İsrailin Azərbaycandakı səfiri Corc Dik Cənubi Qafqazda sülhün bərqərar olacağına ümidvardır.
O, bu barədə Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra "X" hesabında yazıb.
"XİN əməkdaşlarına son altı il ərzində əməkdaşlıq, etimad və dostluğa görə dərin minnətdarlığımı bildirirəm. Buradan gedərkən özümlə təkcə xatirələr deyil, həm də ümid aparıram – bu, münasibətlərimizin inkişaf edəcəyinə və Yaxın Şərqdə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün zəfər çalacağına olan ümiddir", - səfir yazıb.
İki ölkə arasında münasibətlərin yaxşılaşmasından danışan səfir Azərbaycanın İsraildə səfirliyinin açılmasının əhəmiyyətini vurğulayıb və bunu tərəfdaşlığın artan dərinliyini əks etdirən tarixi addım adlandırıb.
"İsrailin Azərbaycandakı səfiri Corc Dikin səmimi və diplomatik yüklü vida mesajı, iki ölkə arasındakı strateji tərəfdaşlığın səviyyəsini bir daha göz önünə sərir. Altı il ərzində regional və qlobal miqyasda baş verən mühüm proseslərin fonunda səfir Dik Bakıda təkcə bir diplomatik nümayəndə kimi deyil, etimad körpüləri quran mühüm fiqur kimi fəaliyyət göstərib. Onun Cənubi Qafqazda və Yaxın Şərqdə sülhə dair verdiyi mesaj regionda mürəkkəb münasibətlər fonunda çox dəyərli bir çağırış kimi səslənir. Bu, sadəcə xoş söz deyil – həm də Azərbaycanın artan geosiyasi çəkisinə yönəlmiş etirafdır" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Azərbaycanın İsraildə səfirlik açması ikitərəfli münasibətlərin yalnız təhlükəsizlik və enerji sahəsində deyil, həm də diplomatik dərinlik baxımından yeni mərhələyə keçdiyini göstərdi. Bu addım Azərbaycanın balanslı və çoxtərəfli diplomatiyasının bariz nümunəsidir. Səfir Corc Dik bu proseslərdə mühüm rol oynayaraq iki ölkə arasında inam mühitinin formalaşmasında önəmli vasitəçi olub. Onun verdiyi mesajdan görünür ki, bu münasibətlərin ruhunda şəxsi səmimiyyət və qarşılıqlı anlayış da az rol oynamayıb.
Səfirin "xatirələr və ümid" ifadəsi diplomatiyanın həm rəsmi, həm də insani tərəfini önə çəkir. Azərbaycan üçün bu, bir səfirin gedişi yox, uğurlu diplomatik mərhələnin başa çatması kimi dəyərləndirilə bilər. Corc Dik dövründə Azərbaycan-İsrail münasibətləri həm texnoloji, həm təhlükəsizlik, həm də siyasi istiqamətlərdə genişlənib. Bu, İsrailin Azərbaycana verdiyi dəyərin və Bakının regionda etibarlı tərəfdaş imicinin göstəricisidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi gözlənilir. Bu əlaqələr, sadəcə qarşılıqlı maraqlardan ibarət deyil, həm də ortaq strateji baxışları əhatə edir. Cənubi Qafqazda sülhün bərqərar olması ümidi elə Azərbaycanın da əsas hədəflərindən biridir. Və bu ümidi paylaşan diplomatlar bölgəyə sülhü gətirəcək həqiqi tərəfdaşlardır".