ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
"ABŞ respublikalar arasında dalana dirənmiş danışıqların irəliləməsinə kömək edərsə, Ermənistan və Azərbaycan arasındakı Zəngəzur dəhlizinin idarə olunmasını öz üzərinə götürə bilər". Bunu jurnalistlərə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak deyib. Onun sözlərinə görə, Vaşinqton Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazırdır. "Onlar (Ermənistan və Azərbaycan) 32 km yol üstündə mübahisə edirlər, amma bu zarafat deyil. Bu, on ildir davam edir". Sonra da Amerika deyir: "Yaxşı, özümüzə götürəcəyik. Bizə 32 km yolu 100 il müddətinə icarəyə verin, siz də onu öz aranızda bölə bilərsiniz”, - deyə səfir bildirib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Güney Qafqazda maraqları var və bu maraqlar 90-cı illərdə də özünü göstərib: “O zaman məhz Amerika Azərbaycanla münasibətləri quraraq enerji daşıyıcılarının dünya bazarına çıxmasına əslində faktiki olaraq kömək etdi. Həmin dövrlərdə Rusiyanın təzyiqlərinin qarşısının alınmasında Amerika Birləşmiş Ştatlarının ciddi rolu oldu deyə bilərik”.
Oqtay Qasımov
Politoloq bildirib ki, ABŞ-ın Cənubi Qafqaza marağı bir neçə amillə izah oluna bilər.
“Həm İran, Rusiya faktoru, eyni zamanda Güney Qafqazın Orta Asiya ilə əsas keçid güzərgahı olması, orta dəhliz, enerji dəhlizləri və sair kimi məsələlər Amerikanın da marağı çərçivəsindədir. ABŞ-ın Azərbaycan, Ermənistan sülh prosesinin dəstəklənməsinin kökündə dayanan səbəblər Amerikanın marağı ilə izah olunsa da, eyni zamanda həm də Donald Trampın özünün istəkləri ilə bağlıdır. Belə ki, Tramp seçki kampaniyası dövründə sülh qurucu bir missiya ilə yenidən hakimiyyətə gəldiyini bəyan edir, Rusiya, Ukrayna, Yaxın Şərqdə savaşları, münaqişələri bitirəcəyini deyirdi. Amma bu məsələlər hələ ki, tapmayıb. Ona da hansısa bir sülh prosesində uğur lazımdır. Burada ən uyğunu Azərbaycan, Ermənistan sülh prosesidir. Burada ciddi şəkildə nəticələrə yaxınlaşıb və Donald Tramp bu prosesin alınmasını sonradan öz adına bağlamaqla Nobel mükafatı almaq niyyətindədir”-deyən Oqtay Qasımov qeyd edib ki, digər tərəfdən, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı maraqlı olduğu aydındır.
“Hələ 2023-cü ilin noyabrında o zamankı dövlət katibinin müavini tərəfindən ABŞ Senatında keçirilən dinləmələrdə bu rəsmən bəyan edilmişdi”-deyən Oqtay Qasımovun fikrincə, Zəngəzur dəhlizinə nəzarətin Amerikaya verilməsi, ehtimallara görə, Türkiyə ilə razılaşdırılıb və Amerikanın bu dəhlizə marağı yeni deyil.
“1920-ci ildə, o zaman belə Amerika Birləşmiş Ştatları məhz bu əraziyə nəzarət etmək istəyirdi. Niyyəti vardı. Sonradan baş verən proseslər bu niyyətləri boşa çıxardı. Yəni ABŞ bu dəhlizə nəzarət etməklə həm orta dəhlizin əsas güzərgahlarından biri olan Zəngəzur dəhlizinə nəzarəti ələ götürür. Eyni zamanda, Azərbaycan və Ermənistanla müəyyən məsələlərdə deyək ki, təzyiq üçün müəyyən rıçaqlar əldə saxlayır. Eyni zamanda Zəngəzur dəhlizi həm də gələcəkdə Çinlə rəqabətdə müəyyən Amerikaya üstünlüklər verə bilər. İran məsələsi də var. Bu baxımdan Amerika bu dəhlizə nəzarətdə kifayət qədər maraqlıdır”-deyə Oqtay Qasımov vurğulayıb.
“Azərbaycan və Ermənistanın bu prosesə münasibətinə gəldikdə, tərəflər buna ciddi şəkildə etiraz etmirlər və Azərbaycanın əsas istəyi ondan ibarətdir ki, Azərbaycandan Azərbaycana hərəkət təhlükəsiz və maneəsiz olsun”-deyən politoloq hesab edir ki, Azərbaycan üçün çox vacib olan məsələ, məhz bu prinsipial məqamın öz həllini tapmasıdır, xüsusilə də təhlükəsizlik məsələsi ön plandadır.
Oqtay Qasımov bildirib ki, Amerika Birləşmiş Ştatları da müəyyən təminatlar verilsə, tərəflər buna etiraz etməzlər.
“Bölgədə üçüncü qüvvələrin yerləşməsi müəyyən sıxıntılar yaratsa da, hazırkı şəraitdə müəyyən daha yumşaq variantın olması məqbul sayıla bilər. Bu baxımdan gələcəkdə nə olacağını söyləmək çətin olsa da, hər halda müəyyən bir dönəm üçün bəlkə də tərəflərin razılaşa biləcəyi model elə bu model ola bilər”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.