EN

"Xankəndidəki bəyanatlar Prezidentin növbəti triumfudur"

Prezident İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü və konseptual xarakter daşıyan tarixi əhəmiyyətli çıxışı bütövlükdə qlobal informasiya siyasəti müstəvisində mühüm hadisə hesab edilməlidir. 

Çünki müasir dünyada artan qlobal ziddiyyətlər, habelə qütblər arasında dərinləşən ayırıcı xətlər fonunda, eləcə də nifrət dilinin geniş vüsət aldığı, medianın ayrı-ayrı dövlətlərin siyasi kursu və idarəçilik ideologiyasında alətə çevrildiyi status-kvo ümumbəşəri dəyərlər və insanlıq adına yaxşı heç nə vəd etmir. Mübahisəsizdir ki, məhz bu tendensiya ilə heç bir formada ümumbəşəri dəyərlərə sadiq qalmaq, demokratik quruluşa təminat vermək, başqa dövlətlərlə və xalqlarla münasibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmaq mümkün deyil. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyətlərindən biri kimi konstitusion səviyyədə bəyan edib, lakin ən azından 30 ildən artıq bir periodda reallıqların manipulyasiyası bizə qlobal miqyasda fərqli və ədalətsiz baxış rakursu formalaşdırmışdı. Yəni Azərbaycan məqsədli siyasi dezinformasiyaların yaratdığı problemlərin fəsadlarını yaşayan beynəlxalq subyektlərdən biridir: "İşğala, təcavüzə məruz qalan Azərbaycanın özünün işğalçı, təcavüzkar imicdə təqdim olunması üçün köklü fəaliyyət başlanmışdı. Hətta Xocalı faciəsinin qurbanlarının ermənilər olması, azərbaycanlıların ermənilərə qarşı törətdiyi soyqırımı olması kimi dezinformasiyalar siyasi platformalara qədər yol tapmışdı. Prosesin iç üzünə dair səhih məlumatı olan, regionda vasitəçilik missiyası yerinə yetirən subyektlər isə bu prosesə susqunluq göstərməklə dəstək verir, saxtakarlığın bir hissəsinə çevrilirdilər. Yəni əminliklə deyə bilərik ki, Azərbaycanın on illər ərzində üzləşdiyi beynəlxalq hüquq pozuntularının təməlində dayanan əsas amillərdən biri uzun dövr ərzində ölkəmizin reallıqların manipulyasiyası ilə üz-üzə qalması olub", - deyə o əlavə edib .

Deputat qeyd edib ki, antiterror əməliyyatlarından sonrakı dövrdə heç bir real hüquqi bazisə əsaslanmayan qərəz və böhtandan ibarət hücum dalğaları, əslində, qlobal informasiya mühitinin hələ də istənilən an qeyri-sağlam məqsədlərə xidmət edə biləcək qədər oynaq bağa malik olduğunu göstərdi. Eləcə də COP29 ərəfəsində Azərbaycan qazıntı yanacağı ölkəsi olmaqda, habelə öz ərazisini işğaldan azad etməkdə, beynəlxalq hüquqla tanınan torpaqlarında suveren haqlarını təmin edərək separatizmə son qoymaqda günahlandırılırdı. 

Prezident İlham Əliyevin də III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ifadə etdiyi kimi, həmin vaxt Qərbin aparıcı mediasında hər gün Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücum xarakterli ən azı 7-10 məqalə çıxırdı. Prezident Trampın saxta xəbər adlandırdığı "Washington Post", "New York Times", "Newsweek", yaxud Fransanın "Le Monde" və "Figaro" kimi mətbuat orqanlarının bu utancverici kampaniyalarının, təbii ki, səbəbi bəlli idi. Dövlətimizin başçısının da Xankəndidən ifadə etdiyi kimi, birinci səbəb erməni lobbisinin ayaq alması idi, ikincisi isə Qərbdə bəzi dairələrin Azərbaycanın həddindən artıq müstəqil siyasət aparmasını, təlimatlara qulaq asmamasını, məsləhətlərə məhəl qoymamasını və istədiyini etməsini qəbul edə bilməməsi idi.

B.Məhərrəmov bildirib ki, Prezidentin çoxşaxəli xarakter daşıyan və milli konsepsiyaya - Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini tam şəkildə bərqərar etməsi sonrakı dövrlərdə bu prosesin ikili standartlara əsaslanan riyakar gedişatını dəyişərək ciddi dönüşə səbəb olub: "Xüsusən cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında əldə olunan böyük zəfərlərin ardınca qlobal miqyasda yeni güc mərkəzi kimi tanınan Azərbaycan artıq hesablaşılan beynəlxalq subyekt kimi önə çıxmağa başladı. Möhtərəm cənab Prezidentin çoxvektorlu siyasətinin nəticəsi olaraq Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyəti, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, habelə COP29-a sədrliyimiz və evsahibliyimiz dönəmində konstruktiv mühit yaradaraq karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə edilməsi, iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard dollardan 300 milyard dollara qədər artırılması kimi ciddi nəticələrə nail olunması qlobal miqyasda nüfuzumuzu artırmaqla bizə milli maraqlarımızı qüdrətli və reallıq yaradan dövlət olaraq müdafiə etmək üçün geniş imkanlar açdı. Eyni zamanda uzun illər ərzində Azərbaycanın haqq səsini boğmağa, yaxud regionda özünün təcavüzkar maraqlarına münaqişələrin davamlılığı fonunda baxmağı arzulayan qlobal subyektlərin reallıqlarla barışmağa məcbur edilməsi proseslərdə istiqaməti tamamilə dəyişdi".

Deputat deyib ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı dönəmində həmin ərazilərin məruz qaldığı erməni vandallığı barədə beynəlxalq ictimaiyyəti əyani şəkildə məlumatlandırmaq müşkül məsələ idi. Xüsusən prosesə vasitəçi kimi cəlb olunmuş beynəlxalq subyektlərin özlərinin ikili standartlardan çıxış etdiyi bir situasiyada vicdanlı, qərəzsiz yanaşma gözləmək sadəlövhlük olardı. Lakin təəssüf doğuran haldır ki, Azərbaycanın öz əzəli və beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad etməsindən sonra da özünü "beynəlxalq ictimaiyyət" elan edən ayrı-ayrı Qərb subyektləri hələ də ölkəmizin haqq səsini eşitməyə, o cümlədən reallıqlarla bağlı ədalətli fikir söyləməyə nəinki tələsmir, üstəlik, beynəlxalq hüququn aliliyinin təmin olunması və dezinformasiya mühitinə zərbə vurulmasından məmnun görünmür. "Eyni zamanda əvvəlki dövrlərdə Ermənistanın işğalında ehtiva olunan status-kvonun davamlılığını təmin etmək məqsədilə sülh və təhlükəsizlik barədə davamlı şəkildə tezislər irəli sürən Qərb indiki məqamda sülh və sabitlik qarşısında Fransa və digər beynəlxalq subyektlərin timsalında əngələ çevrilməkdədir. Görünən odur ki, əslində, işğal və təcavüz, o cümlədən Azərbaycanın qarşılaşdığı digər beynəlxalq hüquqa və ədalətə zidd situasiya bölgədə qeyri-sağlam maraqlar güdən ayrı-ayrı qlobal subyektlərin istəkləri ilə üst-üstə düşürmüş. Əlbəttə, ötən dövr ərzində müşahidə olunan və bu gün də, təəssüf ki, davam edən informasiya manipulyasiyaları və yanlış narrativlər yalnız ayrı-ayrı qlobal subyektlərin maraqlarında ehtiva olunmur. Burada həmçinin dünyanın müxtəlif dövlətlərində erməni diasporunun səfərbər olması, erməni vəsaitləri hesabına siyasətə gələn və siyasətdə nüfuz qazanan ayrı-ayrı siyasətçilərin, konqresmenlərin və senatorların fəaliyyəti, habelə məqsədli niyyətlərə alət olan, o cümlədən erməni milyarderlər tərəfindən dəstəklənən media subyektləri və media nümayəndələrinin bu istiqamətdə fəaliyyəti də görməzdən gəlinməməlidir. Prezidentin III Şuşa Qlobal Media Forumundakı çıxışında da dolayısı ilə ifadə etdiyi kimi, məhz bu amillər Azərbaycana qarşı hücumların edilməsində, yanlış narrativlərin formalaşmasında, Azərbaycanın reallıqdan çox uzaq bir şəkildə təqdim olunmasında mühüm rol oynayıb", - deyə o əlavə edib.

Siyasətçi xatırladıb ki, Prezident hələ 2023-cü il iyun ayının 20-də Çinin "China Media Group" şirkətinə müsahibəsində bu reallıqları və Qərbdə bəzi dairələrin ikiüzlü davranışlarını geniş formada ifşa etmişdi. Həqiqətən də, bu gün bir daha şahidlik edirik ki, beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə və ümumbəşəri dəyərlərə zidd formada yayılan natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar şəklində servis edilən bütün dezinformasiyalar faktiki olaraq həmin dairələrdən qaynaqlanır və digər "önəmli" beynəlxalq təsisatlar da məhz bu qeyri-dəqiq və manipulyativ informasiyalara məmnuniyyətlə istinad edərək proseslərin, daha dəqiq desək, yanlış və məqsədli məlumatların daha geniş areala yayılmasına səbəb olurdu. Reallıqlar fonunda zamanın Azərbaycanın lehinə işləməsi barədə tezisləri təsadüfən hallandırmırıq. Doğrudan da, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs ölkəmizi qlobal miqyasda güc kimi təsdiqlədikcə, Azərbaycanla daha çox hesablaşıldıqca anti-Azərbaycan dairələr də reallıqlara daha açıq gözlə baxmağa məcbur olur. Əslində, Azərbaycana münasibətdə xüsusi yanaşmaya ehtiyac yoxdur. Bakı dünya mediasında Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılmasının tərəfdarıdır.

Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, belə bir situasiyada 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin - media peşəkarlarının, fikir formalaşdıran media rəhbərlərinin və dünyanın müxtəlif yerlərindən gəlmiş müstəqil jurnalistlərin Xankəndidə Azərbaycanın səsinə səs verməsi özlüyündə geosiyasi mahiyyət daşıyan tarixi qələbə sayılmalıdır: "Xankəndidə təşkil olunan III Şuşa Qlobal Media Forumu ilk növbədə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi"nə həsr olunsa da, birmənalı şəkildə mediada çağırışlar və imkanlar qarşısında müqavimətin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına birmənalı şəkildə təsir edəcək. Bu məqsədlərə doğru addımların məhz Xankəndidən atılması özlüyündə ciddi hadisədir, çünki cəmi 2 il əvvələ qədər Xankəndi regionda sülh və sabitlik qarşısında təhdid kimi çıxış edən əsas mərkəzlərdən biri və 30 ildən artıq bir müddətdə möhkəmlənmiş separatizm ocağının episentri idi. Əvvəldə də qeyd etdiyimiz kimi, imperializmin muzdlu əsgərinə çevrilmiş çoxsaylı "tanınmış media qurumları" nəinki bu reallıqları görmək istəmir, əksinə, Azərbaycanın özünü müttəhimə çevirməyi arzulayan davamlı və dayanıqlı kampaniyalar aparırdılar. Lakin cənab İlham Əliyevin yaratdığı geosiyasi konfiqurasiya bu gün dünya mediasının üzdə olan simalarını məhz Xankəndidə toplayaraq bizim səsimizin elə Xankəndidən eşidilməsinə nail olmaqla Vətən müharibəsi və antiterror tədbirlərindəki qələbəmizin yalnız torpaqların işğaldan azad edilməsi və separatizmə son qoyulması ilə çərçivələnən bir zəfər olmadığını göstərdi. Xüsusən dövlətimizin başçısının açıq, sərt və qətiyyətli formada, beynəlxalq hüququ rəhbər tutaraq milli maraqlarımızı müdafiə etməsi regionda reallıq diktə edən orta güc obrazını birmənalı şəkildə təsdiq edə bildi. Ümumilikdə Xankəndidəki korrekt bəyanatlar Prezident İlham Əliyevin növbəti triumfu hesab edilə bilər".

Ə.QABİLQIZI,

"Azərbaycan"

1Sources