EN

Yaponiyanın cənub-qərbində bir ayda 2 mindən çox zəlzələ qeydə alınıb

Bakı, 25 iyul, AZƏRTAC

Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında 34 gün ərzində müxtəlif maqnitudalı 2209 zəlzələ qeydə alınıb. AZƏRTAC bu barədə yapon mediasına istinadla xəbər verir.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Kaqosima prefekturasına aid olan arxipelaq bir aydan çoxdur ki, zəlzələlərə məruz qalır. Belə ki, iyunun 21-dən iyulun 24-dək ərazidə maqnitudası 1-6 arasında dəyişən 2209 yeraltı təkan baş verib. Ərazidə baş verən zəlzələlər nəticəsində ölənlər, yaralananlar və dağıntılar barədə məlumat verilməyib.

JMA açıqlamasında bölgədəki güclü tayfunların adalarda torpağın boşalmasına səbəb ola biləcəyini bildirib və sürüşmə riski ilə bağlı əhalini ehtiyatlı olmağa çağırıb.

NHK dövlət televiziyasının məlumatına görə, JMA sözçüsü Kiyomoto Şinçi bildirib ki, ərazidə seysmik aktivlik zəifləyir, lakin yer qabığının hərəkəti qeydə alınır. O əlavə edib ki, zəlzələlərin qəfil artması riski var və gələcəklə bağlı proqnoz vermək hələ tezdir.

Yaponiyanın 160 kilometr ərazini əhatə edən Tokara arxipelaqında 2023-cü ilin sentyabrında 346, 2021-ci ilin dekabrında isə 308 zəlzələ baş verib. Sahəsi 100 kvadrat kilometr olan və 7 əsas adadan ibarət bu arxipelaqda iyun ayına olan məlumata görə, 379 ev var və 670-ə yaxın insan yaşayır.

Chosen
14
azertag.az

1Sources