Reportyor.tv xəbər verir ki, Britaniyanın nüfuzlu The Telegraph qəzetinin yaydığı məlumata görə, İsraillə mümkün müharibə fonunda İran daxilində təhlükəsizlik orqanları genişmiqyaslı kampaniyaya start verib.
Mənbələrin bildirdiyinə görə, bu tədbirlər bəzən vətəndaşlara qarşı sərt repressiya, hədə qorxu, hətta əsassız həbslərlə müşayiət olunur.
Məqalədə deyilir ki, İranda bəzi şəxslər sadəcə “düşmənlə əməkdaşlıq edə biləcəyi” ehtimalına görə bir neçə günlük özbaşına həbsə məruz qalır. Məqsəd isə aydındır – qorxu atmosferi yaradaraq daxili müqavimət ehtimalını sıfıra endirmək.
Ən diqqətçəkən məqam isə İranın yüksək rütbəli hərbi komandirlərinin davranışındadır. Mənbələr bildirir ki, generallar demək olar ki, hər gecə sığınacaq yerlərini dəyişir, iz buraxmamaq üçün mobil telefondan tamamilə imtina ediblər. Bəzi hallarda onlarla yalnız xüsusi kodlaşdırılmış rabitə vasitəsilə əlaqə saxlanılır. Bu, İsrailin dron və raket zərbələri ilə həyata keçirdiyi “hədəfli likvidasiya” əməliyyatlarının mümkünlüyünü nəzərə alaraq atılan qoruyucu addımlar kimi qiymətləndirilir.
Qeyd edək ki, İran-İsrail qarşıdurması son aylarda kəskin fazaya keçib. Tehranın daxili təhlükəsizlik mexanizmini belə sərtləşdirməsi ölkədə ciddi narahatlıq və gərginlik yaratmağa başlayıb.
Musavat.com