UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Şelburn"a qarşı ilk oyununa çıxıb və 3:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. 53 yaşlı mütəxəssis İrlandiyadakı qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Dünən də demişdim ki, rəqib bu meydanda bizə istənilən an gərginlik yarada bilər. Bu gün bunun şahidi olduq. 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bunu yaddan çıxarıb, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Az sayda azarkeşlərimiz gəlmişdi. Bizi dəstəklədikləri üçün hər birinə təşəkkür edirəm”.
Baş məşqçi cavab qarşılaşmasına da eyni ciddiyyətlə hazırlaşacaqlarını söyləyib: “Cütün taleyinin həll edildiyini qətiyyən düşünmürəm. “Şelburn” məğlub olmağı xoşlamayan, meydanda nə etdiyini bilən kollektivdir. Bəlkə də, bizə uyğun olmayan sürətdə çıxış edirdi. Amma müdafiəçilərimiz rəqibin hücumçularına imkan vermirdilər. Bakıdakı matçda bugünkündən daha diqqətli olmalıyıq. Bu, bizim cari mövsümdə ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq”.
Qeyd edək ki, "Şelburn"a qarşı cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.