EN

ABŞ-də “TikTok” bağlana bilər

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Çinin texnologiya şirkəti “ByteDance” “TikTok”-dakı ABŞ əməliyyatları sistemini satmağa razılıq vermədiyi təqdirdə, tətbiqin ölkədə tamamilə qadağan ediləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp administrasiyası Çin tərəfinə “TikTok”-un satışı ilə bağlı bir neçə alıcı namizədi və razılaşma təklifi təqdim edib, lakin Çin və “ByteDance” hələlik bu təkliflərə təsdiq verməyib.

ABŞ Ticarət Naziri Hovard Lutnik “CNBC” telekanalına verdiyi açıqlamada bildirib ki, əgər satışla bağlı irəliləyiş əldə olunmasa, “TikTok”-un ABŞ-də fəaliyyətinə son veriləcək.Tramp son aylarda “ByteDance” ilə ABŞ mərkəzli investorlar arasında satış razılaşmasının əldə olunması üçün vasitəçilik etmişdi.

Lakin ABŞ tərəfi yalnız mülkiyyətin ötürülməsini deyil, həm də “TikTok”-un alqoritminə çıxış və nəzarət hüququnu tələb edir. Bu çərçivədə ABŞ-nin “TikTok”-un ən azı 50 faizinə sahib olması, qalan payların isə Çin və “ByteDance” arasında bölüşdürülməsi planlaşdırılır.

Lakin texnologiya xəbər saytı “ArsTechnica” “ByteDance”-in alqoritmi paylaşmaq fikrinə müsbət yanaşmadığını bildirib. Trampın təklif etdiyi alıcıların kimliyi ictimaiyyətə açıqlanmayıb, həmçinin Çin hökuməti və “ByteDance”-in bu şəxsləri araşdırdığı və ya qərara gəldiyinə dair rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, yanvarda “TikTok”-un satış prosesi üçün müəyyən edilən son tarix bitmiş, lakin satış baş tutmadığı üçün tətbiq qısa müddətlik ABŞ-də oflayn olmuşdu. Bunun ardından Tramp satış müddətini yenidən uzatmışdı. İyun ayında verilən üçüncü əlavə müddət isə “TikTok”-un ABŞ-dəki fəaliyyətinin tamamilə dayandırılmasının qarşısını almaq üçün verilmişdi. Tramp həmin dövrdə “TikTok”-u almaq istəyən “çox zəngin” bir investor qrupunun olduğunu iddia etmiş, lakin Çin tərəfinin razılığı alınmadığı üçün bu addım həyata keçirilməmişdi.

Chosen
122
50
cebheinfo.az

10Sources