Ajans.az mehrnews-a istinadən xəbər verir ki, İran 2025-ci il iyulun 25-də, cümə günü peykini Rusiyanın "Soyuz" raketi ilə kosmosa göndərəcək. Buraxılış İran vaxtı ilə saat 09:54-də Rusiyanın Uzaq Şərqində yerləşən Vostoçnı kosmodromundan həyata keçiriləcək. "Soyuz" daşıyıcı raketi əsasən iki peyki – İonosphere-M №3 və №4-ü, eləcə də 18 kiçik yükü (peyk və cihazları) daşıyacaq. Bu missiya Rusiyanın Yer ətrafı orbitə elmi, tədqiqat və kommersiya məqsədli peykləri buraxmaq üçün həyata keçirdiyi çoxpeykli buraxılış proqramının bir hissəsidir. "Soyuz" raketi iyulun 22-də Vostoçnı kosmodromunun 1-S buraxılış meydançasına yerləşdirilib və missiyaya hazırlıq işləri aparılıb. Raketin gövdəsinə İranın Kosmik Agentliyi və İran Kosmik Tədqiqatlar Mərkəzinin loqotipləri vurulub. Rusiya rəsmiləri kiçik peyklər haqqında — onların hansı ölkəyə aid olduğu və konkret missiyaları ilə bağlı — heç bir məlumat açıqlamayıblar.