ain.az, Azpolitika.az saytına istinadən bildirir.
İngiltərənin nüfuzlu “The Times” nəşrinin və Yaponiyanın “Kyodo” agentliyinin yaydığı məlumata görə, Çin Prezidenti Si Cinpin sentyabr ayında Pekində Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirmək niyyətindədir.
Bu iddia sentyabrın 3-də Pekində keçiriləcək İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş hərbi paradla əlaqələndirilir. Parada müxtəlif ölkələrin liderləri, o cümlədən Vladimir Putin və Donald Tramp dəvət olunublar. Bəzi müşahidəçilər Trampın dəvətini Çin ilə ABŞ arasında 1941–1945-ci illərdəki müttəfiqliklə əlaqələndirsə də, əslində ABŞ həmin dövrdə Çin Kommunist Partiyası ilə deyil, general Çan Kayşinin rəhbərlik etdiyi qüvvələrlə ittifaqda idi.
Rusiya Prezidenti Vladimir Putin artıq may ayında Pekindəki paradda iştirak edəcəyini açıqlayıb. Bu qərar, Çin lideri Si Cinpinin mayın 9-da Moskvada keçirilən paradda iştirakına cavab jesti kimi qiymətləndirilir. Lakin Donald Trampın Pekinə səfəri hələlik qeyri-müəyyən olaraq qalır.
“The Times” nəşri qeyd edir ki, Si Cinpin Trampı da Pekində görmək istəyir. Məqsəd həm ABŞ–Çin ticarət münasibətlərindəki gərginliyi azaltmaq, həm də Pekinin qlobal vasitəçi statusunu möhkəmləndirməkdir. Əgər Tramp və Putin Pekində görüşərsə, bu Çinin diplomatik mövqelərini gücləndirə bilər.
Rusiya tərəfi isə bu görüşə maraq göstərmir. Prezidentin mətbuat katibi Dmitri Peskov Kremlin belə bir üçtərəfli görüşdən xəbərsiz olduğunu bəyan edib ki, bu da rəsmi Moskvanın təşəbbüsə skeptik yanaşdığını göstərir.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Çində üçtərəfli görüş təşəbbüsünün arxasında Pekinin diplomatik maraqları dayanır. O qeyd edib ki, Si Cinpinin əsas məqsədi ABŞ və Rusiya kimi iki qlobal aktoru eyni platformada toplayaraq beynəlxalq arenada vasitəçi statusunu gücləndirməkdir. Onun fikrincə, bu, həm də Çin–ABŞ münasibətlərində ticarət gərginliyinin azaldılmasına xidmət edə bilər.
Şahinoğlu vurğulayıb ki, Donald Trampın iştirakını təmin etmək üçün Pekin müəyyən diplomatik addımlar ata bilər. Lakin Trampın əsas şərti – Ukraynada atəşkəsin əldə olunmasıdır. Politoloq bildirib ki, Tramp Putinə 50 gün vaxt verib, lakin Rusiya Prezidenti əvəzində Ukraynanı daha intensiv şəkildə bombalamağa başlayıb. Bu səbəbdən yaxın aylarda onların görüşü ehtimalı xeyli zəifləyib.
“Tramp 50 gün bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları artırmaq niyyətindədir,” – deyə Elxan Şahinoğlu əlavə edib. O xatırladıb ki, ABŞ Konqresi də bu məsələyə dəstək verir və yeni sanksiyalar paketinə Rusiyadan neft və qaz alan ölkələrin də daxil edilməsi planlaşdırılır. Politoloqun fikrincə, bu ölkələr arasında əsas hədəf Çin ola bilər.
Elxan Şahinoğlu qeyd edib ki, Vladimir Putin Trampla görüşə maraq göstərmir, çünki belə bir görüşdə iştirak edərək Trampın şərtini qəbul etmək, onun siyasi iradəsini tanımaq anlamına gələcək. “Bu isə Putini zəif və güzəştə getmiş lider kimi göstərəcək. Hazırda isə o, Trampla yalnız telefon əlaqəsi ilə kifayətlənməyə üstünlük verir,” – deyə Şahinoğlu vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.