EN

“Gestapo məni əsir götürərək sürgün etdi”

İkinci Dünya müharibəsində amerikalıların ruslara təslim etdiyi Cümhuriyyət zabitlərindən polkovnik İsrafil bəyin qardaşı Hidayət İsrafiloğlu (və ya İsrafil) 1900-cü ildə Gəncədə anadan olub. Atası Məhəmmədnəbi, anası isə Bəgüm xanımdı. Gəncə gimnaziyasını bitirib, atasına qarşı sui-qəsddən sonra ölkədən qaçmağa qərar verib. Əvvəl Türkmənistana, sonra isə İrana gedib. Tehranda Türkiyə səfirliyi ilə əlaqə yaradaraq onların dəstəyi ilə Türkiyəyə keçə bilib. Qardaşı İsrafil bəyin Polşada olduğunu öyrəndikdən sonra Varşavaya yola düşüb. 1940-cı ildə orada Məryəm adlı xanımla evlənib.

Polşa və alman ordusunda xidmət edən İsrafil bəy sonradan ruslara təhvil verilib və məhkəmə qərarı ilə güllələnib. Hidayət bəy isə müharibədən sonra İtaliyadan İstanbula gəlib, bir il sonra ailəsi də yanına köçüb. 1950-ci illərdə Hidayət bəy Paşabahçe şüşə fabrikində çalışıb. Həmin illərin sonunda ailəsi ilə birlikdə ABŞ-yə köçmək qərarına gəlib və Nyu-Yorka yerləşiblər. 1961-ci ildə Amerikaya gedən mühacir pilot Məhəmməd Altunbay oradakı bir çox mühacir kimi Hidayət bəylə də görüşüb, səfər təəssüratı ilə bağlı qələmə aldığı yazısında ondan bu şəkildə bəhs edib: “Bax, bu cəsur, Azərbaycanın iftixarı olan komandan polkovnik İsrafil bəyin qardaşı Hidayət İsrafillə o gecə Nyuarkda dayımız Əhməd İbrahimin evində yan-yana oturmuşduq. İki uşaq atası olan Hidayət İsrafilin “Azərbaycan” kəlməsini tələffüz etdiyi zaman səsinin titrədiyini hiss etməmək mümkün deyildi… Cəmiyyətə gəlir təmin edilməsi məsələsi ortaya çıxınca, yerdə əyləşmiş Oğuz Odər “Mən cəmiyyətimizə 100 dollar bağışlayıram”, – deyincə

Hidayət İsrafil söz istədi: “Dostlar, hamınız bilirsiniz ki, bir çox maddi sıxıntılarımı hələ aradan qaldıra bilməmişəm. Borclarım var. Lakin buna rəğmən, mən də cəmiyyətimizə 100 dollar bağışlayıram””.

5 avqust 1962-ci ildə Nyuarkdakı Amerika-Azerbaycan Kültür Dərnəyinin illik qurutayı keçirilib. Təşkilatın idarə heyətinin sədri Hidayət İsrafil seçilib.

İsrafiloğlu 8 iyul 1972-ci ildə vəfat edib.

Hidayət bəyin oğlu Çingiz İsrafil 1942-ci ildə Varşavada anadan olub. Kabataş liseyinin son sinfində oxuyarkən ailəsi ilə birlikdə ABŞ-yə köçüb. 1967-ci ildə Kolumbiya Universitetinin riyaziyyat fakültəsini bitirib. 1970–1975-ci illərdə “Osmanlı imperatorluğunun iqtisadi tarixi” mövzusunda elmi araşdırmalar aparıb. 1986–1992-ci illərdə Türkiyə Cümhuriyyəti Baş nazirinin müşaviri, 1990–1992-ci illərdə isə Azərbaycan prezidentinin iqtisadi və xarici işlər üzrə müşaviri olub.

Hidayət bəy Türkiyədə yaşayan mühacirlərlə daimi əlaqə saxlayıb. “Mücahid” jurnalında onun 27 aprel işğal günü ilə bağlı 23 aprel 1962-ci ildə Nyu-Yorkdan İstanbul dərnəklərinə göndərdiyi məktub dərc olunub. Məktubda belə yazılıb: “… O imanla yaşayıram ki, hər keçən gün şanlı vətənimizdən ayrıldığımız məsafəni nə qədər uzatsa da, o qədər də istiqlalımıza qovuşacağımız nöqtə yaxınlaşır”.

“Əmlakımı alman SS-ləri ələ keçirdi”

Türkiyə arxivlərində Hidayət İsrafilə dair yeni sənədlər ortaya çıxıb. Bu sənədlər müharibədən sonra, bir çox mühacir kimi, onun da Almaniyadan təzminat tələbi ilə bağlı müraciətlərini əks etdirir. Belə ki, müharibə dövründə şəxsi əmlakını itirərək maddi zərərə uğradığını düşünən mühacirlər Türkiyə hökumətinə müraciət edərək, əmlaklarının siyahısını təqdim etmiş və bu zərərin qarşılanmasını istəmişdilər. Bu müraciət edənlər arasında 1947-ci ildə Türkiyəyə gəlmiş Məhəmmədəmin Rəsulzadə də olub.

Hidayət bəy 13 may 1947-ci ildə Müharibə Zərərlərini Təhqiq Komissiyasına müraciət edərək yazıb: “1930-cu ilin iyun ayında Varşavaya daxil olduğumdan 1945-ci ildə Türkiyəyə dönüşümə qədər bütün səyimlə, əməyimlə, əzmimlə qurduğum yuvam və ticari mövqeyim alman zülmü altında tamamilə məhv oldu. Türkiyə Almaniya ilə siyasi münasibətləri kəsdikdən sonra sair vətəndaşlarım kimi mən də əmlakımdan məhrum edilərək əsir düşərgəsinə göndərildim. On beş illik zəhmətimin nəticəsi olan 125 min lirə dəyərindəki əmlakım — binadakı 5 otaqlı, hər cür komfortla təchiz olunmuş mənzilim, mebellərim, dükanım — alman SS-ləri tərəfindən tamamilə ələ keçirildi. İki saat içində əsir düşərgəsinə göndərilməmişdən öncə böyük təzyiq və zülmə məruz qaldım”.

Sənədin sonunda İsrafil bəy Paşabahçedə şüşə fabrikində fəhlə işlədiyini bildirib və Polşadan möhürlənmiş sənədlər vasitəsilə əmlakını sübut etdiyini qeyd edib.

Polşa konsulluğunun 10 may 1947-ci il tarixli sənədində göstərilir ki, Hidayət bəy Varşavada Zvyciezcov küçəsi 13 nömrəli ünvanda yaşayıb. Ona məxsus şərab və araq dükanının əmlakının siyahısı da təqdim olunub. Həmin tarixdə verilmiş digər bir sənəd isə İsrafil bəyin ticarəti ilə bağlı polyak şahidlərin imzası ilə təsdiqlənib. Həmçinin sənəddə göstərilib ki, o, həyat yoldaşı ilə birlikdə Varşavanın Okronk küçəsində, 2 nömrəli və 21 saylı mənzildə yaşayıb. 1940–1944-cü illərdə baqqal dükanı işlədib, şərab və araq ticarəti ilə məşğul olub. Şahidlərin imzaları notarius tərəfindən təsdiqlənib.

Hidayət bəy Xarici İşlər Nazirliyinə göndərdiyi digər sənəddə əsir düşməsi barədə maraqlı məlumatlar verib:

“1944-cü ildə, Varşavanın Okronk küçəsi 2, dairə 20-də yaşadığım vaxt alman gestapo məmurları məni əsir götürərək işlətmək üçün Şərqi Prussiya cəbhəsinə sürgün etdilər. İki ay sonra əmlakım, nəğd pulum və daşınmaz əşyalarım müsadirə olundu. Onların dəyərini göstərən sənədlərə hazırda sahib deyiləm. Lakin bu əmlakın 100.000 mark dəyərində olduğunu təxmin edirəm. Bu məbləğin 50.000 türk lirəsinə bərabər hissəsini geri almaq üçün Berlin konsulluğumuza müraciət etsəm də, orada konsulun olmaması və sonra həm konsulluq əməkdaşlarının, həm də mənim çıxarılmağım buna mane oldu. Gestapo casusları bu məbləği həyat yoldaşımın əlindən zəbt etdilər”.

Chosen
36
50
publika.az

10Sources