EN

"Sülhə ümidlər hələlik yoxdur: Ukrayna-Rusiya danışıqlarında irəliləyiş gözlənilmir" -  "Responsible Statecraft"

"Ziddiyyətli mövqelər danışıqları dalana dirəyir..."

Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında yaxın zamanda ciddi irəliləyiş gözlənilmir.

Moderator.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" nəşrində dərc olunan məqalədə deyilir.

Beynəlxalq siyasət şərhçisi İen Praudun təhlilinə görə, problemin əsas səbəbi Ukrayna və Qərbin kompromisdən uzaq, birtərəfli mövqeyidir. ABŞ və Avropa Rusiyaya təzyiq göstərsə də, eyni tələbləri Ukrayna rəhbərliyindən istəmir.

Sülh istəyirik, amma necə?

Ukrayna prezidenti Vladimir Zelenski son açıqlamalarında növbəti danışıqlar raundunda "mütləq atəşkəs əldə edilməlidir" desə də, reallıq bu çağırışın gerçəkləşməsindən uzaqdır. Mövcud şəraitə baxdıqda, müharibənin 2026-cı ilə qədər davam etməsi ehtimalı güclüdür. 

Zelenskinin eyni zamanda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi çağırışı Avropa İttifaqı tərəfindən qismən cavablandırılıb: iyulda 18-ci sanksiya paketi qəbul edilib. Yeni qaydalara əsasən, Rusiya neftinin satış qiyməti dünya bazarından 15 faiz aşağı müəyyən olunub. Lakin bu tədbirlərin real təsiri ABŞ-ın oxşar addım atmaması səbəbindən məhduddur.

Vaxt daralır, siyasi teatr davam edir

ABŞ prezidenti Donald Tramp Rusiyaya ultimatum verib: 2 sentyabra qədər sülh sazişi imzalanmazsa, Rusiyanın əsas ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq ediləcək. Bu təzyiq fonunda avqustun siyasi fəallıq baxımından zəif keçməsi, istirahət mövsümünün diplomatlar və liderlər arasında fəaliyyətləri yavaşlatması danışıqlarda ciddi dönüşü qeyri-mümkün edir.

Zelenskinin Putinlə birbaşa görüş istəyi isə daha çox rəmzi xarakter daşıyır. Mayda İstanbulda keçirilən danışıqlarda da bənzər vəziyyət yaşanıb: Zelenski əvvəlcə şəxsi görüş təklif edib, amma real sənəd və razılaşma təməli olmadan Putindən cavab almayıb. Nəticədə danışıqlar rəmzi xarakter daşıyıb və nəticəsiz başa çatıb. Bu dəfə də Rusiya tərəfi eyni səbəblərlə Zelenski ilə birbaşa görüşü rədd edib. Kremlin nümayəndəsi Dmitri Peskov bildirib: "Əvvəlcə praktiki məsələlərdə irəliləyiş lazımdır ki, yüksək səviyyəli görüş ümumiyyətlə gündəmə gəlsin".

Danışıqların gündəliyi və çıxılmaz məqamlar

Ukrayna tərəfi yeni danışıqlarda üç əsas məsələyə diqqət yetirmək niyyətindədir: əsir mübadiləsi, deportasiya olunmuş ukraynalı uşaqların qaytarılması və Zelenski ilə Putin arasında birbaşa görüş. Lakin bu mövzular Kreml üçün əsas prioritet hesab edilmir. Rusiya üçün önəmli olan məsələlər Ukraynanın NATO-ya üzvlük ambisiyası, ərazi məsələləri və müharibədən sonrakı hərbi balans barədə müzakirələr isə gündəlikdə yoxdur. Bu da Moskvada danışıqlara ciddi yanaşma ehtimalını aşağı salır.

Sanksiyalarla sülh olmaz

Praudun fikrincə, əgər real diplomatik irəliləyiş müşahidə olunmasa, növbəti sanksiyalar paketi Putinə təsir etməyəcək. "Məsələ təkcə təzyiqdə deyil. Sülh üçün hər iki tərəf qarşılıqlı güzəştə hazır olmalıdır. Hazırkı vəziyyətdə isə yalnız Rusiyadan geri çəkilmə tələb olunur, Ukraynadan isə heç nə tələb edilmir, - o, qeyd edir. Zelenskinin sülh çağırışlarının əsl məqsədinin Qərb dəstəyini saxlamaq, yeni maliyyə və silah yardımlarını təmin etmək olduğu vurğulanır. Bu kontekstdə sülh təşəbbüsləri daha çox ictimaiyyət və sponsorlar üçün nəzərdə tutulmuş siyasi nümayiş kimi qiymətləndirilir.

Gözləntiləri azaltmaq lazımdır

Ukraynanın keçmiş baş naziri Denis Şmıqal NATO Təmas Qrupunun son iclasında Ukraynaya əlavə 6 milyard dollar vəsait ayrılmasını xahiş edib və tərəfdaşları 2026-cı il üçün büdcə planlamasına indi başlamağa çağırıb. Bu da onu göstərir ki, rəsmi Kiyev yaxın illərdə müharibənin bitəcəyinə o qədər də inanmır. İen Praudun qənaətinə görə, əgər kimsə Ukraynada yaxın zamanda sülh olacağına həqiqətən inanırsa, bu ümidləri təxirə salmalıdır. "Mən şəxsən inanıram ki, bu münaqişə 2025-ci ildə də davam edəcək", - o, qeyd edib.

Chosen
71
moderator.az

1Sources