu məsələni dəfələrlə parlamentdə də qaldırmışam. Bu gün isə bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda jurnalistlər cəmiyyətin ən həssas təbəqələrindən birini təşkil edirlər. Yəni, jurnalistlər çox aşağı əməkhaqqı alırlar, qonorar sistemi isə demək olar ki, artıq mövcud deyil. Medianın reklam bazarı da faktiki olaraq işlək deyil. Vaxtilə qəzet və jurnal satışından müəyyən gəlir əldə olunurdusa, indi bu imkanlar da aradan qalxıb.
Artıq hər şey onlayn mərhələyə, rəqəmsal platformalara keçid edib. Onlayn platformalara keçid edən bir çox ölkələrdə məlumat əldə etmək üçün abunə sistemi tətbiq olunur. Burada istifadəçilər aylıq, həftəlik və ya gündəlik müəyyən məbləğ ödəyərək kart vasitəsilə həmin platformalara daxil olurlar. Çünki başqa cür mətbuat necə fəaliyyət göstərə bilər? Hazırda mətbuat müəyyən qədər dövlətin və bəzi şəxslərin dəstəyi ilə ayaqda dayanmağa çalışır. Bəzən də bu dəstəyi qazanmaq üçün müxtəlif yollar axtarırlar”.
Deputat onu da vurğulayıb ki, əgər dövlətin və müəyyən şəxslərin dəstəyi olmasa, mətbuat tamamilə sıradan çıxar.
“Mən hər zaman bu fikrin tərəfdarı olmuşam ki, medianın ayaqda qalması üçün yeni maliyyə resursları müəyyənləşdirilməli və eyni zamanda mətbuat qarşısında qoyulan tələblər də artırılmalıdır. Çünki mən inanıram ki, jurnalistikanın olduğu yerdə sağlam cəmiyyət mümkündür, jurnalistikanın inkişaf etdiyi yerdə isə cəmiyyətin özü də inkişaf edir”– deyə deputat fikirlərini yekunlaşdırıb.