Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bununla bağlı onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, 87 yaşlı Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 23-ü saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.
***
Xanəndənin yaxınları “Teleqraf”a bildiriblər ki, səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.
“Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır”, - A.Babayevin yaxınları söyləyib.