EN

150 yaşlı yolun şərəfi və məsuliyyəti

Azərbaycan milli mətbuatı xalqımızın milli kimliyinin, ictimai düşüncəsinin və azadlıq mübarizəsinin bələdçisi kimi 150 illik şərəfli və çətin bir yol keçmişdir. Bu yolun təməli 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşrə başladığı "Əkinçi" qəzeti ilə qoyulmuşdur.

Zərdabi "Əkinçi"nin əsas məqsədini belə ifadə edirdi: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin." O, cəhalətə, geriliyə, dini fanatizmə qarşı mübarizə apararaq maarif və elmin xalq üçün əsas nicat yolu olduğunu dönə-dönə vurğulamışdır: "Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur."

"Əkinçi" qəzetinin nəşrinə icazə almaq üçün Həsən bəy böyük əzmkarlıq göstərmiş, çar Rusiyasının ruslaşdırma siyasəti və mürtəce din xadimlərinin təzyiqlərinə baxmayaraq, məqsədinə nail olmuşdur. Onun yazdığına görə, Tiflis qubernatorunun gürcü əsilli həyat yoldaşının vasitəçiliyi ilə qəzetin kənd təsərrüfatı yönümlü təqdim edilməsi, nəşrə icazə alınmasını asanlaşdırmışdır.

Zərdabinin ideyaları yalnız "Əkinçi" ilə məhdudlaşmadı. Onun milli mətbuat haqda söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyur: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun... xalq öz dərdini, xahişini orada görsün."

"Əkinçi" maarifçilik missiyası ilə yanaşı, milli dilin qorunması, təhsilin yayılması, savadlı cəmiyyətin qurulması kimi mühüm ideyaların daşıyıcısı oldu. Cəmi iki il fəaliyyət göstərərək 56 nömrəsi işıq üzü görsə də, Azərbaycan mətbuatının banisi, ictimai fikrin əsas tribunasına çevrildi. "Əkinçi"nin ardınca "Ziya", "Kaspi", "Füyuzat", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Azərbaycan" kimi maarifçi və ictimai nəşrlər meydana çıxdı və bu yolun davamçılarına çevrildilər.

Milli mətbuatın formalaşmasında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi böyük şəxsiyyətlərin mühüm rolu olmuşdur. Onlar yalnız mətbuat işçiləri deyil, azadlıq ideyalarının daşıyıcıları, milli özünüdərk və mədəni intibahın ilhamvericiləri idilər.

XX əsrin əvvəllərində mətbuat milli oyanışın güclü tribunasına çevrildi. Xalq maariflənir, savadlanır, azadlıq uğrunda mücadiləyə qoşulurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də milli mətbuat ictimai fikrin formalaşmasında və dövlətçilik ideyalarının yayılmasında önəmli rol oynadı.

1990-cı illərin əvvəllərində informasiya boşluğu və siyasi sabitsizlik şəraitində milli mətbuat yenidən xalqın səsinə çevrildi. Bu dövrdə mətbuat həm azad sözün daşıyıcısı, həm də milli maraqların qoruyucusu funksiyasını yerinə yetirdi.

Azərbaycan mətbuatı üçün dönüş nöqtəsi 1993-cü ildən başlamışdır. Sonrakı illər  Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə senzura ləğv olunmuş, söz və məlumat azadlığı təmin edilmiş, media subyektlərinin fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradılmış, mətbuatın inkişafına dövlət dəstəyi proqramları həyata keçirilməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyev mətbuatı cəmiyyətin ön dəstəsi adlandıraraq, onun milli maraqların müdafiəsindəki rolunu xüsusi qeyd edirdi. Həmin siyasi xətt bu gün Prezident 

İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Media sahəsində institusional islahatlar aparılır, MEDİA Agentliyi vasitəsilə media subyektlərinə maddi və texnoloji dəstək göstərilir, jurnalistlərin rifahı diqqət mərkəzində saxlanılır.

Nəticədə Azərbaycan mediası öz gücünü təkcə sülh dövründə deyil, müharibə illərində də sübut etmişdir. İkinci Qarabağ müharibəsi zamanı jurnalistlər informasiya cəbhəsində ön sıralarda yer aldı, haqq səsimizin dünyaya çatdırılmasında, düşmən təbliğatına qarşı mübarizədə Prezidentin yaxın köməkçiləri oldular. Onlar əsgərlərimizin qəhrəmanlığını, xalqın birliyini və dövlətin haqq mübarizəsini tarixə yazan mübariz qələm sahiblərinə çevrildilər. İnformasiya savaşının əsgərləri oldular.

Müasir dövrdə medianın qarşısında yeni çağırışlar dayanır: rəqəmsallaşma, süni intellektin tətbiqi, sosial media təsirləri, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə. Bu çağırışlara cavab olaraq Şuşada keçirilən Qlobal Media forumları yeni regional və beynəlxalq əməkdaşlıq platformalarının əsasını qoydu. Bu təşəbbüslər Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində qlobal səviyyədə də məsuliyyətli oyunçuya çevrildiyini nümayiş etdirir. İnformasiya savaşının Ali Baş Komandanı  İlham Əliyev bu sahədə də liderliyi ilə yaradıcı və istiqamətverici missiyasını ləyaqətlə yerinə yetirir.

150 illik tarixi olan Azərbaycan mətbuatı bu gün artıq sadəcə informasiya daşıyıcısı deyil. O, milli kimliyin qoruyucusu, dövlətçilik ideologiyasının təbliğatçısı, ictimai nəzarətin mühüm alətidir. Media xalqla dövlət arasında körpü, milli maraqların tribunası, həqiqətin carçısıdır.

Mehriban VƏLİYEVA,

Milli Məclisin deputatı

1Sources