EN

Tailandla Kamboca arasında qarşıdurma - Ölənlər var

Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hər iki tərəf bir-birini aqressiyanı başlatmaqda ittiham edib.

Qarşıdurmalar zamanı Tailand tərəfdən biri yeniyetmə, biri səkkiz yaşlı uşaq olmaqla 11 mülki şəxs həlak olub. Bundan əlavə, rəsmi məlumatlara əsasən, bir hərbçi də həyatını itirib.

Tailand hakimiyyəti daha əvvəl Kamboca ordusunu mülki obyektləri, o cümlədən xəstəxanaları atəşə tutmaqda ittiham etmişdi.

Toqquşmalar gecə saatlarında qədim Ta Moan Thom məbədi yaxınlığında baş verib. Bu məbəd Tailand ərazisində yerləşsə də, ətrafındakı bəzi ərazilər Kamboca tərəfindən mübahisələndirilir.

Hazırda iki ölkə arasındakı sərhəddə döyüşlər davam edir. Tailand Müdafiə Nazirliyindən bildirilib ki, sərhəd boyunca azı 6 nöqtədə qarşıdurmalar davam edir.

Tailand hakimiyyəti Kamboca ilə sərhəd boyunca yerləşən dörd vilayətin – Surin, Buriram, Sisaket və Ubonraçatxani sakinlərinin təxliyə edilməsinə qərar verib. Həmçinin Kamboca ilə sərhədin bağlandığını elan edib. Ölkənin Pnompendəki səfirliyi Tailand vətəndaşlarını Kambocanı tərk etməyə, səfər etməyi planlaşdıranları isə səfərlərini təxirə salmağa çağırıb.

Tailand ordusu bildirir ki, atəşi Ta Moan Thom məbədi yaxınlığında ilk olaraq Kamboca əsgərləri açıb. Lakin Kamboca Müdafiə Nazirliyi bunun əksini iddia edərək əsgərlərin özlərini müdafiə məqsədilə hərəkət etdiklərini və Tailand tərəfindən açılan atəşə cavab verdiklərini açıqlayıb.

Kamboca, həmçinin Tailandı ağır silahlardan istifadə etməkdə və öz ərazisinə hava zərbəsi endirməkdə ittiham edib. Ölkə hakimiyyəti Tailandın hərəkətlərini BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Tailand rəsmi olaraq altı ədəd F-16 qırıcı təyyarəsinin sərhəd zonasındakı hərbi hədəflərə zərbələr endirdiyini təsdiqləyib. Kamboca MN isə bildirir ki, zərbələr təkcə hərbi obyektlərə deyil, həm də mülki infrastruktura yönəlib.

Qeyd edək ki, son aylar iki ölkə arasında gərginlik daha da artıb. Münaqişənin dərinləşməsi fonunda Kamboca Tailanddan meyvə-tərəvəz idxalını qadağan edib. İki ölkə arasındakı sərhəddə bir çox keçid məntəqəsinin fəaliyyəti ya dayandırılıb, ya da məhdudlaşdırılıb.

Tailand və Kamboca artıq 100 ildən çoxdur ki, Preahvihea və Ta Moan Thom adlı qədim məbəd komplekslərinin ərazi mənsubiyyətini mübahisələndirir. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 60 il əvvəl Preahvihea məbədinin Kambocaya məxsus olduğunu qərara alsa da, bu bölgədə toqquşmalar zaman-zaman davam edir.

Chosen
34
9
qafqazinfo.az

10Sources