EN

Ağdam dirçəlir: Azərbaycanın ən çiçəklənən şəhərlərindən birinə çevrilir - ÖZƏL

"Mən keçmişlə bağlı ağır ifadələrin işlədilməsinin tərəfdarı deyiləm. Azərbaycan həqiqətən də o ağır illəri arxada qoyub. Biz bundan sonra ümumiyyətlə məğlubiyyətlər haqqında danışmamalıyıq. Çünki biz alnımızın ağı, qolumuzun gücü, şəhidlərimizin qanı-canı və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etmişik. Bu torpaqlardan biri də Ağdamdır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Ağdamın azadlığı faktiki olaraq bir güllə atılmadan gerçəkləşib. Digər cəbhələrdə darmadağın edilən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu və bu sənədə əsasən Ağdamdan müharibəsiz, sülh yolu ilə çəkilməyi öhdəsinə götürdü.

Mən Ağdamda bir neçə dəfə olmuşam. Ümumilikdə rayon ərazisində, xüsusilə də Ağdam şəhərində dağıntıların miqyasını öz gözlərimlə görmüşəm. İşğal altında olmayan hissə illər ərzində qurulub, abadlaşdırılıb, bu öz yerində. Amma Ağdamın böyük bir hissəsi - şəhərin özü - Ermənistanın işğalı altında idi. İşğalın bitməsindən az sonra, 2020-ci il noyabrın 20-də Ağdam Azərbaycana qaytarıldı və mən 2021-ci ilin martında orada oldum. Oranı görəndə bir daha anladım ki, biz necə bir düşmənlə üz-üzəymişik. Şəhər tamamilə yerlə-yeksan edilmişdi, sağlam bir bina belə qalmamışdı, küçələr dağıdılmış, hətta normal təbiət mənzərəsi belə görünməyən bir mənzərə kimi hökm sürürdü.

Amma bu gün Azərbaycan dövləti həmin torpaqları azad etdikdən cəmi beş ildən də az müddət ərzində Ağdam da daxil olmaqla bütün bölgədə geniş miqyaslı bərpa və quruculuq işləri aparır. Artıq Ağdam özünü bir mərkəz kimi göstərməyə başlayıb. Şəhərdə yüksək səviyyəli tədbirlər keçirilir və bu tədbirlərdən birində mən də iştirak etmişəm. Ağdam dirçəlir, yenilənir, sıfırdan yenidən qurulur. Azərbaycan dövləti bu qısa müddətdə bütün dünyaya göstərir ki, Ağdamın əsl sahibi kimdir.

Xarici qonaqlar da bölgəyə gələndə ermənilərin törətdiyi dağıntıları və bizim bu torpaqlarda yaratdıqlarımızı görüb anlayırlar ki, bu torpağın əsl sahibi bizik - azərbaycanlılar. Ağdam, Qarabağın ən böyük mərkəzlərindən biri kimi yenidən inşa olunur və yaxın bir neçə il ərzində Azərbaycanın ən çiçəklənmiş şəhərlərindən biri olacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
66
olaylar.az

1Sources