EN

Zəngəzur dəhlizi mütləq açılacaq, bunu İlham Əliyev deyir - Və ya qatar gəlir, Ermənistan, kənara çəkil

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə yüksək səviyyədə təşkil olunan III Şuşa Qlobal Media Forumunda dedikləri Ermənistan adlı “kadastr sənədi olmayan” ölkəni əməlli-başlı silkələyib. Bu günlərdə hamı Azərbaycan Prezidentinin Xankəndi xəbərdarlıqlarından danışır, hətta Rusiya vətəndaşı Samvel Karapetyan da həbsxanadan bayıra namə yollayıb ki, hazırlaşın, Zəngəzur dəhlizi açılacaq!

Ermənilər artıq anlamağa başlayırlar ki, İlham Əliyevin dedikləri gec-tez reallığa çevrilir, o cümlədən Zəngəzur dəhlizi də açılacaq, buna müqavimət göstərmək nə Ermənistanın, nə də hansısa havadarının hünəri deyil.
İLHA SON.jpg (93 KB)
Bir müddət öncə keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin ABŞ şirkətinə 100 illik icarəyə verilməsi ilə bağlı sualın cavabında bildirmişdi ki, rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən təklif daxil olub.
Sitat: “Hazırkı mərhələdə bu, Amerika Birləşmiş Ştatlarının təklifidir və biz həmin təklifi müzakirə edirik. Bu təklif bizi maraqlandırsa da, hələlik bu məsələ ilə bağlı razılaşma yoxdur. Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər”.
Azərbaycan Prezidenti İlham Əliyev isə Nikol Paşinyanın yaxın keçmişi unudaraq, 2019-cu ildəki kimi yenidən “nöqtəli bəyanatlar” səsləndirməsinin cavabında NİDALI BƏYANATını dilə gətirdi.
Sitat: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır! Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır”.
METBU SON.jpg (54 KB)
Azərbaycan Prezidenti Ermənistana və onun arxasında gizlənənlərə bundan artıq nə deməlidir ki? Necə deyərlər, gün kimi aydın cavab və həll yolu təklif edilir. Ən əsası: biz Naxçıvana gedib-gələrkən erməni ilə üzləşməməliyik!!! Cənab Əliyev 44 günlük müharibədən sonra dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında sərbəst gediş-gəliş olmalı və heç bir maneə olmadan yükdaşımaları həyata keçirilməlidir. Azərbaycanın yarım milyon əhalisini 33 il blokadada saxlayan, işğal nəticəsində təxmini hesablamalara görə, 150 milyard dollar zərər vuran Ermənistan icraçı rolunda olmalıdır, Azərbaycan nə təklif edirsə, “baş üstə” deyib, ona əməl etməlidir, nəinki hansısa şərti dilə gətirmək cəsarəti göstərməlidir. Nə Amerika, nə Avropa şirkəti? Azərbaycan imkan verə bilməz ki, onun bir hissəsi ilə əlaqəsinə hansısa ölkə, ya şirkət yenə də moderatorluq etsin. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “faydası” bizə bəs edər, bundan sonra hansısa oyunlar keçməz! Avropalı kəşfiyyatçıları şərti sərhədlər boyunca yerləşdirməsi azmış kimi, Ermənistan indi də ABŞ-yə məxsus hansısa qüvvənin “təhlükəsizlik xidməti” adı altında bölgədə olmasına maraq göstərir. Əgər Ermənistan doğrudan da sülh tərəfdarıdırsa, Azərbaycana qarşı bir daha xain planları həyata keçirməyəcəyinə vəd verib, üstündə dayanacaqsa, o halda Zəngəzur dəhlizində hansısa əcnəbi ölkənin, yaxud üçüncü qüvvənin yerləşdirilməsinə nə ehtiyac var?
Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qaytarılması həyata keçiriləndən sonra Zəngəzur dəhlizində xüsusi qorumaya ehtiyac qalmayacaq, elə azərbaycanlı əhali özü dəhlizin təhlükəsizliyinin qarantına çevriləcək. Yaxud da ilkin mərhələdə Azərbaycan və Ermənistan dəhlizin təhlükəsizliyi, məsələn, erməni terrorçularının hədəfinə tuş gəlməməsindən ötrü birgə post-patrul xidməti təşkil edə bilər. ABŞ-nin, yaxud digər Qərb ölkəsinin mövcudluğu halında Ermənistanda minlərlə hərbçisi olan Rusiya reaksiyasızmı qalacaq? Kreml o halda dərhal səsini qaldıra bilər ki, mənim iştirakımla 2020-ci ilin 10 noyabrında bəyanat imzalanıb və Zəngəzur dəhlizini mən qorumalıyam. Üstəlik, Zəngəzur dəhlizindən yarpızdan qorxan ilan kimi çəkinən cənub qonşumuz da təşvişə düşəcək və ortalığı qarışdırmağa çalışacaq. ABŞ-nin Zəngəzur dəhlizində varlığı İranı narahat edəcək təbii ki...Deməli, ən doğru yol bu ola bilər: nə Rusiya, nə ABŞ, nə də Aİ. Azərbaycan və Ermənistan necə ki, sərhədlərin dəqiqləşdirilməsinə başlayıblar, yaxud 4 kəndimizin azad olunması ikitərəfli formatda həyata keçirildi, o qayda ilə də Zəngəzur dəhlizinin reallaşması prosesini həyata keçirməlidirlər.  
DEHLİZ SON.png (504 KB)
Azərbaycan Prezidenti Xankəndidə Zəngəzur dəhlizi ilə bağlı Ermənistana və havadarlarına digər xatırlatmaları da etdi. Vaxtilə Xankəndiyədək uzanıb gedən bu dəmir yolunu darmadağın edən Ermənistan və onun dəstəkçiləri bunları unutmasın. Sitat: “Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Bu fikirlərin ardınca Prezidentin Rusiya tərəfindən mülki təyyarəmizin vurulması faktından bəhs etməsi həm də o demək idi ki, havasında olan Azərbaycan təyyarəsini vuran ölkəyə Zəngəzurdan keçən qatarımızı, avtomobillərimizi, vətəndaşlarımızı etibar edə bilmərik!
Və budur, Ermənistan vəziyyətin kritik olduğunu anlamağa başlayıb. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirərkən Zəngəzur dəhlizindən də danışıb. Bildirib ki, Ermənistan bu bölgədə dəmir yolunun 42 kilometrlik hissəsinin tikintisinə Azərbaycanla razılıq əldə olunduqdan sonra başlayacaq. “Azərbaycanla razılıq əldə edildikdən sonra sözügedən dəmir yolunun tikintisinə başlanacaq və artıq hazırlıq işləri aparılır. Məsələn, Nrnadzor kəndinə yeni yolun tikintisi, hazırda onunla köhnə dəmir yolu xətti ilə avtomobil əlaqəsi aparılır”. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə bütün nəqliyyat marşrutlarının açılmasında maraqlıdır. Hələlik var-gəl edirlər, amma İlham Əliyevin dediklərinə gələcəklər!
FORU SON.jpg (104 KB)
Zəngəzur dəhlizi həm də Türkiyə üçün vacib layihədir, həm də Turanın qapısıdır! Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elə bu gün bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək. Sitat: “Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik”. (APA) Türkiyə lideri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir: "Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir. Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Türkiyə də Azərbaycan deyəni deyir, Ermənistan nəkarədir?!

Yazını yazarkən xəbər gəldi ki, iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Möhtəşəm xəbərdir. Artıq əcnəbi turistlər də Qarabağa, Şərqi Zəngəzura səfər edib burada 5 gün müddətində qala biləcəklər. Azərbaycan bütün bu işləri qısa müddətdə həyata keçirdi, artıq turizm imkanlarını da xeyli genişləndirib, Ermənistan isə Zəngəzur dəhlizində əl-ayağımıza dolaşmağa çalışır.
MUSA SON.jpg (318 KB)
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də demişdi:
“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.
Xankəndidən də məlum çağırış oldu. İtirən Ermənistan olacaq, çünki maneəyə çevrilməyə çalışsa, təkcə iqtisadi deyil, siyasi cəhətdən də məğlubiyyətə uğrayacaq! Azərbaycan Naxçıvanı qazla, elektrik enerjisi ilə, ola bilsin su ilə təmin edəcək. Niyə digər ölkələrin ərazisindən bu kommunikasiyaları həyata keçirməlidir?
Digər tərəfdən Prezident Xankəndidə onu da dedi ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq. Sitat: “Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”. Bəli, Zəngəzur höcət yeri deyil, bu, iki qitə arasında çox mühüm həlqədir, Ermənistan bütün dünyaya qarşı dayanmağı bacarırsa, “əlindən gələni beş qaba çəksin”.  
Chosen
53
50
yenilik.az

10Sources