EN

22 İyul Azərbaycanda Milli Mətbuat günüdür



Milli mətbuatın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin əsas hissəsidir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. O, çətinliklərə rəğmən, 1875-ci ildə ilk dəfə ana dilində "Əkinçi" qəzetinin nəşrinə nail olmuşdur. "Əkinçi" qəzeti 1875–1877-ci illər ərzində fəaliyyət göstərmiş, qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək qiymətləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev milli mətbuat haqqında demişdir: “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik. Ötən əsrin 70–80-ci illərində Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə mətbuata ideoloji basqılar azalmış, qəzet və jurnalların müstəqilliyi müəyyən qədər təmin olunmuşdur. Bu gün milli mətbuatın inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” təsdiq edilmiş, 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Bu addımlar azad medianın inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyırdı.
Prezident İlham Əliyev demişdir:
"Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatları mətbuatdan alırlar. Ona görə də hər bir ölkədə, eyni zamanda Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiəsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm." Bu il Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu münasibətlə media nümayəndələrinə ünvanladığı təbrik mesajında qeyd olunmuşdur: “Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında böyük rolu olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.”
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Hal-hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet jurnalistikası sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla yaradılmış Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu fikir, söz və məlumat azadlığının təmin edilməsinə, bu sahədə fəaliyyət göstərən media qurumlarına dövlət dəstəyinin göstərilməsinə xidmət edir. Yeni dövrdə milli mətbuatımızın inkişafı qanunvericilik bazasının da təkmilləşdirilməsini zərurətə çevirib. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan, mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbidir. Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər mətbuata və mətbuat işçilərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olmuşdur. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsində mühüm rol oynamış, postmüharibə dövründə də bu işi uğurla davam etdirmişdir. Qırx dörd günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük olmuşdur. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik nəticəsində dünya ictimaiyyətinə müharibə ilə bağlı, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatlar çatdırıla bilmişdir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırmışdır. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna verdiyi geniş müsahibələr bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və ümumilikdə rəqəmsallaşma prosesləri dünyada yeni və dinamik media mühitinin formalaşmasına səbəb olmuşdur. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, aparıcı trendlərin izlənilməsi və innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiqi məqsədilə 2024-cü il 20–22 iyul tarixlərində Azərbaycan Respublikasında, Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçirilmişdir.

Günay Allahverdiyeva
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü



Chosen
17
47
aia.az

10Sources