EN

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirilib

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, kənd təsərrüfatı məhsulları festivalının əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festivalda rayonda fəaliyyət göstərən fermerlər və istehsalçılar tərəfindən təqdim edilən müxtəlif kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.

Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Festivalda Daşkəsən rayonunun kənd təsərrüfatı potensialı nümayiş etdirilib, yerli istehsalçılar arasında əlaqələrin möhkəmləndirilməsi və regionun aqroturizm imkanlarının tanıdılması məqsədilə görüş və təqdimatlar keçirilib. Festival çərçivəsində sərgi ilə yanaşı, kənd həyatına həsr olunmuş proqramlar təşkil olunub.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti məhsul festivalının iyulun 25-də Kürdəmir rayonunda keçirilməsi nəzərdə tutulur.

Chosen
192
8
fed.az

10Sources